Məmmədyarov BMT-yə müraciət etdi

memmedyarov-bmt-ye-muraciet-etdi
Oxunma sayı: 657

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasına müraciətində bildirib. Nazir qeyd edib ki, Azərbaycan BMT çərçivəsində razılaşdırılmış məqsəd və məsələlərinin reallaşdırılmasına töhfə vermək niyyətindədir.

"Son illər ərzində Azərbaycan yoxsulluğun aradan qaldırılmasına yönəldilmiş beynəlxalq səylərin dəstəklənməsi məqsədi ilə humanitar yardımını möhkəmləndirdi. Biz inkişaf edən ölkələrə, o cümlədən iqlim dəyişikliyindən və təbii fəlakətlərdən zərər çəkmiş dövlətlərə xüsusi diqqət yetiririk", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, Afrika Buynuzu zonasında yaşanan humanitar böhran növbəti dəfə qlobal həmrəyliyin vacibliyini sübut etdi.

Məmmədyarov əlavə edib ki, "Qərb-Şərq" transmilli informasiya supermagistralının yaradılması haqqına qətnamə məhz ölkəmizin təşəbbüsü ilə irəli sürülüb və BMT Baş Assambleyası tərəfindən 2009-cu ilin 21 dekabrında qəbul edilib.

"Layihənin əsas koordinatoru kimi, Azərbaycan texniki iqtisadi əsaslanmanı hazırlayıb və layihənin katibliyini maliyyələşdirir. Biz regionun aparıcı operatorlarının iştirakı ilə konsorsiumun yaradılmasına yönəldilmiş bir sıra addımlar atmışıq", - Məmmədyarov deyib.

Onun sözlərinə görə, beynəlxalq sülh, təhlükəsizlik, sabitlik və inkişafın bundan sonra da qorunub saxlanılmasına yardım etmək arzusunda olan Azərbaycan BMT TŞ-nin 2012-2013 illər üçün qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürüb. Səsvermə cari ilin oktyabrın 21-də BMT-nın Baş Assambleyasında baş tutacaq.

"2012-ci ildə Azərbaycanın BMT-yə üzv olmasının 20-ci ildönümü qeyd ediləcək. Digər Şərqi Avropa dövlətlər qrupuna aid namizədlərdən fərqli olaraq, bizim TŞ-yə üzv olmaq fürsətimiz yox idi", - nazir deyib.

Məmmədyarov əlavə edib ki, Azərbaycan Respublikasının hökuməti ölkənin namizədliyinin təsdiqlənməsi üçün BMT-yə üzv ölkələrə müdafiəsi üçün dərin minnətdarlığını bildirir.