Məmmədyarov fransız həmkarı ilə görüşdü

memmedyarov-fransiz-hemkari-ile-gorusdu
Oxunma sayı: 650

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.

XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunulub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu haqqında həmkarına məlumat verib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdiyi kimi, mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə toxunan Elmar Məmmədyarov işğal olunmuş ərazilərdə Suriyadan olan ermənilərin yerləşdirilməsi, Azərbaycan xalqının maddi-mədəni irsinin talan və məhv edilməsi və ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda kilsənin tikilməsi kimi faktlara diqqəti çəkib.

Elmar Məmmədyarov Azərbaycanın münaqişənin mərhələli şəkildə tezliklə həll edilməsi üçün substantiv, intensiv və məntiqi danışıqların tərəfdarı olduğunu bildirib və bu xüsusda həmsədrlərə birgə səyləri davam etdirəcəyini deyib.

Görüşdə həmçinin iki ölkə arasında humanitar sahədə əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, eləcə də beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.