Məmmədyarov İsveçli həmkarı ilə birgə konfrans keçirdi

memmedyarov-isvecli-hemkari-ile-birge-konfrans-kecirdi
Oxunma sayı: 679

“Qafqazinfo”nun məlumatına görə, konfransda Azərbaycan XİN başçısı Elmar Məmmədyarov isveçli həmkarı Karl Bildt ilə təkbətək və geniştərkibli görüş keçirdiyini bildirib. Məmmədyarov həmkarına Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü barədə məlumat verdiyini bildirib. O danışıqlar prosesini və Azərbaycanın mövqeyini Bildtin diqqətinə çatdırdığını vurğulayıb. Nazir İsveçin Azərbaycan iqtisadiyyatına və daxili bazarına maraq göstərdiyini qeyd edib. Elmar Məmmədyarov bu gün Gürcüstana səfər edəcəyini də bildirib.

İsveçin xarici işlər naziri Karl Bildt isə qeyd edib ki, əslində bir ay əvvəl gəlmək istəsə də, Liviyada olan hadisələrə görə planlarını dəyişdirib. Azərbaycanı “Eurovision-2011” qələbəsinə görə təbrik edən nazir deyib: “Hesab edirəm ki, bu gün Azərbaycan Avropanın mədəniyyət liqasının zirvəsindədir. Bu da təqdirəlayiq haldır”. Onun sözlərinə görə, gələn il Avropanın diqqəti Azərbaycanda olacaq. Bunu Azərbaycan üçün böyük şans olduğunu söyləyən nazir bildirib ki, Azərbaycanın öz mədəniyyətini 100 minlərlə insana təbliğ etmək imkanı var. O, Azərbaycanın bunun öhdəsindən gələ biləcəyini vurğulayıb. Nazir həmçinin Azərbaycanla İsveç arasında yüksək səviyyədə siyasi dialoqun olduğunu qeyd edib. Bildt ticarət və sərmayə mühitinin yaxşılaşdırılmasının da əsas müzakirə mövzusu olduğunu söyləyib.

Nərgiz Ehlamqızı