“Məktəb illəri silinməz iz qoyur” - Mehriban Əliyeva

“Məktəb illəri silinməz iz qoyur”
Oxunma sayı: 2404

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bina barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib.

O bilidirib ki, bu bina “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində inşa edilib. Tikinti işlərinə bu ilin mart ayında başlanılıb. Beşmərtəbəli binada beş birotaqlı, iyirmi ikiotaqlı, iyirmi üçotaqlı və beş dördotaqlı mənzil var.

Buraya Xətai rayonunda və Sarıqaya yaşayış massivində qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış 50 məcburi köçkün ailəsi köçürüləcək.

M.Əliyeva daha sonra Sabunçu rayonunun Ramana qəsəbəsində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün istifadəyə verilən yeni binada yaradılan şəraitlə də tanış olub.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məktəbin binasında yaradılan şərait barədə bildirib ki, bu təhsil müəssisəsi 2017-2018-ci tədris ilində istifadəyə verilib. Təhsil ocağı 2000-ci ildən vaqonlarda fəaliyyət göstərirdi. Məktəbin binasının inşasına bu il başlanılıb və dörd ay ərzində tikilib istifadəyə verilib. 196 şagird yerlik məktəb Qubadlıdan olan məcburi köçkün ailələrinin və ətraf ərazidə yaşayan sakinlərin övladları üçün nəzərdə tutulub.

Mehriban xanım Əliyeva məktəbdə təhsil alan birinci sinif şagirdləri ilə söhbət edib, onların dərsləri ilə maraqlanıb. Uşaqlar məktəbdə tədris üçün bütün şəraitin mövcud olduğunu söylədilər və yaxşı oxuyacaqlarına söz veriblər.

Məktəbdə şagirdlər birinci sinifdən doqquzuncu sinfə qədər təhsil alırlar.

Birinci vitse-prezident daha sonra Qubadlıdan olan idmançıların məşqini izləyib.

Məktəbin kollektivi ilə görüşən M. Əliyeva tədris ocağının yeni binasının istifadəyə verilməsi və Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırıb:

“Məktəb illəri hər bir insanın həyatında silinməz iz qoyur. Sizin peşəniz olduqca vacibdir”, - deyən Birinci vitse-prezident təhsil müəssisəsinin kollektivinə fəaliyyətlərində uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirilib.

 











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi