“Mən arvad axtarmıram...”- - Şəhriyar

men-arvad-axtarmiram-
Oxunma sayı: 6743


Teleaparıcı Şəhriyar Əbilovun “Qafqazinfo”ya müsahibəsi:

- Ötən həftə yeni “Oyuncaq” verilişinizin ilk  buraxılışı yayımlandı. Niyə yeni layihənizi məhz uşaqlarla bağlı etdiniz?
- Bu, bir-iki sezonluq layihədir. Bəlkə də daha uzun müddətli olacaq. Çünki bunun ikinci layihəmlə heç bir əlaqəsi yoxdur. Dostumuz Rüfət Nəzər oyun tərtibatçısıdır. Azərbaycanda bu formatda ailəvi veriliş yoxdur. Adı “Oyuncaq”dır, çünki  uşaqlar oyuncaqlarla yarışır. Bu əslində uşaq yox, ailə verilişidir, mən ata-ana ilə oynayıram. Hər həftə bir ailə yarışır. Ayın sonunda qalib ailələr bir daha yarışır və qalibə hədiyyə verilir. Uşaqlara  müsbət enerji verən, onlara qalib olmağa stimul verən layihədir, tərbiyəvi, şüuru inkişaf etdirən oyunlarımız var. Tək ana-atanı qəbul etmirik. Müqəddəs ailə üçlüyü layihədə iştirak edir. Gələcəkdə  bəlkə ürəyimiz yumşaldı, valideynlərindən biri olmayan uşaqları da verilişə dəvət etdik. Çünki bizə müraciətlər çoxdur, artıq iki –üç ayın iştirakçısını yığmışıq.
 
- “Bığ şou”ya maraq çox idi. Necə düşünürsünüz bu veriliş də reytinq toplayacaq?

- “Bığ şou” gecə şousu idi, öz tamaşaçısı vardı. Yeni şoular başlayır, deyirlər ki, Azərbaycanda ilk şou başlayır. Azərbaycanda şoular çox olub, onlardan biri də biz idik, amma biz demirdik ki, biz bombayıq, superik. Təvazökar olmaq lazımdır.  Gələcəkdə yeni gecə şousu açmaq istəyirəm. Fərqli, şəhər havasında bir  layihə olacaq. “Oyuncaq” reytinq verəcək verilişdir.  Həmişə deyirlər ki, verilişlərə niyə adi insanları çağırmırsınız, məşhurları dəvət edirsiniz. Bu isə adi insanların verilişidir. Rəngarəng dekor hazırlanıb, bu da insanlara pozitiv enerji verəcək.
 
- Bu gün sizin də rol aldığınız  “Xoxan” filminin təqdimatı olacaq və dekabrın 11-dən başlayaraq kinoteatrlarda nümayiş olunacaq. Bir azda film haqqında məlumat verin.
- Mən çox  xoşbəxtəm ki, bu il gənc və ən əsası özəl kino instruksiyasi inkişaf edir. Bu il Azərbaycanın gənc kinomatoqrafiyası tarixə düşür. Beş film nümayiş olunacaq.  “My name is İntiqam” keçən həftələrdə nümayişə başladı. Maraqlı idi, inanıram ki, gələn dəfə sinemalarda yığdıqları büdcə ilə bundan da yaxşı film çəkəcəklər. Dua edirəm ki, Azərbaycanın hər yerində  kinoteatrlar tikilsin, gənclərin marağı filmlərə artsın. Kinoteatrlara getmək lazımdır, o pullar əmin olun ki, heç kimin cibinə getməyəcək, yaradıcı insanların yeni işlərinə sərf olunacaq. Sabah daha bahalı kamera ilə filmlər çəkiləcək, bahalı ssenaristlərdən ssenarilər alınacaq. Bu gün ssenaristə min manat pul veririk, o da ssenarisi büdrəyən film yazır.  Sabah türk yazarına 10 min pul verəcəyik super ssenari yazacaq, ya da bizimkilər həvəslənib daha mükəmməl yazılar ərsəyə gətirəcəklər. Hər kəsi təbrik edirəm ki, bu gün Azərbaycanın gənc kinomatoqrafiyası inkişaf edir. “My name is İntiqam”, “Xoxan”,  bizdən sonra İlkin Həsəninin hazırladığı “Bozbaş Picture” təqdim olunacaq.  “Xoxan” filminin rejisoru Samir Kərəmoğludur, ikinci rejissoru Elvindir, əsas layihəni ərsəyə gətirən prodüserlər Orxan Mərdan və  Zaur Mirzəzadədir. Baş rollarda tanıdığınız, amma belə görmədiyiniz Fərda Amin, Elməddin Cəfərovdur. İnanın mənə şedevr  yaradıblar. Filmdə hərəkətdən çox danışıq var. Filmdə qorxu da, dram da, komediya da var. Hər kəs filmi hansısa filmə bənzədir, hər filmdən nəsə var, amma bu bizimdir. Başqa filmlərdə səs ekrandan gəlir, bu filmdə isə səs bütün zaldan gələcək. “Xoxan” qışqıranda siz də qışqıracaqsınız. 

