“Məhəbbət oynunun biz iki əfəl, fitə basılmalı ifaçısıyıq...”

mehebbet-oynunun-biz-iki-efel-fite-basilmali-ifacisiyiq
Oxunma sayı: 750









Unuda bilmirəm

Unuda bilmirəm... Sevə bilmirəm...
Sənsiz darıxıram,
Sənlə tənhayam,
Belə anlaşılmaz,
Belə barışmaz
Duyğular əlində qalıbdır yaxam.

Unuda bilmirəm... Sevə bilmirəm...
Sizin qapınıza,
Sizin küçəyə,
Ayaq özü çəkir,
Gələ bilmirəm...
Bu niyə belədir, hələ bilmirəm...

Unuda bilmirəm... Sevə bilmirəm...
Bu sirrin cavabın
Belə bilmirəm.
Yaş elə yaşdır ki,
Bu gizli dərdi
Bir kəsə danışa, bölə bilmirəm.

Unuda bilmirəm... Sevə bilmirəm...
Ağlaya bilmirəm,
Gülə bilmirəm,
Bu sənli dünyada,
Sənsiz dünyada
Yaşaya bilmirəm, ölə bilmirəm...

dekabr, 1972

Qayıda biləydim!

Nə xoşbəxt imişəm bir zaman, Allah!
Əli Kərim


Qoşulub rüzgara, əsən yellərə,
Qayıda bilsəydim sənli illərə!
O incə tellərə, zərif əllərə,
Nə dərdim olardı, nə qəmim, Allah.

O gözlər ulduzum, günəşlərimmiş,
Gözümün işığı gülüşlərinmiş,
Dərdimin dərmanı öpüşlərinmiş,
Nə xoşbəxt imişəm, bir zaman, Allah!.

Gəlirəm, nə vaxtdır, yol sənə sarı,
Gəlirsən, nə vaxtdır, yol mənə sarı,
Üzü daş döşənmiş hasar ayrılıq...
Kəsir yolumuzu, kəsir ayrılıq!

Biz niyə görüşdük, niyə ayrıldıq?..

Bu oyun köhnədir bu dünya kimi

Bu oyun köhnədir, bu dünya kimi,
Onun öz sınanmış qanunları var,
Nə sənin iradın, nə mənim hökmüm,
Bu oynu çətin ki, yenidən qurar...

... İndi sən bilirsən nə deyəcəksən,
Mən də cavabını əzbər bilirəm,
Sonra ah çəkəcək, “kövrələcəksən”,
Mən isə deyəcəm: Gülüm, ölürəm!..

Dilin yox deyəcək, gözlərinsə hə!
(Bu yerdə iztirab çəkməliyəm mən).
Sonra dodağından uçan qəhqəhə.
Guya şad edəcək məni ürəkdən.

Yaxşı oynayırsan, vallah, nə deyim,
Elə, az bilmirəm mənim özüm də...
...Mən sənin gözündə bir yüngülbeyin,
Sənsə macərasan mənim gözümdə.

Quruluş, mizanı əzəldən gözəl,
Bu qədim səhnədə biz də bir sayıq,
Məhəbbət oynunun biz iki əfəl,
Fitə basılmalı ifaçısıyıq...

1986

“Səni qoyub getdiyim”...

Səni qoyub getdiyim,
Əlçatmaz, uzaq yerdə
Qayıdıb səni haçan,
Görəcəyəm mən bir də?!.

Məndən ötrü darıxıb,
Tez-tez yada salırsan,
Bəzən də lap karıxıb
Yaddan xəbər alırsan.

Hara çatır əlacın...
Tənhalıq yoldaşındır,
Gecələr - cicin-bacın,
Yastığın sirdaşındır.

Divar gəlir üstünə,
Sıxır səni dar mənzil.
Gözün-tavan arası
Məsafə neçə mənzil.

Əzbərindir tavanın,
Naxışında kölgələr,
Künclərində - qovduğun
O şübhələr, bəlkələr.

Telefonun, qapının,
Zənginə səksənirsən.
Yatağıda dikəlib
Gəzirsən bir hənir sən.

Sonra yenə sübhədək,
Səksəkəli bir yuxu, -
Yuxu deyil özünlə
Sual-cavabdır çoxu!

Ağaran hər sabahı
Dirigözül açırsan.
Nə güzgü çəkir səni,
Nə eyvana qaçırsan.

...Yatağında ilan tək
Qıvrılmış o mələfə,
Tavandakı qarmağa
Çəkir səni hər dəfə.

may, 1991