Məktəbli qızlar evdən niyə qaçır?

mektebli-qizlar-evden-niye-qacir
Oxunma sayı: 681

Sonra baş verən hadisələrin isə qarşısını almaq mümkün olmur. Övlada həddindən artıq verilən sərbəstlik nəticəsində məktəb şagirdlərinin xoşagəlməyən xəbərləri, xüsusən də məktəbli qızların evdən getmə halları artıb.

İki ay bundan əvvəl Bakı sakini Türkan Bağırovanın evdən qaçması ilə bağlı xəbərlər mətbuatın gündəmini ələ aldı. Qəzetlər, agentliklər qızın itməsindən və ailəsini təhdid etməsindən yazdı. Sonradan 15 yaşlı Türkan Mərdəkandakı restoranlardan birində tapıldı. Ümumiyyətlə ilin əvvəlindən arda-arda Kürdəmirdə 3, Balakəndə 2 məktəbli qızın itkin xəbərləri yayıldı.

Təxminən 20 gün əvvəl də evdən qaçan 15 yaşlı qız da Bakı bulvarında tapıldı. Məlumata görə, azyaşlı tanışlıq saytlarından birində tanış olduğu 2 oğlanla qaçıb. Üstəlik oğlanlar qıza kirayə ev də tutublar.

Sosioloqlar hesab edir ki, qızların evdən qaçması halları il-ildən kütləvi hal alır. Sosioloq Əhməd Qəşəmoğlunun qənətincə, gəncləri uçuruma aparan bir tərəfdən cəmiyyətin mənəvi proseslərə biganə qalmasıdırsa, digər tərəfdən yeniyetmələrin internet alüdəçiliyidir. Onun sözlərinə görə, dünyada sürətlə qloballaşma prosesi gedir, ölkəmiz dünyaya inteqrasiya edir və sosial şəbəkələrdən kütləvi istifadələr genişlənir. Başqa bir tərəfdən sosioloqun fikrincə, bugünkü Azərbaycan ailəsi daha 20-30 il bundan əvvəlki ailə deyil. Əhməd Qəşəmoğlu problemin qarşısını almaq üçün dövlət tərəfindən xüsusi proqramın hazırlanmasını təklif edir.

Psixoloqlar hesab edir ki, problemin kökünü ailədə axtarmaq lazımdır. Çünki hər şeyin fundamenti ailədən başlayır. Əgər ailədə problem, valideynlər arasında narazılıq, ailə zorakılığı varsa bu amillər mütləq uşaqların psixologiyasına təsir edir. Xüsusən də 15-16 yaşlı qızlar. Bu yaşda olan qızlar ailədə görmədiyi sevgini kənarda, hər hansı bir oğlanda tapmağa çalışır. Uşaq hüquqları üzrə QHT alyansının sədri Nazir Quliyev isə hesab edir ki, uşaqlara nəzarət etmək və qayğı göstərmək birbaşa valideynlərin borcudur./anspress/