Mədə dərdi, lavaş tədarükü

mede-derdi-lavas-tedaruku
Oxunma sayı: 699

Dünən səhər çörək dalınca mağazaya getmişdim. Yaxında təndir lavaşı satırlar. İstədim lavaş alam. Çörəkçi xanıma pulu uzadıb bir büküm lavaş istədim. Xanım hazır lavaşın olmadığını dedi. Necə yəni, yanımda xeyli lavaş çörək vardı. Xanım “o lavaşın pulu verilib, 21-nə bişirmişik” dedi. Məni gülmək tutdu, xaladan güya onun nəyi nəzərdə tutduğunu bilməmiş kimi soruşdum:“21-nə çox var ay xala, bu gün bilirsiz ayın neçəsidir?” O, isə “deyəsən sənin dünyadan xəbərin yoxdu? Hamı 21-i dünyaya nə isə olacaq deyə qorxuya düşüb, hazırlaşır, lavaş alır, elə bizim də işimiz bu ara yaman ağırlaşıb. Çoxlu sifarişimiz var. Bir neçə lavaş bişirən nöqtəmiz var, orada işləyənlər də daha çox lavaş bişirməklə məşğuldurlar.” Səbir etməyib soruşdum: “Ay xala, bəs özünüz evə aparmısız?” “Çoxdan, uşaqlarımın da ailələri var, artıq onlar da tədarüklərini görüb, ən rahatı elə budu. Deyirlər, qaranlıq olacaq, qaz, işıq olmayacaq heç olmazsa, sulayıb lavaş yeyərik də, ac qalmarıq”.

Başa düşdüm ki, camaat kor-koranə eşitdikləri “dünya dağılacaq, qiyamət qopacaq” kimi proqnozuna azdan-çoxdan inanır. Ən maraqlısı isə odur ki, əvvəl “qaranlıq” olacaq deyə, mağazada şam qoymayan adamlar, indi də konserv, hazır yemək, lavaşdan alıb qabaqcadan evinə doldurur. Mənə isə bu heç də təəccüblü gəlmir. Heç fikirləşən yoxdur ki, ay balam 21 dekabrda təbiət qanununa görə, qış fəsli təşrif buyurur. Deməli, bizim də əsil və klassik qış dərdlərimiz start götürür. Yenə işıq, qaz, su problemlərimiz. Əslində, “21 dekabr”a tədarük görənlərin aldığı heç nəyi israf olmayacaq. Bundan heç narahat olmasınlar.

Bir məqamı da sizinlə bölüşüm. Nüfuzlu yerli banklardan birində işləyən yaxınımın dediyinə görə, hər gün bankdan pulunu çıxarmaq məqsədiylə müraciət edən əmanətçilər olur. Onların demək olar ki, hamısı həmin dekabr günü qorxusundan bunu edir. Hər halda müraciətlərdə bu açıq-aydın şərh edilməsə də, təxmin etmək olar. Rusiyada yaşayan xalam hələ bir ay əvvəl orada da bank əmanətçilərinin pullarını geri almaq uğrunda çalışdıqlarını demişdi. Amma bir sual yaranır, mədənin dərdini çəkməyi, açından ölməməyi, qaranlıqda qalmamağı başa düşdük, bəs həmin gün bu pullar hara xərclənəcək. Yəqin, bank oğrularından ehtiyyat edirlər. Bəs pulu harada gizlədəcəklər?
Deyirəm, bütün işini kənara qoyub şam düzəltmək reseptini axtaran bizimkilər, nə əcəb məsələn, Rusiyada olan xüsusi mağazadan açmırlar. Yəqin, bilirsiz də bu mağazalarda “21 dekabra hazırlıq” məqsədiylə səbətlər satılır. Səbətin içindədə ki, yaşamaq üçün lazım olan yeməli, içməli məhsullar var. İnanıram ki, bu mağazanı açmaq ideyası olanları olub. Sadəcə, o işbazlar belə mağazanı açmaq üçün ürək etməyiblər. Mağaza açmaq açan deyil axı. Ən yaxşısı “palaza bürün, ellə sürün” məsələsinə əməl etməkdir.
Bir də maraqlı olan bir məsələ də var. Axı insanlar “çətin gün” deyib, özlərini də pis əməllərdən çəkindirmirlər. Yenə də hamı bir-birinin qanını qaraldır, kimsə kiminsə qanını içir, haqsızlıq edir. Keşkə “bu gün”ə inananların xasiyyəti bir az dəyişmiş olsaydı, bu onda qiyamət yox, qənimət olardı.

Deyirəm, “həmin gün” birdən “doğru” olsa mənim kimi inanmayanların halı nə olacaq? Görəsən borca şam, lavaş verən olacaqmı?