Məhkəməyə gəlmədi, barəsində həbs qətimkan tədbiri seçildi

mehkemeye-gelmedi-baresinde-hebs-qetimkan-tedbiri-secildi
Oxunma sayı: 2067

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun məhkəməsi keçirilib.  "Qafqazinfo"nun məlumatına görə, hakim Mirzə Xankişiyevin icraatında olan proses yekunlaşmaq üzrədir, oktyabrın 9-da baş tutan iclasda dövlət ittihamçısı çıxış edərək R. Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında qandallanmasını tələb etmişdi.

Lakin ev dustaqlığında olan R.Hüseynov bugünkü iclasa gəlməyib, buna görə də məhkəmə onun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.

İttihama görə, R.Hüseynov "Azərbaycan Dəmiryolları" QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Digər zərərçəkən Namiq Mehdiyevə də pul “atıb”. Lakin Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.

R.Hüseynov eyni maddə ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib. 

Qeyd edək ki, təqsirləndirilən qardaşlar “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır.

Murad Əhməd