“Həbsdə yenə də xeyli jurnalist var. Mediaya qarşı diffamasiya iddia və şikayətlərinin qaldırılmasında intensivlik müşahidə olunur. Son 6 ayda jurnalistlərə qarşı fiziki, psixoloji basqılar, hədələmələr də səngiməyib. Yarımildə teleradio düzənlənməsi sahəsində ciddi dəyişikliklər baş verməyib. Nə hökumət, nə də düzənləyici qurum olan Milli Televiziya və Radio Şurası bu sektorun inkişafına təkan verə bilən heç bir addım atmayıb. Bunun əvəzində yayımçılara əcnəbi serialları yayımlamaq yasaqlanıb. MTRŞ həmçinin yayımçıların proqram siyasətinə ciddi müdaxilə sayıla biləcək qərar qəbul edib. Teleyayımçılara qeyri rəsmi olaraq izdivac (evlənmə) proqramlarını hazılayıb-yaymaq yasağı qoyulub.
Son yarımilin ən qabarıq tendensiyası ifadə azadlığı ilə sıx əlaqəli qanunların dəyişdirilməsi olub. Bu dəyişikliklərin əksəriyyəti məhdudlaşdırıcı məzmunda olub. Ölkə Parlamenti öncə “İnformasiya əldə etmək haqqında” qanuna məhdudlaşdırıcı məzmunlu əlavələr edib. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara mürtəce məzmunlu dəyişikliklər edilib” .
Hesabatda qeyd olunur ki, hökuməti, hökumətdəki ayrı-ayrı siyasi qrupları, nazirləri, müxtəlif vəzifəli məmurları sərt tənqid edən qəzetə qarşı ən azı 11 məhkəmə işi davam edir. Qəzetdən tələb olunan təzminatın ümumi məbləği milyonlarla manatla ölçülür.
Hesabatda mediaya qarşı çıxarılan məhkəmə qərarlarının ədalətli olmadığı, heç bir qərarın Avropa Məhkəməsi təcrübəsinə söykənmədiyi vurğulanır.
Günay Babazadə