Məmmədyarov Polşada həmkarı ilə görüşdü

memmedyarov-polsada-hemkari-ile-gorusdu
Oxunma sayı: 648

Xarici işlər naziri Elmar Məmmədyarov Polşada rəsmi səfərdədir.

“Qafqazinfo”nun xəbərinə görə, nazir səfər çərçivəsində polşalı həmkarı Yaçek Çaputoviç ilə təkbətək görüşüb. Daha sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.

İlk öncə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini diqqətə çatdırıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayan Elmar Məmmədyarov Polşanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə həmkarına təşəkkürünü bildirib.

Eyni zamanda, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və infrastuktur layihələri haqqında məlumat verən nazir Elmar Məmmədyarov bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyətini diqqətə çatdırıb. Eləcə də, Trans-Xəzər və Cənub-Qərb nəqliyyat dəhlizləri haqqında danışan nazir Elmar Məmmədyarov Azərbaycanın Polşa ilə bu istiqamətdə əməkdaşlıq etdiyini və bu münasibətlərin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Nazir Yaçek Çaputoviç Polşanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığını dəstəklədiyini vurğulayaraq ölkəsinin Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafında maraqlı olduğunu xüsusilə vurğulayıb.

Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.