Maviləşmək, erməniləşmək, ağbirçəklərlə nikah bağlamaq

mavilesmek-ermenilesmek-agbirceklerle-nikah-baglamaq
Oxunma sayı: 796

Azər Qismət

Həmişəlik yaşamaq üçün Avropaya üz tutanların sifəti dəyişir. Güman etmək olardı ki, bu yalnız millətimizin ora gedən bəzi nümayəndələrində baş verir. Belə deyilmiş. “Avropa elə məkandır ki, sifətini dəyişməlisən” düşünənlərin yanlışlığı var. Ora gedəndə sifətini yox, yaşam tərzini yerli adətlərə uyğun qurmalısan. Etik qaydalara əməl edilməli, qanunvericiliyə riayət olunmalıdır. Yoxsa, daha maşından portağal qabığı, eyvandan zibil atmaq, evdə qışqırıb-bağırmaq, qapını döyüb qonaq çağırmaq, bayram vaxtı bişirdiyin xörəkdən aparmaq, həyətdə stol qurub nərd daşını nərdtaxtaya çırpmaq kimi adətlər ora üçün deyil. Oranın özünün mental dəyərləri var. Heç kim məcbur etmir ki, onlar kimi olasan. Sadəcə, gərək xoşlamadıqlarını etməyəsən. 

Avropada yaşamaq üçün min oyundan çıxılır. Bu da daimi yaşayışa görə vətəndaşlıq almaq üçün sərt qanunvericilikdən irəli gəlir. Evin sahibi bilməyə çalışır ki, onun ölkəsinə gələn qonaq isti aşına soyuq su qatmayacaq ki?! Gecələr sakit yatanda hansısa evdə kustar bomba hazırlanıb ona sürpriz bəxş edilməyəcək ki? Yolda gedəndə gözlərini marıtlayıb “ay səni dovşan yesin” kimi gic-gic atmacalar atılmayacaq ki? Bunu heç kim istəmir. Biz də istəmirik ki, tikintilərdə çalışan filippinlilər, hamam kisəsi, milçək dərmanı satan çinlilər və başqa miqrantlar bizə problem yaratmasınlar. Avropa kimi biz də miqrantlara qucaq açıb tam təhlükəsiz qaydamızı taleyin ümidinə buraxmırıq. Qoca qitə kimi biz də yaxşı alimlər, yaxşı həkimlər gözləyirik. Avropada da miqrantlara tətbiq edilən sərt qanunlar ixtisas sahiblərinin qarşısında yumşalır. Ölkələr yaxşı həkim, alim, mədəniyyət işçisini görmək istəyir. Əlbəttə, mədəniyyət beşiyi Avropanın özünün sənətkar və mütəxəssisləri kifayət qədərdir. Sadəcə, əlavə sənətkardan heç kim imtina etməz. 

Söylədiyim kimi Avropada yaşamaq üçün min üsula əl atılır. Kimisi mitinq zamanı polisi söyüb onun tərəfdən qandallanmasını təşkil edib fotosunu çəkdirir, kimisi cinsiyyət söhbətinə görə ölkədə sıxışdırıldığını əsas gətirir, kimisi internet vasitəsilə qoca arvada sevgi mesajları yazıb dərdindən dəli-divanə olduğunu izhar edir ki, evlənib vətəndaşlığı alsın. Əlbəttə, oranın qocaları da əfəl deyil, lakin tora düşənlər tapılır. Bəli, avropalıların heç də hamısı əfəl deyil.  Yeri gəlmişkən, 2000-ci illərin əvvəllərində 29 nəfər sakinimiz Niderlandda yaşamaq üçün müraciət etmişdi. Hamısı da abır-həyadan əlini üzüb bildirmişdi ki, mavidirlər və Azərbaycan ictimaiyyəti arasında üzlərinə baxılmır, təhqirə məruz qalırlar. Onlar gümanlarında tutmuşdular ki, Niderland polisi qapıları üzlərinə taybatay açıb “xoş gəlmisiz bacılar” deyəcəklər. Belə olmadı. Polislər onları tibbi yoxlamadan keçirdilər. Məlum oldu ki, həmyerlilərimizin 9-u mavi, 20-si bığıburma kişidir.

Yaxud, qitədə yaşayan həmyerlilərimizdən eşitdiyimiz məlumatlara görə bəziləri orada adlarını dəyişib erməniləşirlər. Bir sözlə, müsəlman ümməti ilə hərəkət etməyə qorxurlar. Əgər bütün bunlar Yaxın Şərqdən axın edən miqrantların vaxtına düşsəydi, başa düşmək olardı ki, müsəlmanlığı boyuna almaq ksenofobiya ucbatından yaranır. Yeri gəlmişkən, indi Avropada miqrantların kütləvi şəkildə xristianlaşması prosesi gedir. Çünki xristianlığı qəbul etmiş şəxslərin təhlükəsizliyini kilsə öz boynuna götürür. Sağ qalmaq istəyirsənsə İsa Məsihin xilaskar olduğunu deməlisən. Hətta kilsə onlara əl boyda kağız da verir ki, bu adamlara toxunmayın, onlar xristiandır. İnanmaq çətindir ki, onların hamısı xristianlığı ürəklə qəbul etsin. Həyatla ölüm arasında qalanlardan hər şey gözləmək olar. Necə deyərlər, ac adamın imanı olmaz.

Ancaq bir məsələ aydındır ki, qitədə vicdan azadlığı məsələsində balans xristianlığın xeyrinə dəyişir. Görünür, bir güllə ilə 2 dovşan vurulur. Həm ucuz işçi qüvvəsinə nail olunur, həm də müsəlmanlar başqa dini qəbul edib balans dəyişikliyinə yol açırlar. Açıqlanan statistikaya əsasən təkcə 2016-cı ildə 900 mindən artıq müsəlman miqrant Avropada məskunlaşıb. Ucuz işçi qüvvəsinin artımı Avropa İttifaqına daxil olan ölkələrin rəhbərliyinin siyasəti olsa da, sadə adamlar gəlmələrə nifrətlə baxır. Çünki qitə sakinlərinin nifrəti təkcə İslamofobiya ilə bağlı deyil, onların özü də işsizliklə üzləşir. İttfaq ölkələrinin bəzilərində seçkilər keçirildiyindən, səs toplamaq üçün miqrantlar əleyhinə şüarlar səsləndirilir. Belə çıxışların elektorata hesablandığı aydın məsələdir. Nəticədə miqrantların qaldığı məkanlara od vurulur. Əslində, Cenevrə konvensiyasına əsasən Avriopanın bütün ölkələri qaçğınların hüquqlarını qorumağa borcludur. Qorumamağın dərdindən Türkiyəyə axın edən Yaxın Şərq zavallılarını qaçqın, özlərinə gələnləri isə miqrant adlandırırlar. 

Elə ona görə də indi mitinqlərdə ağzı polis tərəfindən yumulan formada şəkil çəkdirib səfirliklərə ayaq döyməyə ehtiyac yoxdur. Sizi də miqrantlara qatıb döyəcəklər. Hələlik gözləyin. O vaxtacan ağıla xeyli ideya gələcək: maviləşmək, erməniləşmək, ağbirçək qadınlarla nikah bağlamağa çalışmaq, ölkəsində təhqirə məruz qalmaqdan savayı da nəsə düşünmək mümkündür. Bir az səbrli olun, görək 2017-ci ildə dünya nizamı nə göstərəcək.