- “My name is İntiqam”da vulqar sözlər daha çox işlənilmişdi. “”Xoxan”da necə bu cür ifadələr yer alıb?
- “My name is İntiqam” sırf televiziya üçün çəkilməyib. “Receb İvedik” filmində senzura var?
 
- “My name is İntiqam”ı  “Receb İvedik”ə də bənzədənlər oldu. 
- Bu film heç bir filmə bənzəmir. Burada Azərbaycanın mentalitetinə uyğun xarakterlər var. Bizim gün ərzində işlətdiyimiz sözlər var, real həyatı daha aydın göstəriblər, senzuradan kənara çıxıblar.  18+ yazıb kinoteatrlarda göstərə bilərlər ki, uşaqlar baxmasın. Orada şokedici heç nə yox idi, biz onların hamısını bilirik. Xeyli güldük, oradakı nənəni sevdim, Müşfiqə əhsən deyirəm.  Gey obrazını canlandıran aktyoru təbrik edirəm. Mərd insandır, onu çox obrazlarda görmüşəm. Girdiyi obrazı gözəl canlandırıb. 

- Cinsi azlıqlar Azərbaycanda birmənalı qarşılanmır. Bu obrazı canlandırmaq və filmdə əks etdirmək özü cəsarət tələb edir...
- Cəsarət odur ki, həyatda olanları real göstərə biləsən. Cinsi azlıq, çoxluq hər birini tamaşaçıya çatdırmaq lazımdır. Amma elə çatdırmaq lazımdır ki, o obraza baxanda nifrət yaranmasın. Biz bütün obrazlara baxanda gülürdük. Komediya janrı çox çətindir, insanları ağlatmaq asandır, güldürmək çətindir. 

- Şəhriyar Əbilovun cinsi azlıqlara münasibəti necədir?
- Çalışıram ki,ətrafımdakı insanları seçim, mənə mənfi təsir göstərəcək insanlarla oturmayım. Elə normal insanlar var ki, insana mənfi enerji verir. Düşünürəm ki, o insanlar mənə cinsi azlıqdan daha çox ziyan verə bilərlər Əsas insanın içinin təmiz olması və cəmiyyətə fayda verməsidir.  Cəmiyyətə faydasızdırsa və cəmiyyətə cinsi azlığını vulqar şəkildə göstərirsə, gizlətmirsə, düşünürəm ki, o Allahın bədbəxt bəndəsidir.

