Maska arxasındakı üz...

Maska arxasındakı üz...
Oxunma sayı: 1588

Xuraman Hüseynzadə

Yox, biz öləcəyimizi təsəvvür eləmirdik. Ölüm haqda söhbət belə gedə bilməzdi. Qulaqlara qurğuşun! Heç Təyyarədə də deyildik...

Bir fakültədə oxuyurduq onunla. Günün yarısını auditoriyalarda keçirirdik. Nə kinoya, teatra gedə bilirdik, nə də kafeyə, restorana. Adicə şəhər gəzintisinə belə, pulumuz olmurdu. Oxşar tələbə həyatı...

G. bu xoş əzablara dözə bilmədi. Birinci kursun ikinci semestri başlayar-başlamaz topuqdan olan ətəyini bir qarışa çatdırdı. Bu proses o qədər sürətlə getdi ki, uzaq məsafə qət edib universitetə gəlmiş atası, öz qızını tanımadı. Getdikcə tamam tanınmaz oldu G...

Tələbə yoldaşlarımın bəzisi ilə ara-sıra görüşürük. O boyda tələbəlik illərmiz, maraqlı hadisələr qalır kənarda, hamı G.-ni xatırlayır...

Oktyabrın 1-də yenə görüşdük. G.-ni gördüyünü dedi biri. Yanında bir kişi varmış. Keçmiş səhvlərinə görə özünü danıb G. xanım... Əlində tutduğu gün eynəyini tez gözlərinə taxıb. Deyib ki, siz səhv salırsız. Mən başqasıyam. Amma o imiş. Dəqiq o imiş.

Qoldinqin “Milçəklər kralı”ndakı Cek də üzünü rəngləyəndən sonra bütün səlahiyyətlərini maskasına verir. Utancaqlığı və abır-həyanı bir tərəfə ataraq maskanın arxasında gizlənir...

***

Kristian Menetrye İngiltərədə baş vermis bir qəzanı xatırlayır: Qaz partlayışında uçan şaxtada on iki qazmaçı salamat qalır. Amma onlar da ölüm təhlükəsi ilə üz-üzədi. Öləcəklərini bildikləri üçün gizli işlərini etiraf edirlər. Fikirləşirlər ki, onsuz da ölürük, qoy ürəyimizi boşaldaq. Gözlənilmədən xilas edilirlər. Bu hadisədən sonra qazmaçılar bir daha üz-üzə gəlmək istəmir. Sirləri açıldığı üçün onlar bir-birindən uzaq qaçır. “Maskalar yenidən taxılmış, cəmiyyət xilas edilmişdi”-yazır Andre Morua.

Tufan başlayır. Təyyarə ağacların üstünə düşür. Ölüm anı yaxınlaşır. Jizel, qubernator ərinin gözü qarşısında gənc podpolkovinkə sarılır. Onu sevdini deyir. Öpür onu... Son anda xilas olurlar. Aradan zaman keçir. Jizel həmin podpolkovnik haqda danışır: “…Döyüşdə həlak olub. Çox təəssüf, yaxşı gələcəyi vardı. Ərim onu çox istəyirdi.”

Yazıçı, “Tufan” hekayəsini bu sözlərlə bitirir: “Maska sifətə elə möhkəm bağlanmışdı ki, lap qaynayıb qarışmışdı. Jizel, əhvalatdan xəbərdar olduğumu unutmuşdu.”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi