Məleykə Abbaszadə: “Binada axtarışlara başlanılacaq”

meleyke-abbaszade-binada-axtarislara-baslanilacaq
Oxunma sayı: 1080

“Qafqazinfo”nun məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. TQDK sədrinin sözlərinə görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıtda keçiriləcək. Orta təhsil müəssisələrindən 2508 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 247 imtahan rəhbəri cəlb olunacaq. III qrup üzrə ümumilikdə 32 869 abituriyent ərizə verib. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 149 abituriyent xarici ölkələrin vətəndaşıdır. 198 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. Ən yaşlı abituriyent 1939 -cu ildən, ən gənc isə 1996-cı ildəndir. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat ərzində aparılacaq. III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər.

M. Abbaszadə həmçinin bildirib ki, bu il qəbul imtahanlarında imtahan binalarına mobil telefonlar gətirilməsini müəyyən edən xüsusi cihazlar quraşdırılacaq. "Kim telefonla daxil olsa, hətta o telefon söndürülmüş olsa belə, həmin telefon müəyyən olunacaq və binada axtarışlara başlanılacaq. Heç bir müzakirə aparılmadan həmin şəxslərin imtahan nəticələri ləğv ediləcək".

TQDK sədri onu da vurğulayıb ki, gələn ildən Azərbaycanın ali məktəblərinə sənəd verən abituriyentlər imtahan nəticələri açıqlanan zamanı "Cavab kart"larını da TQDK-nın saytında görə bilərlər.

Nigar Məmmədli