“Mən bundan alçaq şey görmürəm” - Vaqif Bəhmənli

men-bundan-alcaq-sey-gormurem
Oxunma sayı: 2640

Şair, Milli Ensiklopediya Mərkəzinin  direktor müavini Vaqif Bəhmənlinin “Qafqazinfo”ya müsahibəsi:

- Vaqif müəllim, son zamanlar sizi mətbuatda görmürük. Nə işlə məşğulsunuz, yaradıcılığınızda hansı yeniliklər var?

- Başıma gələn bir əhvalat yadıma düşdü, deyim, söhbətimiz şirin olsun... 2015-ci ildə mənim nə az, nə çox, altı kitabım çapdan çıxmışdı. Bu sayda kitabı təkcə elə texniki cəhətdən ərsəyə gətirmək insandan çoxlu enerji istəyir. Belə bir zamanda bir dostumla qarşılaşdım,  o soruşdu ki, sən  hardasan, yazıların niyə çıxmır? Halbuki həmin il ortada altı kitab vardı. Sualınız mənə həmin dostumun sualını xatırlatdı. Əslinə qalanda uzun illərdən bəri necədirsə, elə də davam edir: qaydasında yazır, qaydasında da çap olunuram. Bəli, bir az ənənələrə bağlı adamam. Yazılarımı, şeirlərimi “Ədəbiyyat qəzeti”nə, “525-ci qəzet”ə “Azərbaycan” jurnalına göndərirəm. Saytlarda isə , görünür, imzamın təəssübünü çəkən jurnalistlər, redaktorlar yoxdur. Hər gün çalışıram.  Elə bilirəm ki, həyatımda vaxtdan başqa hər şey çatır. Əslində isə çatmayanlar da az deyil. 

- Çatışmayan  nələriniz var?

- Ətrafdakı insanlarda nələr çatmırsa, məndə də çatışmayan odur.

- Söhbət maddi məsələlərdən gedir? 

- Əgər kitablarımın çap xərclərini soruşursunuzsa deyim, indiyə kimi kitablarımın nəşrinə nəşriyyatlar özləri maraq göstəriblər. Naşirlərin bir çoxu dostlarımdır. Bundan ürəklənib bir sıra hallarda müəllifə düşən paydan istəkli  oxucularıma kitab hədiyyə də edirəm.  Geniş mənada  isə heç kim deyə bilməz ki, onun həyatında hər şey çatır. 

- Elə məqamlar olurmu ki, düşündüyünüzü ifadə etməyə sözünüz çatmır? 

- Əgər sənətkar bağlandığı sənətə intellektual və mənəvi baxımdan hazırdırsa, onun axtarışı uğurlu olacaq. Məsələn, beynimdə elə mövzular var ki, bu gün də onlara üz tutmağa özümdə hünər və geniş vaxt tapmıram. İndi çalışıram ki, əlimdə nə qədər işlər varsa, görüb qurtarım ki, oturub məhz onları yazım. 

- Ola bilərmi  ki, şair, yazıçı cümləsini yazsın, dərc etdirsin, sonradan  yazdığına peşman olsun. Sizin yazdığınız yazıya, şeirə görə peşman olduğunuz məqamlar varmı? 

- Nəinki indiyə qədər qələmə aldığım şeirlərin, hətta “Sovet kəndi” qəzetində çap olunan reportajların da altına imza qoymağa hazıram. Heç vaxt yazılarım sarıdan peşmançılıq çəkməmişəm. Bu, mənim fikrimdir. Kənardan necə düşünürlər, bax,  bunu bilmirəm. Uzun, mərhələli yaradıcılıq yolu keçmişəm, təbii ki, səviyyəsindən narazı qaldığım əsərlərim də  var. 

- Bəs “Hamıya yaxşılığa” necə? 

