“Mən bu işə qarışmıram” - Deputat qəzadan danışmaq istəmədi

“Mən bu işə qarışmıram”
Oxunma sayı: 7372

YAP-ın icra katibinin müavini, deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibə verib. 

- Siyavuş bəy, bir ara mətbuatda görünmədiniz. Yəqin istirahətdəydiniz, eləmi?

- Yox, istirahətə getməmişdim. Uşağın təhsili, yay məktəbi ilə bağlı bir-iki məsələ var idi, onunla məşğul idim. Həm dil kursları, həm sərbəst yaşaması ilə əlaqədar indidən hazırlıq işləri görürük ki, öyrənsin, uyğunlaşsın ki, gələcəkdə təhsilini artırmaq istəsə, əlavə təhsil almaq istəsə, tam hazırlıqlı olsun.

- Övladınızın neçə yaşı var?

- 15 yaşı var, indidən bu işlərə başlayırıq ki, sonrakı illərdə çətinlik çəkməsin.

- Bəs, yay tətili?

- Mən tətilə çıxanda da Naxçıvana gedirəm. Ən yaxşı tətil elə ordadır.

- Siyavuş bəy, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsinin törətdiyi avtoqəza böyük rezonansa səbəb oldu. Hakim partiyadan deputat həmkarınız Aydın Mirzəzadənin şərhini oxudum, amma deyəsən, digər açıqlama olmadı. Siz partiya rəhbərliyində təmsil olunan şəxs kimi bu barədə nə deyə bilərsiniz?

- Bu, hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aid məsələdir. Ona görə də bunun partiyaya heç bir aidiyyəti yoxdur.

- Razılaşmaq olar. Amma eyni zamanda cənab Əli Həsənov YAP sədrinin müavinidir...

- Təbii. Amma bunun partiyaya heç bir aidiyyəti yoxdur.

- Bəs, hazırda hakim partiyanın gündəliyindəki əsas məsələ nədir?

- Biz partiyanın konfranslarını keçiririk. Rayon təşkilatlarında tədbirlər keçirir, ilk təşkilatlarla əlaqələr məsələsini həll edirik, partiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə məşğul oluruq. Həmçinin gələcəkdə keçiriləcək seçkilərlə əlaqədar kadr bazasının formalaşdırılması ilə məşğuluq. 5 mindən artıq məntəqələr mövcuddur ki, bunlarda müşahidəçilər, məşvərətçi səs hüququ üzvləri təyin edəndə bu, 10 mindən artıq şəxs edir. Həmçinin imza toplaya biləcək şəxslər var. Yəni dünya praktikasına uyğun olaraq biz seçkilərə hazırlığı qabaqcadan başlayırıq. Birinci növbədə partiya təşkilatının sıralarına baxırıq. Artıq 84 təşkilatdan 63-də konfrans keçirilib, qalan 21-də də keçiriləcək. Bu ilin sonuna qədər yekunlaşdırmağa çalışacağıq. Partiyamızın yaranmasının 25 illik yubileyi gəlir, bununla bağlı bir sıra silsilə tədbirlərimiz keçiriləcək. Həmçinin layihələrin, proqramların hazırlanması, rayon təşkilatlarının qərargahları, maddi-texniki bazası, orada çalışan işçilərin təkmilləşdirilməsi, kursların artırılması, əlaqələrin genişləndirilməsi, rayon təşkilatlarının İdarə Heyətində hesabatların təqdim edilməsi, Qadınlar Şurası, Gənclər Birliyinin işinin aktivləşdirilməsi, sosial şəbəkələr və partiya həyatı ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi ilə məşğuluq. Gələn ildən isə inşallah bütün fəaliyyətimiz seçki istiqamətində olacaq.

- Hələ ki partiyanın seçkilərdəki namizədi ilə bağlı konkret qərarınız yoxdur, eləmi?

- Yox, bu, partiyanın qurultayında müəyyənləşdirilir. Partiyanın qurultayının da çağırılması sədrin və yaxud Siyasi Şuranın qərarı ilə həyata keçirilir.

- Qurultay bu il baş tutacaq, yoxsa 2018-ci ilə qalacaq?

- İlin axırına qədər konfranslar qurtarmalıdır. Çünki nümayəndələr konfranslarda seçilir. Bu proses başa çatdıqdan sonra artıq qurultay haqqında fikirləşmək olar.

- Deputat həmkarınız Astan Şahverdiyev son açıqlamaları ilə yenə də diqqəti özünə cəlb elədi və buna görə hətta İntizam Komissiyasının sədri Ağacan Abıyevi qəzəbləndirdi. Siz vaxtilə İntizam Komissiyasının sədri olmusunuz. Necə bilirsiniz, niyə bəzi deputatlar qalmaqallı çıxışlarla gündəmdə qalmağa bu qədər həvəslidirlər?

- Bununla bağlı İntizam Komissiyası məşğul olur, onların səlahiyyətindədir. Vaxtilə mən bu komissiyanın sədri idim, amma indi İctimai birliklər və dini qurumlar komitəsinin sədriyəm. Ona görə də mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...(gülür) O mövzularla bağlı nə maraqlandırsa, buyura bilərsiniz.