- Aktyor olmaq uşaqlıq arzunuz olub. Hansı obrazları canlandırmaq istəyirsəniz?
- Hər bir obrazı canlandıra bilərəm. “Xoxan” ilk rol aldığım bədii filmdir.  İlk filmim olduğu üçün çox sevinirəm. Seriallarda, qısametrajlı filmlərdə, reklamlarda rol almışam. Qadınların sevimlisi, romantik, xilaskar qəhrəman obrazını, Azərbaycanın tarixi şəxsləri canlandırmaq istəyirəm. Müsbət qəhrəmanları oynamaq istəyirəm. Mənfi obrazı canlandırmaq olar, əsas film gözəl olsun. Qadınların sevgilisi olmaq istəmişəm.

- Romantik obrazları canlandırmaq istədiyinizi dediniz. Şəhriyar həyatda romantik insandır?
- Romantik və tənha insanam. 

- Bir dəfə nişanlı olmusunuz, ikinci dəfə yenidən nişanlanmağa cəhd etmisiniz. Niyə tənhasınız?
- Birinci nişanlı olmağımı hamı bilsə də, ikincini gizlətmişdim.  Bu həyatda hər kəs öz yarını axtarır, təki evlənim, ailəm olsun deyən insanlardan deyiləm. Əminəm ki, mənim maqnitim o insanın maqnitinə nə vaxtsa yapışacaq. Mən o xanımı gözləyirəm. görəndə deyim ki, uşaqlarımın anası, həyatdakı dostum gəlir. O insanı hələ ki, tapa bilmirəm. Yanımda mənə dost, işlərimdə dəstək olan xanım olmalıdır. İstəyirəm yanımda məni sevən və mənə dəstək olan insan olsun. 35 yaşım var, evlənmək, uşaq sahibi  olmaq üçün gecikdiyimi bilirəm. Bir-iki ildən sonra mənim övladım olsa,  o məktəbə gedəndə mənim artıq neçə yaşım olacaq? Ətrafımda xanım dostlarım çoxdur, amma qismətim qarşıma çıxmayıb. Hamı bilir ki, xanım kütləsini sevən insanam. Sevəndə sadiq, kor oluram. Bir dəfə 2005-ci ildə sevmişəm və ondan sonra sevə bilmirəm.

- Şəhriyarın sevəcəyi xanım necə biri olmalıdır?
- Yaradıcı bir insan olmalıdır. İstəyirəm ki, sevdiyim qadın rəssam olsun. Şou-biznesdən, həmkarlarımdan biri də ola bilər. Mənə uyğun, keçmişi xarab olmayan insan olmalıdır, başımı əyib, utana –utana gəzəcəyim biri olmamalıdır. Keçmişi də gələcəyi kimi saf olan, öz ayaqları üzərində dayana bilən xanım olmalıdır. Gözəl qadınları sevirəm, yanımdakı xanımda gözəl olsun istəyirəm. Savadlı, ağıllı olsun, mən dost axtarıram, arvad axtarmıram.  Güclü qadının həyat yoldaşının lider olmaq şansı çoxdur.  Məni lider, meqastar edə biləcək, mənə “Oskar”ı hədiyyə  edəcək qadın olmalıdır. Məni başa düşməlidir, çox qısqanc olsa, özünə ziyan edəcək.

- Şəhriyar necə qısqanc bəydir?
- Sevməyəndə qısqanc olmuram.

- Sevməyəndə heç kim qısqanc olmur. Bu normaldır.
- Mənə aid olan mənimdir. İfrat dərəcədə qısqanc deyiləm. müasirgörüşlü biriyəm, hər şeyin yerini bilirəm.