- Həmin şerin ürəkdən gələn bir istəklə yazıldığını bir daha təsdiqləyir və deyirəm ki, ithaf şeirləri məndə böyük bir kitablıq silsilədir. Onların sayı yüzlərlədir və hamısı da çap olunub. Görün, orada kimlərin adı var: Nizami, Füzuli, Sabir,  Mustafa Kamal Atatürk, Ulu öndər Heydər Əliyev, Prezitentimiz İlham Əliyev, Anar, Elçin, Əbülfəz Elçibəy, Allahşükür Paşazadə, Sabir Rüstəmxanli, Musa Yaqub , Seyran Səxavət, Ramiz Rövşən və yüzlərlə digər şəxsiyyətlər! Adını çəkdiyiniz şeir də ithaf şeirlərimdən biridir. Orada söhbətin mövzusu, bədii obraz  şəxs deyil, mənəvi-əxlaqi anlayış olan insan yaxşılığıdır. İndi siz müəyyən bölgələrimizə getsəniz, görərsiniz ki, hamı bir-birinə “qurban olum, başına dönüm” deyir. Yəni, can deməklə candan can əskik olmaz. Bu sözlər insan mənəviyyatına zənginlik gətirir. Mən elə ananın, nənənin, babanın yanında böyümüşəm ki,  bizim evdə can deyilib və can eşidilib. Bu artıq bizim şüuraltı yaddaşımızdır, özümüzdən asılı olmayaraq insanlara xoş söz deyirik. Sizin eyham vurduğunuz yolu tutsaydım, Allah bilir, indi haralardaydım. Mən həmişə şax, alnıaçıq və üzü ağ yaşamışam. 

- Hazırda ayrıldığınız kollektivlə, nazirlə münasibətləriniz necədir, əlaqələriniz qalıbmı? 

- Onlar hamısı dostum, çiyin yoldaşlarımdır. Azərbaycan mədəniyyətinin inkişafı üçün birlikdə çalışmışıq. Məhz Nazirliyin dəstəyi ilə ölkədə kitab mədəniyyəti xeyli inkişaf edib.  Müstəqilliyin ilk illərində, yalan olmasın, Azərbaycanda oxucu qalmamışdı. Halbuki səkkiz-on il ərzində nazirlik 500 adda kitab buraxıb. Bakıda beynəlxalq kitab sərgiləri keçirilib. Bu gün də Azərbaycanda il boyu kitab sərgiləri keçirilir. 10 ildə orada çox böyük işlər görüldü. O kollektivin iştirakı və dəstəyi ilə 60 illik  yubileyimin keçirilməsi də həqiqətən unudula bilməz. 

- Uzun illər bir yerdə çalışdığınız kollektivdən ayrılmaq sizə necə təsir etdi? Belə başa düşdüm ki, həmin kollektivi özünüzə doğma hesab edirsiniz...

- Mən ömrüm boyu, sadəcə, ünvan və təşkilat  dəyişmişəm. Gördüyüm iş  isə həmişə eyni olub: yazmaq, oxumaq ... 

- Adətən yazıçıların, şairlərin həyatında bir kulminasiya nöqtəsi olur  və hər hansı yazısı və şeiri ilə o zirvəyə qalxır, bəzən də tərsi olur, qələmə aldığı hər hansı bir məsələ onu zirvədən salır. Sizin yaradıcılığında eniş nöqtəniz nədir? 

- Hər hansı yaradıcı insan hər zaman bu haqda düşünməlidir. Bilməlidir ki, o hansı ucalığa qədər qalxa bilib və harada büdrəyib. Biz enerji daşıyıcılarıq. İçimizdəki enerjini isə bir dəfə yandırıblar. Burada ləyaqət məsələsi önə çıxır və sənin nə qədər o nuru daşımağa layiq olmağın ortaya çıxır. Mən bir şeirimdə demişdim ki, “ömrümü günə, aya bölmədən bütöv yaşamaq istəyirəm”. Həyatımızı cədvələ bölmədən də yaşaya bilərik. Mən özümü xoşbəxt sayıram ki,  düşüncələrimi Azərbaycan ədəbi dilində ifadə eləmək bacarığına yiyələnmişəm. Bununla belə hələ də mənə elə gəlir ki,  nəsə bir bina tikmək istəyirəm və bunun üçün hələ də taxtabəndlər düzürəm. 

