Mehriban Əliyeva AXC-nin 100 illiyi ilə bağlı rəsmi ziyafətdə - Fotolar

mehriban-eliyeva-axc-nin-100-illiyi-ile-bagli-resmi-ziyafetde
Oxunma sayı: 4776

Sentyabrın 25-də Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi ziyafətdə iştirak edib.

İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra Mehriban Əliyeva tədbirdə çıxış edib.

O, qonaqları salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salıb. “Biz ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Azərbaycanda və tərəfdaş ölkələrdə geniş şəkildə qeyd olunur”, - deyən birinci vitse-prezident belə bir gecənin Azərbaycana dost olan İtaliyada, bu ölkənin paytaxtı – Romada keçirilməsindən məmnunluğunu ifadə edib.

Bu gün Azərbaycanın zəngin, qədim tarixə və mədəniyyətə malik olduğunu, Şərqlə Qərb arasında - qədim İpək Yolu üzərində yerləşdiyini deyən Mehriban Əliyeva əsrlər boyu burada müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, millətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını vurğulayıb: “Biz fəxr edirik ki, bu ənənələr bu gün də qorunub saxlanılır. Azərbaycanda multikulturalizm, dözümlülük, qarşılıqlı hörmət artıq həyat tərzidir”.

Birinci vitse-prezident bu gün ölkəmizin dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınmasının təsadüfi olmadığını, Azərbaycanda millətlərarası dialoqun qurulmasına həsr olunan bir sıra beynəlxalq tədbirlərin keçirildiyini və belə tədbirlərin BMT, UNESCO, ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini vurğulayıb.

Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərdən danışan M.Əliyeva müxtəlif sahələrdə əldə edilən uğurları qeyd edib. O, 2011-ci ildə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini, Azərbaycanın həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğunu, 2008-ci ildə Bakı şəhərində Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin görüşünün təşkil olunduğunu, bu təşəbbüsə “Bakı Prosesi” adının verildiyini bildirib. Vurğuladı ki, “Bakı Prosesi” xalqlar və millətlər arasında səmərəli dialoq qurmağa xidmət edir.

İtaliya-Azərbaycan münasibətlərindən danışan Mehriban Əliyeva bildirib ki, əlaqələrimiz strateji tərəfdaşlıq əsasında inkişaf edir, həm siyasi, həm də iqtisadi sahədə uğurlu əməkdaşlıq qurulub. Bu gün Azərbaycanda çox sağlam investisiya mühitinin mövcudluğunu bildirən Birinci vitse-prezident İtaliyanın iş adamlarını ölkəmizə dəvət edib.
Humanitar sahədəki əlaqələrə xüsusi toxunan Birinci vitse-prezident son illər Azərbaycandan İtaliyaya təhsil almaq üçün gedən tələbələrin sayının artdığını xoş hal kimi dəyərləndirib. Həm Azərbaycanda, həm də İtaliyada qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini, müxtəlif sərgilərin, konsertlərin, görüşlərin baş tutduğunu söyləyib: “Mən qeyd etmək istəyirəm ki, Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəviyə ucaldılan abidə Azərbaycan xalqı tərəfindən çox böyük hörmətlə qarşılanır və çox yüksək qiymətləndirilir”.

M.Əliyeva “Milan Ekspo” sərgisində Azərbaycan pavilyonunun ən çox ziyarət edilən pavilyonlardan biri olduğunu qeyd edərək bildirdi ki, ölkəmiz “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyini irəli sürüb.

İtaliyanın iqtisadiyyat və maliyyə naziri Covanni TRİAN ziyafətdə çıxışında maddi və mədəni zənginliyə malik Odlar Yurdu Azərbaycanın böyük təbii ehtiyatlarının olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan bu təbii ehtiyatlardan səmərəli istifadə edərək ölkənin sürətli inkişafına nail ola bilib və dünya iqtisadiyyatında mühüm rol oynayır.
Nazir “Ekspo-2025”ə Bakının namizədlik üçün seçdiyi mövzunun “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olduğunu xatırladaraq onun əhəmiyyətini vurğulayıb.
Azərbaycan-İtaliya əlaqələrindən bəhs edən Trianqeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox mühüm ölkədir. Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan sabitlik məkanıdır, qədim İpək Yolunun mərkəzindədir.

Heydər Əliyev Fondunun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələrdən danışan nazir bunlara görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. 

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair sənədli film nümayiş etdirilib.

Ziyafət Azərbaycan musiqilərindən ibarət konsert proqramı və milli mətbəximizin nümunələrinin təqdimatı ilə davam etdirilib.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi maraqla qarşılanıb.

Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol, onun yaradıcıları və qazandığı uğurlar barədə məlumat verilib. Burada, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, diplomatik uğurları, o dövrdə hərbi, mədəni, sənaye sahələrində həyata keçirilən islahatlar barədə də geniş məlumatlar yer alıb. Sərgidə, eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpası, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkəmizin qazandığı nailiyyətlərlə bağlı məlumatlar təqdim olunub.

Sərgidə Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də nümayiş etdirilib.