-  Geyim tərziniz ilə həmkarlarınızdan seçilirsiniz. Bir az da geyimlərinizdən danışaq.
- Geyimləri çox sevirəm. İstəyirəm ki, Azərbaycanda öz emblemim altında tekstil sahəsində işlər görüm. İnanıram ki, nə vaxtsa Azərbaycanın tanınmış və tanınmamışları mənim soyadımla bağlı olan butiklərdən özlərinə geyimlər alacaq. Teleaparıcı geyimi ilə həmkarlarından seçilməlidir. Hamıya oxşasa, sən maraqsız, reytinqsiz, adi aparıcı olacaqsan. Tək danışıqla, boy-buxunla seçilməməlisən.  Biz seçilərək tamaşaçı qarşısına çıxarılan insanlarıq.  Tamaşaçı qarşısına çıxıb deməməliyik ki, ay tamaşaçı, sən bizdən nə istəyirsən elə danışaq. Biz dəməliyik ki, ay tamaşaçı,  belə danışmaq, geyinmək lazımdır.   Rəngli geyimləri sevirəm. bəzi aparıcılar rəngli geyimlər geyinmir ki, ona klon deyərlər.  Heç kim qırmızı geyinməsə də, mən qırmızı geyinirəm. 

-  Bizdə düşünürlər ki, kişi qırmızı geyinməz.
- Haqlısınız.  “Mənə niyə qırmızı geyindin” deyənlər, səhəri gün gedib həmin dükanlardan qırmızı geyim alırlar.  Bunu birinci kimsə etməlidir. Birinci iş görən ya qurbana çevrilir, ya da birinci seçilir. Azərbaycanda yenilik edən tənqid atəşinə tutulur. Alim Qasımov muğamı fərqli ifa edəndə hamı onu tənqid atəşinə tuturdu,  indi isə ustaddır. Hamı birinci olmaq istəyir, ona görə, se seçilməlisən, işindəki sağlam rəqabət səni uğura aparacaq. 
Bığlarıma gülürdülər, indi isə deyirlər yaraşır. İnsan ilk aldığı mənfi reaksiyadan qorxub geri çəkilməməlidir, öz işinə inanmalısan.  Maşallah bu gün gənclərimiz rəngli geyinir. 

-  Dediniz ki, birinci iş görən şəxs qurbana çevrilir. Şəhriyar qurbana çevrilib?
-  Çox olub ki, qurbana çevrilmişəm. Səhv hərəkətlərim çox olub. Deyirlər ki, ağıllı insan başqalarının səhvlərinə baxıb öyrənəndi. Mən isə düşünürəm ki, insan səhv etdikcə güclənir.  Həyatda özüm ayağa qalxmışam. İllərlə telekanalların qapısında yatmışam, məni qəbul etməyiblər ki, onların yerini tutaram. “ATV”nin rəhbərliyi dəyişdikdən sonra dedilər ki, gəl özünü sına. Özümü sınadım, bəyəndilər, gözümdəki səmimiyyəti gördülər. İndi isə o səmimiyyəti tamaşaçıya çatdırıram. 20 il aparıcılıq edən şəxslərin siyahısına 1 ildə daxil oldum, indi  onlarla adım yanaşı çəkilir. 2 ildir  ki, teleaparıcı kimi fəaliyyət göstəririəm.

- MTRŞ-nin iclasında millət vəkili Sabir Rüstəmxanlı teleaparıcıların geyimlərindəki açıq-saçıqlıqdan və nitq qüsurlarından  narazalıq etmişdi.
- Xanım teleaparıcılar  qısa ətək geyinə bilər, lakin vulqar, erotik görünməməlidir. Tamaşaçının zövqünü korlayandan sonra tamaşaçı təbii ki, səni sevməyəcək. Teleaparıcılar yaxşı virus olmalıdır, aparıcı sağlam təbliğatçıdır. Bizdən tamaşaçı ibrət götürməlidir, bizə baxım korlanmamalıdır. 

- Teatra gedirsinizmi?
- Teatra gedirəm. Rüfət Nəzər Rus Dram Teatrının 20 ildir aktyorudur. Dostum yeni tamaşalara dəvət edir. “Billur saray”, karnaval” tamaşalarına getmişəm. Teatr dünyagörüşümün artmasına yardım edir.

Könül