- 60 yaşlı Vaqif Bəhmənlinin indiyə kimi 40-ya yaxın kitabı çıxıb. Sayını unutduğunuz qədər şeirlər yazmısınız. Şeirlərinizdə məntiq, söz bir-birini tamamlayır. Ancaq indi niyə  ictimaiyyət sizin adınız çəkiləndə avtomatik olaraq o şeir yada düşür? Bu bir qədər də sizə qarşı haqsızlıqdırmı? 

- Mənim Bakı şəhərində işiq üzü görən  ilk şeirim “Mənim nənəm sizdədir” adlanırdı. Bir şair olaraq o  şeirdən bu gün yazdıqlarıma qədər həmişə sevilmişəm. Həmişə şeirlərimi oxuyub təsirlənən insanların varlığını bilirəm.  Hansısa bir şeirə görə ədəbiyyatda olmayan adam ədəbiyyata gəlib, desələr, bu, insafsızlıq olar. Elə bu səbəbdən ədəbiyyata qətiyyən dəxli olmayan fikirləri qoymaq  lazımdır bir qırağa, mən o heç nədən hay-küyü unutmuşam, hamı unudub, bəs mənim jurnalist bacı-qardaşlarım niyə unuda bilmir? Bax, bunu da bilmirəm. Hər şeirin taleyi var, o şeir də öz taleyini yaşayacaq. 

- Deyirsiniz ki, heç vaxt daha yüksək vəzifələrdə, kreslolarda gözünüz olmayıb. Təkliflər olub qəbul etməmisiniz? 

- Bəli, yüksəklərdə gözüm olmayıb. Məni böyük vəzifələrə dəvət də etməyiblər. Özüm də buna can atmamışam. Amma nəsə etmək olardı da. Kiməsə özünü xatırlatmaq, yada salmaq olardı. Ancaq heç bir qapı açmamışam. Bəyəndiyim, dəvət gələn yerlərdən çağırışlar olubsa, orada da işləmişəm. 

- Şeirlərinizin  birində qeyd edirsiniz ki, “Bir var halal çörək, bir də var haram çörək, vallah, bu dünyada pis çörək yoxdu”.  İfadəyə  real yanaşsaq, pis çörək yoxdusa, haram-halal nəyə yarayacaq bəs? 

- Lüğəvi mənada çörək ərzaq növlərindən biridir, nemət kimi götürəndə heç bir mənəvi məna kəsb etmir. Həmin şeirdə isə çörək sənin süfrənə qoyduğun hər şeyi ifadə edir. İndi halal və harama baxış nöqtələri dəyişib. Əgər yetimin, kasıbın göz yaşı hesabına o çörəyi ortalığa qoymusansa, o, haramdır. Gərək çörək insan öldürməkdən, göz yaşından, yetimin başına qapaz vurmaqdan çıxmasın. 

- Elə məsələlər varmı ki,  onu ancaq sizin şair ruhunuz duya bilir? 

- Hər birimiz insanıq. Sizin gördüklərinizi mən də görürəm. Ümumiləşdirəndə isə, biz deyə bilərik ki, dünyada mövzuların hamısı bir-birinə bənzəyir. Bir mövzu var-o da həyatdır! Həyatın içində məhəbbət də, nifrət də, insan da, dostluq da, aclıq-toxluq, müharibə, sülh  də var.  Deyə bilmərəm ki, ədəbiyyata yeni mövzular gətirmişəm. Ancaq şairin vəzifəsi odur ki, yeni duyğu gətirsin. Həyatın içində olan duyğunu ona qədər heç kim hiss etməmiş olsun. Amma bilirəm ki, şeirlərimdə nələrsə təsirli ifadə olunub, buna qədər deyilənləri təkrarlamır. 

