Məlik çoxdan intihar edibmiş...

melik-coxdan-intihar-edibmis
Oxunma sayı: 5723

Nərmin Dadaşova

İnsan birinci ölür, sonra intihar edir. Yəni  özünü dənizə atmış, kəndirdən asmış, relslərə sarılmış adam, o su boğazına dolmamış, kətil ayağının altından qaçmamış, qatarın təkərləri ilə boynu bir-birinə qovuşmamış artıq ölmüş olur. Mənən... 

İki günə dörd gənc itirdik. Dörd oğul.  Bərdə rayonunun  Əliyanlı kəndindən  Elvinlə, Ağdam rayonunun  Boyəhmədli kəndindən  Hikmət  kəndirə , Rəşad qatar relslərinə, Məlik isə Xəzərə tapşırdı canını. Meqapolisdə intiharlar da rəngarəngdir, fikir verdinmi oxucu dost? Körpü var, qatar var, dəniz var, sortbasort dərmanlar var, 16,17, 18 mərtəbəli  göydələnlər var...  əyalətin  intiharı isə ənənəvidir- kəndir...

  Dünən ard-arda xəbərləri eşitdikcə  intihar edən gəncləri “facebook”da axtardım. Məlik Cahangirovun səhifəsini tapdım ilk.  O qədər çox  yazmışdı ki dostları, gəncin özünün sonuncu paylaşımını tapmaq üçün  xeyli vaxt sərf etdim. Baxdım ki, Məlik çoxdan intihar edibmiş, Məlik haçandı yox imiş aramızda. Dəfələrlə depressiyada olduğu, özünü pis hiss etdiyini deyib, psixologiyasının  yaxşı durumda olmadığı, əsəblərinin gərildiyi  barədə statuslar yazıb.  Kimə yazıb? Dostlarına. O dostlarına ki, yalnız ruhən ölmüş Məlikin  cisminin də öldüyünə əmin olandan sonra “qara doğrayıblar” səhifəsində. Ağlayan kim, inbox söhbətlərini kopyalayıb yayan kim, başına gözünə döyən kim...  

Amma ki, nə fayda? Vaxtında sevmək lazım idi onu, möhkəmcə yapışmaq lazım idi əlindən, dinləmək lazım idi, qucaqlamaq lazım idi. Yazırsız ki, Məlik təhsil haqqını ödəmədiyi üçün, 600 maat pula görə öldürüb özünü. Etməyin belə, xahiş edirəm. Bu qədər ucuz deyil canına qıymaq. Bir günün işi deyil böyük boşluqdan özünü havaya buraxmaq. Bu soyuqda, bu qışda dənizə tullanmaq. Hər dəfə deyirəm bunu sizə, insan pulsuzluqdan, aclıqdan, ağrıdan ölmür, insan yorğunluqdan və sevgisizlikdən ölür, yoxluqdan yəni. Xilas edə bilmədiyin birinin arxasınca ağlamaq, ona qəzəblənmək, onu günahlandırmaq sənə, mənə düşməz, əzizim. İntihar etmək günah deyil, qərardı, vəssalam. Kədərimiz isə, ölmüş birinin sosial media hesabına  “Niyə belə etdin ay Məlik” yazacaq qədər  elektronikdir.
  Həm də sizi yaxşı başa düşürəm. Bizim dost itirən yaşımız deyil. 

“Çıxış yolu” tapmaq üçün baş sındırmaq da lazım deyil. Mənən ölmüş adamın cismini xilas etmək iki qat əzabdır, inan mənə. Çıxış yolu sənin barmaqlarındadır, al əlinə telefonunu, yaz ona. Çıxış yolu sənin qulaqlarındadır, otur dizinin dibində qulaq as ona. Çıxış yolu sən özünsən, var olduğunu,  onun yanında, arxasında olduğunu de ona. 

Yenə deyirəm, intihar xilas deyil, amma həm də xilasdır...