“Məcburi köçkünlər təxribatçı hərəkətlərə yol verir”

mecburi-kockunler-texribatci-hereketlere-yol-verir
Oxunma sayı: 645

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dünən BDU-nun yataqxanasında məskunlaşan məcburi köçkünlərin aksiyası ilə bağlı məlumat yayıb.

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Bakı Dövlət Universitetinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yeni salınmış məhəlləyə köçürülməsi həyata keçirilir:

“Artıq bu günədək 270 ailənin yeni məhəlləyə köçürülməsi təmin edilib və bu proses davam etdirilir.
Lakin son günlər bəzi müxalifət qəzetlərində bu köçürülmə prosesi ilə bağlı həqiqətə söykənməyən, heç bir əsası olmayan, qərəzli yazılar dərj edilir.

Bildiririk ki, məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi tam şəffaf, obyektiv şəraitdə, məcburi köçkünlərin özlərinin bilavasitə iştirakı ilə həyata keçirilir. Belə ki, bu məqsədlə Yasamal Rayon İcra Hakimiyyətinin, Bakı Dövlət Universitetinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin, məjburi köçkün icmalarının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarət xüsusi komissiya yaradılmışdır. Binaların və mənzillərin paylanılması həmin komissiya tərəfindən püşkatma yolu ilə həyata keçirilir.

Otaqların sayı ailələrin say tərkibinə uyğun olaraq müəyyənləşdirilir. Köçürülmə prosesi 2009-2010-ju illərdə Bakı Dövlət Universitetinin yataqxanalarında faktiki müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin tərtib olunmuş siyahıları əsasında və yeni ailə qurmuş gənc ailələr və yeni anadan olmuş uşaqlar da nəzərə alınmaqla həyata keçirilir.
Ancaq köçürülmə zamanı köçürülmə obyektində yaşamayan, yerli vətəndaşlarla ailə quraraq köçürülmə ərəfəsində nikahlarını süni şəkildə ləğv etmiş şəxslər, digər ərazilərdə müvəqqəti məskunlaşmış, lakin son vaxtlar mənzil əldə etmək məqsədi ilə yataqxanalarda yaşayan qohumlarının yanına gələn məcburi köçkünlər mənzillə təmin edilmələrini tələb edir, əsassız olaraq müxtəlif şayiələr yayır, təxribatçı hərəkətlərə yol verirlər.

Belə vəziyyətdən isə bəzi müxalifət qüvvələri öz məqsədləri üçün istifadə etməyə, dövlətin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi genişmiqyaslı tədbirlərə kölgə salmağa cəhd göstərirlər.

Bütün bunlardan sonra bu cür yazı müəllifləri bir həqiqəti dərk etməlidirlər ki, ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün məsələlər Azərbaycan hökumətinin gündəlik nəzarəti altında olduğundan və bu sahədəki işlər sistemli şəkildə həyata keçirildiyindən burada heç bir neqativ hala yol verilmir və yol verilə bilməz. Ona görə də
bu cür yazı müəllifləri şər-böhtana yox, yalnız reallığa əsaslanmalıdırlar.

Bir daha bildiririk ki, bu cür təxribatçı, şər-böhtan xarakterli yazıların heç bir əsası yoxdur”.