Məhsul yığımı üçün gecəni gözləyirlər... - Video

mehsul-yigimi-ucun-geceni-gozleyirler
Oxunma sayı: 864


“Qafqazinfo” “Turkel TV”-ə istinadən xəbər verir ki, dinc əhali hədəfə alındığı kimi təsərrüfat sahələri də mütəmadi atəşə məruz qaldığından sakinlər gündəlik həyatlarında çətinliklərlə üzləşir. Tovuzun ən çox atəşə məruz qalan kəndlərindən biri də Koxanəbidir. Kəndin təbiəti və şəraiti daha çox maldarlıq və dəmyə bitkilər üçün əlverişli olduğundan, sakinlərin məşğuliyyəti də kənd təsərrüfatının məhz bu sahələridir. 

Ermənilərin açdığı atəş nəticəsində indiyə qədər xeyli mal-qara tələf olub. Sakinlərin sözlərinə görə, elə bu il ərzində 40-dan çox iri və xırda buynuzlu heyvan ya minaya düşüb, ya da erməninin açdığı atəş nəticəsində tələf olub. Buna baxmayaraq düşmən gülləsindən qorxmayan kənd sakinləri hazırda təsərrüfatlarında işləyirlər. Sakinlər deyir ki, indi qarğıdalı yığımıyla məşğuldurlar. Yığım isə ancaq gecə saatlarında mümkündür. Bu il kartof yığımı da başa çatıb. Yığılan məhsulun sahələrdən daşınması üçün də gecəni gözləməli olurlar. Koxanəbidə 42 evdə təxminən 120 sakin məskunlaşıb. Düşmən postları ilə 250-300 metrlik məsafədə yerləşən kənd davamlı atəşə məruz qalır.