Məhkəməyə məcburi gətiriləcək - Qərar

mehkemeye-mecburi-getirilecek
Oxunma sayı: 636

Nərimanov rayon məhkəməsində keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin qohumu Rövşən Əhmədova qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Ç.Baxşıyevin vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Fuad Abdıyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh şəxs və onun vəkili Adəm Məmmədov iştirak etməyib.

Buna görə də məhkəmə R.Əhmədovun məcburi gətirilməsi barədə qərar çıxarıb. Proses mayın 24-də davam etdiriləcək.

Ç.Baxşıyev ərizəsində qeyd edib ki, R.Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. O, şərəf və ləyaqətinin alçaldığını bildirərək R.Əhmədova Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib. Həmin maddə üzrə cəzanın yuxarı həddində 3 ilədək həbs nəzərdə tutulur.

Qeyd edək ki, Ç.Baxşıyev bundan öncə R.Əhmədovu 7 kiloqram qızılını mənimsəməkdə ittiham edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədova bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

Xatırladaq ki, Rövşən Əhmədov "Qafqazinfo"nun redaksiyasına gələrək sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib.