Mədətovu yaralayanların məhkəməsi başladı

medetovu-yaralayanlarin-mehkemesi-basladi
Oxunma sayı: 2732

Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova xəsarət yetirməkdə və əməliyyat üzrə rəis müavini, polis zabiti Orxan Axundzadəni güllələyib öldürməyə cəhddə təqsirləndirilən dəstə üzvləri - Kazım Abbasov, Ramal Ağayev, Məhəmməd İsmayılov və Emin Həsənovun məhkəməsi başlayıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Naxçıvanda anadan olan, ali təhsilli R.Ağayev evlidir, himayəsində 2 azyaşlı övladı var. 

Naxçıvanda anadan olan orta təhsilli, subay M.İsmayıl əvvəllər xuliqanlıqda ittiham edilərək məhkum olunub. 

Ordubad rayonunda anadan olan ali təhsilli K.Abbasov subay olduğunu bildirib. 

Naxçıvanda anadan olan E.Həsənov evlidir, himayəsində azyaşlı uşaqları var. "Baghlan Group" şirkətində mühafizəçisi işləyib. 

Zərərçəkmiş kimi tanınan 6 nəfər prosesdə iştirak etməyib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. 

Proses mayın 2-də davam etdiriləcək. 

Qeyd edək ki, M.Mədətovla dəstə üzvləri arasındakı insidentə səbəb söyüş olub. 

Adı çəkilən şəxslər Müşfiq Mədətovla bir məclisdə olublar. Həmin məclisdə onlarla Mədətov arasında münaqişə baş verib. Daha sonra tərəflər görüşmək qərarına gəliblər. Görüş zamanı qarşı tərəf bıçağın tiyəsi ilə Müşfiqin başına 3-4 dəfə zərbə vurub.

Onları saxlamaq üçün gedən polis polkovniki Orxan Abdullazadəyə isə atəş açıb yaralarayaq hadisə yerindən qaçıblar. 

Onlar saxlanıldıqdan sonra ifadələrində bildiriblər ki, polisləri Müşfiqin adamları zənn ediblər: “Əgər polis olduqlarını bilsəydik atəş açmazdıq".

Qeyd edək ki, Orxan Axundzadəni güllələyən şəxslərin olduğu  90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı maşın "Hafka" ləqəbli Hafiz Məmmədovun ortağı Azad Abdullayevin oğlu Rüfətə məxsusdur. Maşını etibarnamə ilə idarə edən Emin Həsənov isə “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşıdır. 

Murad Əhməd