Məmmədyarov Nyu-Yorkda görüşlər keçirib

memmedyarov-nyu-yorkda-gorusler-kecirib
Oxunma sayı: 652

XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ABŞ-ın Nyu-York şəhərində səfərdə olan E. Məmmədyarov səfər çərçivəsində Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Cənubi Afrika Respublikasının xarici əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabane ilə görüş keçirib. Görüş zamanı Azərbaycanla CAR arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları və ölkələrimizin maraq göstərdiyi bütün sahələrdə mövcud olan əməkdaşlıq nəzərdən keçirilərək, onun inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

O, həmçinin Azərbaycanda aparılan islahatlar, əldə olunmuş nailiyyətlər və regionda mövcud olan problemlərə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmkarına geniş məlumat verib. Görüş zamanı tərəflər yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Daha sonra nazir Portuqaliya Xarici İşlər Nazirliyinin dövlət katibi Luis Brites Pereyra ilə görüş keçirib. Görüşdə iki ölkə arasında mövcud olan münasibətlər, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Pereyra Portuqaliya ilə Azərbaycan arasında mövcud olan siyasi və iqtisadi əlaqələri yüksək qiymətləndirərək, müxtəlif investisiya layihələri - enerji, infrastruktur, telekommunikasiya və turizm sahələrində qarşılıqlı maraqların olduğunu qeyd edib.