Maskasını çıxararkən başı qopanlar

maskasini-cixararken-basi-qopanlar
Oxunma sayı: 1542

Fərid Hüseyn

Çexovun bəzi hekayələrindəki süjetlər ədəbi mühitimizdəki durumlara oxşayır. Di başlayaq...

Çexovun “Yaylaqçılar” hekayəsinin süjetini xatırlayaq: Təzə evlənmiş ər-arvad platformada gözəl təbiətə baxıb xoşbəxtliklərindən danışırlar. Birdən qatardan arzuolunmaz qonaqlar - oğlanın dayısı və ailə üzvləri düşüb onları qucaqlayır. Vaxtsız qonaqları görən Saşa “təsəvvürünə gətirdi ki, budur, ər-arvad evlərinin üç otağını, balışlarını, adyallarını qonaqlara verirlər, balıq və evdəki ovduq bir andaca yeyilib qurtarır, dayıuşaqları gül-çiçəkləri qırırlar, mürəkkəbi dağıdırlar, çığır-bağır salırlar, xala bütün günü xəstəliyindən... danışır...” “...Qonaqlar acıqlı, ümidsizlik yağan sir-sifətini görməsinlər deyə, Saşa üzünü yana çevirdi, səsinə şən, xoş ifadə verərək dedi: – “Xoş gəlmisiniz! Xoş gəlmisiniz, əziz qonaqlar!”.

Bu hekayədəki Saşa obrazının qonaqpərvərliyi mənə bəzi yazıçıların, şairlərin bütün kitablarından məqalə yazmağa məhkum olan tənqidçiləri, söz adamlarını xatırladır. O tənqidçilər həmin əsərlərin əsl qiymətini yaxşı bilirlər. Sadəcə əsər yazılan kimi o saat öz məqalələri ilə (üzünü yana çevirən əlacsız Saşanın qonaqpərvərliyi ilə) “xoşgəldin” edirlər.

***

Çexovun “Maska” hekayəsinin süjetini xatırlayaq: Qiraətxanada beş adam qəzet oxuyur. Bu vaxt baldan çıxan maskalı bir adam içəri girib deyir ki, qəzetləri yığışdırın, onsuz da ağıllısız, gözünüz xarab olar, kəsəsi qiraətxananı meyxanəyə çevirir. “Ziyalılar” polis çağırırlar, qiraətxananın rəhbəri Yevstrakt Spiridoniç bu özbaşnalığa görə hövsələdən çıxır. Maskalı adam nəhayət mübarək üzünü göstərir: yerli miloner, fabrikant, nəslən möhtərəm Pyatiqanov. Sonra “ziyalıların” üzü açılır, maskası yırtılır və başlayırlar “quyruq bulamağa”, milyonçu evə gedənəcən yaltaqlanırlar, axırda isə ziyalı Jestyakov sevinclə deyir:

“– Ayrılanda mənim əlimi sıxdı. Demək, işlər yaxşıdır, qəzəblənməmişdir...
Yevstrat Spiridoniç köksünü ötürdü:
– Allah eləsin! Rəzil, alçaq adamdır, ancaq xeyir verəndir!.. Onu acıqlandırmaq olmaz!..”

Eyni situsiyanı bizim ədəbi mühitlə əlaqələndirək: Bu gün belə “ziyalı”lar, yazıçılar az deyil. Bəzi sənət adamlarının, ziyalının “qədirşünası” bəzi savadsız, yaxud sənətin mahiyyətindən xəbərsiz, yaxud mənəviyyatı dəyər-dəyməzə satılmış müdafiəçilərdir. Onların stollarından qəzetlər yığışdırıldı, yemək-içmək düzüldü, bəzi ziyalılar, qələm adamlarısa “daxilən sərxoş” müdafiəçiləri dinləməli və təqdir eləməli oldular, eynən Çexovun “Maska” hekayəsindəki kimi... Eyni zamanda onları nə qədər alçaltsalar da, əzsələr də, onlardan min cür istifadə edilsə də axırda hamısının bir narahatlığı olur: “görəsən bizdən incimədi ki, görəsən narazı deyil ki?”.

P.S. Əgər bu dəfə iksir tapılsa, hökmən qızılı misə çevirəcəklər...