Məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb
Oxunma sayı: 50

Bakı məktəblərində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 7997 ərizənin onlayn qeydiyyatı (bu gün saat 18:00-a olan məlumata əsasən) aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Qafqazinfo”ya verilən məlumata görə, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
 
Avqustun 1-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın 20-dək həyata keçiriləcək.
 
Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.
 
Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.
 
2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.
 
Qeyd edək ki, 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi