Mehman Əhmədli Bayram Kürdəxanılıdan danışdı

mehman-ehmedli-bayram-kurdexanilidan-danisdi
Oxunma sayı: 3857


Rəsmi məlumata görə, onun üzərinə baxış keçirilərkən şəxsi istehlak miqdarından artıq tiryək aşkarlanıb. 

Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinə gətirilən Bayram Kürdəxanılı narkoman olduğunu etiraf etsə də, tiryəklə bağlı iddianı rədd edib. Həmçinin meyxanaçı 22 yaşından başlayaraq, narkotikdən istifadə etdiyini bildirib. 

Sabunçu rayon Məhkəməsi meyxanaçı Bayram Kürdəxanılı barəsində istintaq müddəti üçün 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Onun barəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanılıb.

“Qafqazinfo”nun xəbərinə görə, musavat.com-un əməkdaşı B.Kürdəxanılının həbsi ilə bağlı onun həmkarlarının fikrini öyrənib.

Meyxanaçı Mehman Əhmədli Bayram Kürdəxanılı ilə yaxın dost olduğunu dedi: “Bayram bizim həmkarımızdır. Bütün sahələrdə olduğu kimi, meyxana sahəsində də işki içən, narkotik çəkən də var, namaz qılanda... Bayrama gəlincə isə o, keyfə meyilli insan idi. Amma onun üzərindən tiryək çıxması məni də təəccübləndirdi. Biz uşaqlıqdan Bayramın meyxanalarına qulaq asmışıq. Onunla şəxsi münasibətim də çox yaxşı idi. Əgər Bayram narkotik çəkən idisə, ona bir balaca bəs edərdi. Bu barədə nəsə deyə bilmərəm. Ancaq mənim üçün müəmmalıdır ki, o boyda tiryəki niyə üstündə gəzdirirdi. Bayram özü də deyirdi ki, mən narkotikdən istifadə edirəm. Bunu biz də bilirdik. Bu adam bir var, heç nə etməyəydi, onda düşünmək olardı ki, ona şər atıblar. Məsələn məndə elə bir şey çıxarsa, hamı bilər ki, üstümə şər atılıb. Çünki mən heç siqaret də çəkmirəm. Amma Bayram bir az meyilli olduğundan adam bilmir, nə düşünsün. Ancaq o boyda ustada heyf oldu. O, 50 yaşından sonra türmədə nə edəcək. Özü də vərəm xəstədir”.

Repçi Anar Nağılbaz Bayram Kürdəxanılının həbsinə təəssüfləndiyini dedi: “Onun “yeyib içən oğlan yaman olmaz” adlı bir qafiyəsi var. Onu rep janrında birlikdə işləmişdik. Bu qafiyədə insanlara tövsiyə şəklində bildirirdik ki, təhlükəli şeylərdən uzaq olsunlar və s. Bununla əlaqədar Bayrama zəng etmişdim. Onunla telefon danışığından başqa şəxsi tanışlığım yoxdur. Onun həbsinə isə çox təəssüf edirəm. Allah qapısını açsın”.

Meyxanaçı Vüqar Əbdülov Bayram Kürdəxanılı ilə heç bir münasibətinin olmadığını dedi: “Bayramla şəxsi dostluğum, ya da gediş-gəlişim olmayıb. Buna görə də onun üzərindən tiryək tapılmağının yalan, ya gerçək olduğunu deyə bilmərəm”.

Qeyd edək ki, irəli sürülən ittihama görə Bayram Kürdəxanılını 3 ilə qədər həbs cəzası gözləyir.