“Məmur özbaşınalığı məsələsi insan itkisinə əsas vermir”

memur-ozbasinaligi-meselesi-insan-itkisine-esas-vermir
Oxunma sayı: 3406

“Cənab Prezidentin yürütdüyü güclü siyasət və xalqımızın dəstəyi Azərbaycanı bu ağır günlərdən tez bir zamanda sabitliyə çıxaracaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu açıqlamasında “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov deyib:

“Mən deyərdim ki, Gəncə şəhərində baş verən hadisələrin kökündə Azərbaycanı, onun inkişafını gözü götürməzlik var. Görünən odur ki, Ermənistanla yanaşı, bəzi ölkələr də Azərbaycanda sabitliyi pozmağa çalışır. Bildiyiniz kimi, 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda Hərbi Parad keçirildi və Azərbaycanın güclü ordusunu görən düşmənlərimiz bizi Ermənistan tərəfindən vurmaq istəmir. Onların ölkəmizin ordusuna və texnikası, birliyinə olan paxıllığı onları bizi daxildən parçalamaq üçün cəhdlər etməyə məcbur etdi. Bilirlər ki, Ermənistan tərəfindən hücum olduğu təqdirdə Azərbaycan lazımi cavabı verəcək və düşmən tərəfin canlı qüvvəsini, texnikasını məhv edəcək. Bu səbəbdən də onlar tərəfdən itkinin qarşısnı almaq məqsədi ilə daxili parçalanma üsulu seçdilər. Hansı bölgədə baş verməsindən asılı olmayaraq bu Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı törədilmiş terrordur. İlk olaraq ölkədə elektrik enerjisinin verilməsi ilə bağlı, daha sonra isə suyun kəsilməsi ilə bağlı problem yaşandı. Bütün bunlarda isə əsas məqsəd vəziyyətdən sui itifadə edərək daxili parçalanma yaratmaq olub. Sosial şəbəkələr vasitəsilə lazımsız çağırışların olması da bu təxribatın bir qoludur. İnsanlara psixoloji təsir edərək parçalanma yaratmaqdır ana məqsəd. Lakin Azərbaycan gənci vətəninin keşiyində mərd dayanan oğulları kimi, informasiya müharibəsində də mübarizə aparır, öz mövqeyini səsləndirir və Vətən, birlik sevgisini göstərib, vətəndaşlıq borcunu, vəzifəsini yerinə yetirir. Bir qrup şəxs xarici qüvvələrə inanır və o xarici qüvvələr də bunu söyləmək nə qədər acınacaqlı olsa da, onları idarə edir və özləri kənarda qalır. Bir də əsas amil insan amilidir. Məmur özbaşınalığı məsələsi insan itkisinə əsas vermir. Dövlətin, insanların sakit şəraitdə yaşaması, təhlükəsizliyinin ən böyük təminatçısı olan polis əməkdaşının qətlə yetirilməsi, vətəndaş olaraq hər birimizi sarsıtdı. Düşmən qüvvələr də bizim sarsılmağımızı istəyir. Onların əsas məqsədi ölkədə xaos yaradıb, bizi bir-birimizə vurmaqdır. Bunun üçün hər cür yollara əl atırlar, cinayət isə ən pisidir. Bu hadisələr Polis zabitlərin terrorçulara qarşı silah çıxarmayıb özlərini şəhid verməsi ilə nəticələndi. Polis qanunun qarşıya qoyduğu tələblərə uyğun olaraq vətəndaşın keşikçisidir. Polis xalqın, dövlətin ictimai-siyasi sabitliyini qoruyur. Polis əməkdaşları bir növ özlərini qurban verərək xeyli insanın həyatını xilas etdilər. Azərbaycan polisi mərddir. Polis əməkdaşlarını xalqın gözü önündə qətlə yetirənlər tez bir zamanda ən sərt cəzaları almalıdırlar. Onları ölkəmizdə terror üçün yönləndirən qüvvələr dinin adından istifadə edir, amma islam dini gözəllik və mehribanlıq dinidir. Bunlar isə sadəcə terror aktı törədir. Azərbaycan xalqı ağıllı xalqdır, pislə yaxşını ayırd edə bilir, ona görə də bu cür hallarla rastlaşmamaq üçün yumruq tək bir olub, düşmənə qarşı mübarizə aparmalıyıq. Çünki əgər biz bir olsaq, heç bir terrorçu Azərbaycana daxil ola bilməz və bu cür hallarla da qarşılaşmarıq. Azərbaycanın bu çətin günündə inanıram ki, xalqımız və ən əsası gənclərimiz imkan verməyəcək ki, qıraq güvvələr ölkəmizə müdaxilə etsin. Vətəndaşlarımız və dövlətimizin əsas amalı Azərbaycan müstəqilliyinin qorunması və möhkəmləndiriməsidir. Cənab Prezidentin yürütdüyü güclü siyasət və xalqımızın dəstəyi Azərbaycanı bu ağır günlərdən tez bir zamanda sabitliyə çıxaracaq”.