Trend -in məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Mərasimdən əvvəl Mehriban xanım Əliyeva İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi xanım Marta Dassu ilə görüşdü.
Azərbaycanın birinci xanımı ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün İtaliyanın paytaxtında keçirilməsindən məmnunluğunu bildirdi. Mehriban xanım Əliyeva Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək sürətlə inkişaf etməsinin təsadüfi olmadığını diqqətə çatdırdı. Məqsədinin Azərbaycanın mədəni irsini dünyada tanıtmaq olduğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bu görüşün əlaqələrin inkişafına yeni təkan verəcəyini söylədi.
İtaliyanın Prezidenti Ciorcio Napolitano ilə görüşünü xatırlayan Mehriban xanım Əliyeva bir sıra vacib məsələlərin müzakirə edildiyini, Azərbaycan ilə İtaliyanı sıx dostluq münasibətlərinin birləşdirdiyini və əlaqələrin daha da genişlənəcəyini diqqətə çatdırdı.
Xanım Marta Dassu yeni təyin olunduğu vəzifəsində ilk görüşünü məhz Azərbaycanın birinci xanımı ilə keçirdiyindən məmnunluğunu dilə gətirdi.
"Mən hesab edirəm ki, Azərbaycan hər bir sahədə İtaliya ilə yaxın münasibətdə olmalıdır", - deyən dövlət katibi bu əlaqələrin xüsusən iqtisadi və mədəni sahələrdə genişlənməsinin zəruriliyini önə çəkdi.
Xanım M.Dassu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tərcümeyi-halı ilə tanış olduğunu diqqətə çatdırdı, onun rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğuladı.
Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Marta Dassu milli xalçalarımızın sərgisinə baxdılar. Azərbaycan xalçaçılıq məktəbinin zəngin ənənələrini əks etdirən xalçalar sərgiyə baxanlarda heyranlıq doğurdu. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri bu ərazinin əzəli Azərbaycan torpağı olduğunu bir daha sübut etdi. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaçılıq sənəti bu gün özünün qayğıkeş hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə dünyada tanınır, yeni inkişaf mərhələsinə qədəm qoyur.