“Mediada kriminal hadisələrin işiqlandırılması” mövzusunda tədbir keçirildi

mediada-kriminal-hadiselerin-isiqlandirilmasi-movzusunda-tedbir-kecirildi
Oxunma sayı: 911

Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, tədbirdə MŞ sədri Əflatun Amaşov, Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsinin müavini Vüqar Əliyev və media rəhbərləri iştirak edib.

Amaşov deyib ki, mediada yayımlanan müxtəlif söz və ifadələr üzrə araşdırma aparılıb: "Mediada ən çox hallanan ifadələr belə idi, 1-ci yerdə Fədayə Laçın, 2-ci yerdə Dağlıq Qarabağ, 3-cü yerdə "qoca" ləqəbli avtoritet, 4-cü yerdə Bakı-Tbilisi-Qars qatarı oldu. Bu, Azərbaycan mətbuatının mənzərəsidir. Bu dediklərimiz daha çox xəbər portallarına aid idi. Rəsmi media orqanlarında əsasən rəsmi açıqlamalar verilib. 

Kriminal hadisələr mediada ictimailəşdirildikcə cəmiyyətə təsiri də artır. Dayanmadan kriminal xəbərlər verilən ölkədə cinayətlərin sayı, sosial gərginlik artır. Cinayətkarların təbliğ olunması ilə yeniyetmələrin hüquqi proseslərə qoşulması əngəllənir, ən qorxulusu odur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən obrazında görülür. İnformasiyalar şişirdilir, ictimaiyyətdə qorxu, xof yaradılır. Biz nəyə görə cinayətkarları qəhrəmanlaşdırıq?"

Vüqar Əliyev çıxış edərək bildirib ki, məlumat azadlığı ilə dövlətin, cəmiyyətin maraqları balanslaşdırılmaldır:

"Azərbaycanda söz və mətbuat azadlığı təmin edilib. Jurnalistlər kənar təsir olmadan istədikləri mövzuları seçib müzakirəyə çıxarırlar. Bəzi hallarda internet media dövlət və ictimai maraqları unudur. Nəticələri nəzərə almayaraq yanlış məlumatlar verilir. 2014-cü ildə atəşkəs rejimi pozulması zamanı mediada ziyanlı məlumatlar yayımlanmasına görə müşavirə keçirildi və prezident tərəfindən müvafiq sərəncam verildi. 

Son iki həftə Azərbaycanın və qlobal dünyanın gündəmində çox ciddi hadisələr baş verdi. Bakı-Tbilis-Qars xətti qlobal miqyaslı layihə reallaşdı, Azərbaycan və İran prezidentlərinin görüşü keçirildi, cənab İlham Əliyev region dövlətlərinin rəhbərləri ilə qarşılıqlı görüşlər keçirdi. Bütün bu xəbərlər müzakirə olundu, yüksək qiymətləndirildi. Lakin internet media kriminal mövzu üzərində fokuslaşaraq əhəmiyyət kəsb etməyən məlumatları cəmiyyətə təqdim etdi. Cinayətkarı qəhrəmanlaşdırmaq nə qədər düzgündür? Gənclər bundan nə qazanacaq?

Biz anlayırıq ki, mediada ciddi rəqabət var, reytinqi yüksəltmək istəyirlər. Amma cinayətkarı təbliğ etməklə reytinq qaldırmaq olarmı? Media bunu düşündümü? Bu məsələdə pozitiv xəbərlərə üstünlük verilməlidir. Yaxşı hadisələr yoxdur? Vətən uğrunda şəhid olanlar, imkansızlara əl tutanlar haqda məlumat vermək olmaz? Qlobal iqtisadi layihələr haqda yazmaq daha düzgün olmazdımı? Unutmamalıyıq ki, biz müharibə aparan ölkəyik. Media cəmiyyət, dövlət və vətəndaşlar qarşısında məsuliyyət daşıdığını unutmamalıdır".

***

Ə.Amaşov deyib ki, bu gündən etibarən mövzu ilə bağlı monitorinq aparılacaq: "Nəticələrdən biləcəyik ki, media bu tədbirdən hansı qənaətə gəlib".

Murad Əhməd