- Amma belə görünür ki, İntizam Komissiyasının sədri olarkən çəkdiyiniz əziyyətlər boşuna gedib, bəzi deputatlar yenə də öz ampulasındadır, hətta spikerin xəbərdarlıqlarına, prezidentin deputatların etik davranış kodeksini imzalamasına baxmayaraq...

- Bir şeyi deyə bilərəm, mən İntizam Komissiyasına elə sədrlik etmişəm ki, heç kəsin işi bu komissiyaya düşməyib.

- Çox humanist olmuşunuz...

- Yox, o qədər ciddi olmuşam ki, çalışıblar mənə işləri düşməsin (gülür).

- Molla, məsciddən söz düşmüşkən, siz bir neçə dəfə demişdiniz ki, bu sahədə qanunvericiliyə təkliflər olacaq. Bu sahədə vəziyyət necədir?

- İş gedir. Qəbiristanlıqlarla bağlı artıq proses tam təkmilləşib. Yəqin ki, nümunəvi qəbiristanlıqların yaranması və idarə olunması barədə Nazirlər Kabinetinin qərarı olacaq. Bütün instansiyalardan artıq rəy alınıb, tam hazır vəziyyətdədir. Ola bilsin bu, qanun şəklində olsun. Hələ ki məsələ müzakirədədir, inşallah sentyabrda ortaya çıxar. Siyasi partiyalar, o cümlədən QHT-lərlə bağlı təkliflər gündəlikdədir.

- Söhbət qanunların sərtləşdirilməsindən gedir?

- Təkmilləşdirmədən, şəffaflığın təmin olunmasından. Maliyyə məsələsi, maliyyə dövriyyəsi bu gün dünyada hər kəsi maraqlandırır. Çünki terrorizmin, ekstremizmin maliyyələşməsi kimi məsələlər qanunla qadağan olunur. Siyasi partiyaların maliyyələşməsi də qanunla tənzimlənir. Burada da şəffaflıq önəmli məsələdir ki, hər bir təşkilatın maliyyə mənbələri məlum olsun və onun məsrəfləri müəyyənləşsin.

- 2018-ci prezident seçkisi ilindən gözləntiləriniz nədir?

- Təbii ki, hər bir seçki ili qaynar keçir. Siyasi debatlar, siyasi ab-hava olduğundan seçki ili bütün dünyada digər illərdən daha “isti” keçir.

- Vaxtaşırı Azərbaycanın keçmiş məmurları, yaxud oliqarxlarla bağlı xəbərlər yayılır. Rusiyanın dəstəklədiyi sürpriz namizəd ortaya çıxa bilərmi?

- İnanmıram. Rusiya ilə Azərbaycanın münasibətləri, prezidentlər, dövlət və xalqlar arasındakı münasibətlər normaldır. Ara qızışdırmaq istəyən, erməni “barmağı” olan qüvvələr var ki, indiki münasibətlərin üstünə kölgə salmaq istəyir. Ona görə də dezinformasiya yayır, müxtəlif məqalələr dərc edir, yaxud televiziya verilişlərində qərəzli fikirlər söyləyirlər. O cümlədən Rusiyanın ayrı-ayrı dövlət strukturlarında kifayət qədər ermənilər yerləşib, telekanal və mətbuat orqanlarında ermənilər fəaliyyət göstərir, dolayısı ilə Azərbaycan və Türkiyəyə qarşı fikirlər söyləyir, ictimaiyyəti çaşdırmaq istəyir. Belələri təbii ki, olacaq, amma onlar iki dövlət arasını korlamaq imkanında deyillər. Həm də ki, seçkidə xalqın rəyi əsasdır, qalan məsələlərin mənası yoxdur. Bu gün Azərbaycan prezidentinin gördüyü işlər, atdığı addımlar, sosial layihələrin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı ilə əlaqədar qərarları və digər hadisələr ictimaiyyət tərəfindən bütövlükdə dəstəklənir. Xalqın dəstəyi olan yerdə digər kənar qüvvələrin heç bir rolu ola bilməz.

- Söhbətin əvvəlində dediniz ki, bu məsələyə qarışmırsınız. Amma bu da var ki, ayrı-ayrı məmurlar öz hərəkətləri ilə prezidentin gördüyü işlərə xələl gətirirlər.

- Bunlar hamısı hüquq-mühafizə orqanlarının işidir, onlar araşdırıb öz sözlərini deyəcəklər, qərarlarını verəcəklər. Bu məsələnin mənim sahəmə - istər partiya baxımından, istərsə də Milli Məclisdəki fəaliyyət baxımından - heç bir aidiyyəti yoxdur.

- Belə yanaşmalar da var ki, bu hadisədən sonra həmin məmur xalqın qarşısına çıxıb üzr istəməli və postunu təhvil verməli idi.

- Yenə deyirəm, mən bu məsələyə qarışmıram.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi