Məmurlar mal-qaranı taxıla “yedirtmək”dən əl çəkəcəklərmi?

memurlar-mal-qarani-taxila-yedirtmekden-el-cekeceklermi
Oxunma sayı: 651

Dünya Sakit

Ötən həftə prezidentin Nazirlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində etdiyi çıxışın müzakirəsi ilə yadda qaldı.

Prezidentin xüsusilə taxılçılıqdakı vəziyyət barədə dedikləri böyük marağa səbəb oldu. Xatırladım ki, dövlət başçısı çıxışında son illərdə cəmiyyətin bütün təbəqələrinin diqqətində olan məsələni – taxılçılığın keyfiyyət problemini qabartdı: “Bizim yeganə zəif yerimiz taxılçılıqdır. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır”.

Prezidentin dedikləri bir daha göstərdi ki, rayonlarda statistika xatirinə icra nümayəndələrini camaatın qapısına göndərib hamıya taxıl əkdirməklə lazım olan nəticəni əldə etmək mümkün deyil və olmayacaq da. Bunun ən mühüm səbəblərindən biri Azərbaycanda hələ də yerli iqlimə uyğun məhsuldar taxıl sortlarının yetişdirilməməsidir. Baxmayaraq ki, ölkədə 300-dək toxumçuluq təsərrüfatı qeydyyatdadır və hər il onların fermerlərə satdıqları toxuma görə büdcədən irihəcmli subsidiyalar silinir, bu sahədə ciddi bir nəticənin əldə olunmasından danışmaq mümkün deyil. Düzdür, müşavirədən sonra Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirib ki, hansısa sortlar yetişdirilib, bəzi fermerlər yüksək həcmdə məhsul toplayıblar. Lakin məhsuldarlıq dedikdə, yalnız həcm deyil, həm də keyfiyyət başa düşülür. Ola bilər ki, nazirlik rəsmisinin dediyi kimi olub – hansısa sort üzrə yüksək istehsal həcmi əldə olunub. Amma real fakt odur ki, əldə olunan məhsulun keyfiyyəti ölkənin ərzaq buğdası ilə bağlı idxaldan asılılığını azaltmağa imkan verməyib. 

Digər tərəfdən, heç bir aqrotexniki yenilik tətbiq etmədən, hətta əksər yerlərdə gübrələmə, dərmanlama belə aparmadan, pərakəndə şəkildə  səpilib-becərilən ən keyfiyyətli toxumdan belə yüksək məhsul əldə etmək mümkün deyil. Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, aqrar sahədə pərakəndə və çoxsaylı xırda təsəsrrüfatlarla nə keyfiyyət, nə də kəmiyyət baxımından yüksək nəticə ədə etmək mümkün deyil. Hazırda dünyada aqrar istehsal üzrə yüksək göstəricili ölkələrin hamısında istehsal birmənalı olaraq iri təsərrüfatlarda qurulub. 

Azərbaycanda isə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun hələ ötən il qəbul olunub. Onun tətbiqindən hansısa nəticələrin əldə olunması üçün azı 4-5 il  lazımdır. Bu baxımdan, hesab edirəm ki, aqrar sektora birbaşa cavabdeh olan KTN indiki mərhələdə real vəziyyəti olduğu kimi etiraf etməklə bərabər, konkret təkliflərlə çıxış etməlidir. Bu təkliflər statistik vədlərdən ibarət olmayıb, keyfiyyətli taxıl sortlarının yetişdirilməsi, sınaqdan çıxarılması, eyni zamanda onu əkib lazım olan aqrotexniki qulluğu edə biləcək iri kooperasiyaların yaradılması müddəti, gözlənilən real nəticələri əks etdirməlidir. 

Eyni addımın heyvandarlıqla bağlı atılması zəruridir. Çünki hazırda  bir çox rayonlarda yerli məmurlar camaatın örüş yerlərini əkin altına salıb yüz minlərlə mal-qaranın  məhvini stimullaşdırmaqla məşğuldurlar.

Ölkəni heyvandarlıq məhsulları ilə təmin edəcək sayda iri təsərrüfatın yaradılmadan, məhsuldar cinslərin sayı artırılmadan – yəni keyfiyyət dəyişikliyinə nail olmadan mövcud mal-qaranın axırına çxmaq bizi çox tezlikdə bu sahə üzrə də idxaldan tam asılı vəziyyətə gətirəcək. 

Ümid edirəm ki, sahəyə məsul olan məmurlar, bu problemin də prezidentin diqqətinə çatmasını gözləmədən bu reallığı etiraf  edərək müvafiq addımlar atacaqlar.