MDB-nin iştirakçı dövlətlərinin gömrük nümayəndələrinin iclası keçirilib - Foto

mdb-nin-istirakci-dovletlerinin-gomruk-numayendelerinin-iclasi-kecirilib
Oxunma sayı: 679

Mayın 23-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə MDB üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətləri hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətləri hüquq-mühafizə bölmələrinin rəhbərləri, MDB üzv dövlətlərin Terrorizmə Qarşı Mübarizə Mərkəzi, Mütəşəkkil Cinayətkarlığa və Digər Təhlükəli Cinayət Növlərinə Qarşı Mübarizənin Əlaqələndirilməsi Bürosu və MDB sərhəd qoşunlarına rəhbərlik edən Şuranın əlaqələndirmə xidmətinin nümayəndələri iştirak ediblər.

İclasın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev çıxış edərək MDB üzv dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin (GXRŞ HMBBK) iclasının 4-cü dəfə Azərbaycanda keçirilməsinə görə Şura rəhbərliyinə təşəkkürünü bildirib. Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycan Gömrük Xidməti gömrük işinin hüquq-mühafizə sahəsinə xüsusi diqqət göstərir və bu sahədə regional və beynəlxalq əməkdaşlığa böyük önəm verir.

Sonra iclasda çıxış edən Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Oleq Qubaydulin iclasın səmərəli keçirilməsi üçün yaradılan şəraitə, diqqət və qayğıya görə Azərbaycan hökumətinə, eləcə də Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Oleq Qubaydulinin sədrliyi ilə keçirilən iclasın gündəliyinə əsasən, öncə GXRŞ HMBBK-nın fəaliyyət strategiyasının reallaşdırılması ilə bağlı vəziyyət barədə iclas sədrinin məlumatı dinlənilib.

Daha sonra Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı “Gömrük sahəsində cinayət və hüquqpozmaların qarşısının alınması işinin təşkili üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təcrübəsi” mövzusunda təqdimatla çıxış edib.
Sonra digər iştirakçı ölkələrin nümayəndələrinin çıxışları dinlənilib, iclasın gündəliyindəki məsələlər müzakirə olunub.