Məhkəmə Əvəz Zeynallının işinə baxdı

mehkeme-evez-zeynallinin-isine-baxdi
Oxunma sayı: 638

“Azadlıq” radiosunun məlumatına görə, vəkil Elçin Sadıqov vəsatət verib ki, Əvəz Zeynallının həbsdə saxlanmasına heç bir əsas yoxdur. O, baş redaktorun ya ev dustaqlığına buraxılmasını, ya da həbs qətimkan tədbirinin girovla əvəz olunmasını xahiş edib. Vəkil bildirib ki, Əvəz Zeynallı ilə konfidensial söhbətlər apara bilmir: “Bakı İstintaq Təcridxanasında Əvəz Zeynallı ilə görüşərkən söhbətlərimiz dinlənir, sənədlərimiz yoxlanır. Mən müvəkkilimlə görüşdən çıxarkən təcridxana rəhbərliyi onunla görüş zamanı apardığım qeydləri yoxlayır. Müvəkkilimlə konfidensial söhbətlər aparmaq üçün onun barəsindəki həbs qətimkan tədbirinin həbslə əlaqəli olmayan tədbirlə dəyişdirilməsi vacibdir”.

1 saata yaxın davam edən iclasın sonunda hakim Əvəz Zeynallı barəsindəki həbs qətimkan tədbirinin qüvvədə saxlanması barədə qərar çıxarıb.

Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Sonra daha üç nəfər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edərək Əvəz Zeynallıya rüşvət verdiyini deyib. Həmin şikayətlər əsasında Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəmənin qərarını qüvvədə saxlayıb.