Məmmədyarov “Xəzər Biznes Forumu”nda - Foto

memmedyarov-xezer-biznes-forumunda
Oxunma sayı: 2188

Nyu Yorkda Harvard Klubunda Trans-Xəzər ölkələrinin və ABŞ-ın dövlət rəsmilərinin və işgüzar dairələrinin iştirakı ilə “Xəzər Biznes Forumu” keçirilib.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Xəzər Siyasət Mərkəzi, ABŞ Ticarət Palatası və Azərbaycan, Gürcüstan, Qazaxıstan və Əfqanıstanın ABŞ-dakı Səfirlikləri tərəfindən birgə təşkil edilmiş Forumda Trans-Xəzər regionunun iqtisadi inkişaf və sərmayə potensialının gücləndirilməsi üçün imkanlar, regionda həyata keçirilən irimiqyaslı layihələr və gələcək əməkdaşlıq perspektivləri, həmçinin ABŞ və iştirakçı ölkələr arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi və ABŞ şirkətləri ilə yeni tərəfdaşlıq imkanları müzakirə olunub.

Forumda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın regiondakı liderliyini və ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində indiyədək həyata keçirilmiş və hazırda reallaşdırılan enerji və nəqliyyat bağlantıları layihələrinin, xüsusilə dünyanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin regionun və qitənin dayanıqlı inkişafına və iqtisadi yüksəlişinə əvəzsiz töhfə verdiyini qeyd etdi. Eyni zamanda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı və biznes mühitinin stimullaşdırılması istiaqmətində həyata keçirilən struktur islahatlar barədə məlumat verərək, biznes strukturlarını ölkədə mövcud olan imkanlardan fəal yararlanmağa dəvət etdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalının davam etdiyini vurğulayan nazir, sözügedən işğalın regional təhlükəsizliyi və sabitliyi təhlükə altına almaqla tammiqyaslı regional əməkdaşlığa maneə törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu 2016-cı ildən etibarən hər il ABŞ-da təşkil olunur.