Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir olundu - Fotolar

mehriban-eliyevanin-tapsirigi-ile-gencede-bu-mektebler-temir-olundu
Oxunma sayı: 3737

Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib. "Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, “Bilik günü” Gəncə şəhərində fəaliyyət göstərən Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin şagirdləri üçün ikiqat bayrama çevrilib. Çünki yeni tədris ilindən onlar təhsillərini müasir məktəb binasında davam etdirəcəklər.

Xatırladaq ki, Azərbaycaın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevral ayında Gəncə şəhərinə səfəri zamanı məktəbdə mövcud şəraitlə tanış olmuş, binada yenidənqurma işlərinin aparılmasına dair müvafiq tapşırıq vermişdi.

 1965-ci ildən istismarda olan məktəbin binasında sonuncu təmir işləri 1988-ci ildə aparılmışdı və burada əsaslı yenidənqurma işlərinə ehtiyac yaranmışdı. 640 şagird yerlik məktəbdə buna qədər 795 şagird təhsil alırdı.

Görülən işlər çərçivəsində isə məktəbin köhnə binasında əsaslı təmir işləri və mövcud ehtiyac nəzərə alınaraq 280 yerlik yeni korpusun tikintisi həyata keçirilib. Hazırda Azərbaycan və rus bölmələri üzrə fəaliyyət göstərən məktəbdə 1000 şagirdin təhsili üçün şərait yaradılıb.

Yeni məktəb binasında 51 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otağı, hərbi hazırlıq otağı, idman, akt zalları, kitabxana, müəllimlər otağı, eləcə də tibb otağı, mətbəx və yeməkxana var. Məktəb zəruri inventar və avadanlıqlarla təchiz edilib. Həmçinin ərazidə süni ot örtüklü idman meydançası inşa edilib. Məktəb daimi istilik və su sistemi ilə təchiz olunub, əraziyə asfalt örtüyü salınıb, yaşıllıq zolağı yaradılıb.

Yeni tədris ilində məktəbin kollektivi ilk təbriki də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan alıb. Birinci vitse-prezidentin təbrikləri və salamları məktəbin kollektivinə çatdırılıb.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə daha bir məktəb əsaslı təmir olunaraq yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib. Bu, Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdir.

1984-cü ildə inşa olunan məktəb binasında bu ilin may ayından əsaslı təmir işləri həyata keçirilib. 640 şagird yerlik məktəbdə zəruri avadanlıqla təchiz edilmiş 36 sinif otağı, laboratoriya, əmək, linqafon otaqları, informatika kabineti, hərbi hazırlıq kabineti, eləcə də məktəbəqədər sinif otağı fəaliyyət göstərir.

x x x

Birinci vitse-prezident Mehriban Əliyevanın fevral ayında Gəncəyə səfəri 32 saylı körpələr evi-uşaq bağçasının da həyatında bir dönüş oldu. Məhz həmin vaxt bu uşaq bağçasının yenidən qurulmasına qərar verilib.

Həmin vaxt Mehriban Əliyevanın diqqətinə çatdırılmışdı ki, 1985-ci ildə inşa edilən binanın əsaslı təmirinə ehtiyac var. Birinci vitse-prezident qısa zamanda bu bağçanın da yenidən qurulmasının, onun maddi-texniki bazasının gücləndirilməsinin vacibliyini vurğulayıb.

1985-ci ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçası üçün hazırda Heydər Əliyev Fondu tərəfindən 280 yerlik yeni bina tikilib, bağça inventar və avadanlıqla təchiz olunub və burada 14 qrup yaradılıb. Bağçada yataq otaqları, eləcə də uşaqların təhsili və istirahəti üçün nəzərdə tutulan digər zəruri otaqlar, musiqi, idman zalları inşa olunub. Daimi istilik və su sistemi ilə təchiz olunan bağçanın yerləşdiyi ərazi abadlaşdırılıb, yaşıllıq zonası salınıb. Bu da Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının uğurla icra olunduğunu göstərir.