Məhkəmə çempionun evini talayanlara vaxt verdi

mehkeme-cempionun-evini-talayanlara-vaxt-verdi
Oxunma sayı: 1720

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə vəkillər müdafiə çıxışı edib. 

N. İsrafilovun vəkili müvəkkilinə yüngül cəza verilməsini istəyib. 

N. Fərəcovanın anası isə dəyən ziyanın qalan qisminin ödənilməsi üçün vaxt istəyib. Məhkəmə onlara vaxt verib. Proses sentyabrın 26-da davam etdiriləcək. 

Ötən iclasda dövlət ittihamçısı Sabir Abdinov çıxış edərək N. İsrafilovun 8 il 6 ay  müddətinə, N. Fərəcovanın 5 il 6 ay il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

N. Fərəcova azadlıqda olduğu üçün prokuror hökm zamanı onun məhkəmə zalında həbs olunmasını tələb edib. 

Eyni zamanda, N. İsrafilovun 2014-cü ildə Gəncə şəhərində oğurluq etdiyi üçün məhkəmənin hökmü ilə 1500 manat cərimələndiyini, lakin həmin pulu ödəmədiyini bildirib. Bu cərimənin də ödənilməsinin hökmdə qeyd olunmasını istəyib. 

Nərgiz Fərəcovanın valideynləri F.Əzizovaya dəyən ziyanın əksər hissəsi, 53 min manat ödəyiblər. Zərərin 14 min manatı ödənilməyib.

İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Murad Əhməd