Mehriban Əliyeva Orsey muzeyini ziyarət etdi - Fotolar

mehriban-eliyeva-orsey-muzeyini-ziyaret-etdi
Oxunma sayı: 1151

Martın 12-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riyesterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, muzeylə tanışlıq zamanı Parisin ən yaraşıqlı binalarından olan və əvvəllər Paris-Orlean marşrutu üzrə işləyən qatarların stansiyası kimi fəaliyyət göstərən bu binanın artıq Orsey muzeyi adlandığı bildirilib.

Bildirək ki, Avropanın ən çox ziyarət edilən mədəniyyət ocaqları sırasında olan Orsey muzeyi Sena çayının sahilindədir və 1898-1900-cü illərdə inşa edilib. Paris arxitekturasının ən gözəl nümunələrindən olan bu bina 1978-ci ildən tarix-memarlıq abidəsi kimi qorunur. Ümumiyyətlə, bu muzey şöhrətinə görə Parisdə ilk üçlükdə, dünya üzrə isə 10-luqda qərarlaşıb.

Əsasən impressionist və postimpressionist kolleksiyalardan tərtib olunan muzeydə il ərzində müxtəlif tədbirlər - konsertlər, tamaşalar, dəyirmi masalar təşkil olunur. Muzeyi il ərzində 4 milyona yaxın insan ziyarət edir. Əsasən fransız və Avropa sənətkarlığına dair nadir incəsənət nümunələrinin toplandığı muzey 1848-1915-ci illərdə ərsəyə gələn heykəltəraşlıq, rəsm, mebel və fotolardan ibarət məşhur kolleksiyalara sahibdir.