- Ümumiyyətlə şairin ruhu azad olmalıdır, hər hansı kabinetlərlə çərçivələnməməlidir, ancaq yazmağı düşünməlidir. Siz də həmişə vəzifələrdə işləmisiniz. İşləməyiniz yaradıcılığıza necə təsir edib? 

- Mən kabinetdə də yekə kresloda oturmuram, gedirəm bax o küncdəki stulda, qəhvəyi , balaca yazı masasının arxasında əyləşib işləyirəm. Siz deyəsən, xoşbəxtlikdən danışırsınız. Əlbəttə ki, o insanlar xoşbəxtdir ki, onların həyatı, işi-gücü yalnız yazmaq olub. Yaradıcılıq əslində azadlıq deyil, o böyük məhkumluqdur. Kaş istedadlı adamların hamısı yalnız yazıya-pozuya məhkum olaydı. 

-  “Xırda əcəl” şeirinizdə “böyük ölümlər üçün bir qədər qocayam mən “ deyirsiz... Necə düşünürsünüz, Vaqif Bəhmənlinin böyük ölümü baş verə bilərmi? 

- Balaca ölüm yoxdur. Əgər şair düşünərsə ki, bir qarışqanın ölümü, ayaq altında əzilməsi də faciədir, o zaman insan ölümlərinin ağrı miqyası aydınlaşar. Heç bir insan öz ölümünü balaca adlandıra bilməz. Çünki o öləndə öz taleyi ilə birgə ölür. Ancaq yetkin yaşda ölümü rahat qarşılayan adamın özü də bir böyüklük göstərmiş olur. Biz yaşda adamların gənclik illəri ilə müqayisədə indi ölüm- itim, intihar, insan həyatının, türklər demişkən “kayb” olmağı adiləşib. Məsələn, bizim Füzuli rayonunda bir nəfər rəhmətə gedərdi, onu bütün el-oba faciə kimi qarşılayardı. İndi doğma adamın itkisi də sanki qabaqkı yanğını vermir.  

- Elə vermək istədiyim suala toxundunuz. Özünüz də görürsünüz ki, intihar, zorakılıq hadisələri meydana çıxır, bununla yanaşı, cəmiyyətdə bir susqunluq da var. Siz bir ziyalı kimi niyə bu məsələlərə toxunmursunuz? 

- Elə məsələlərdir ki, buna nə cür mövqe bildirmək lazım olduğunu demək çətindir. Bəlkə zaman-zaman bu cür intiharlar da olub. Ancaq informasiyanın insana çatan yolu bu qədər sürətli və asan olmayıb. Bu gün ucqar bir kənddə hər hansı hadisə baş versə, biz ondan internet vasitəsilə xəbər tuturuq. Biz əgər iradəsini zəif olan insanı inandıra bilsək ki, sənin canın, ağlın, intellektin yalnız sənin deyil, cəmiyyət  sənə əziyyət çəkib, yedirdib, içirdib və belə olduğu halda sən tək özünün deyilsən. Ey insan, sən əgər  bunların hamısını kənara atıb həyatına qəsd edirsənsə,  demək ki, böyük ədalətsizliyə yol verirsən. Mənəviyyat baxımından da həyat sonsuz məşqdir. İnsanın xarakteri onun bədəni kimi bərkiməlidir. İndi deyirsiz ki, niyə səs ucaltmırsınız? Amma nəzərə alın ki, hər dəfə səs ucaldanda insanın canından can gedir. Onsuz da həyatımız qaynardır. O cür hadisələrə reaksiya verəndə heç inam da yoxdur ki, nəyisə düzəldə bilərsən. Amma sizinlə şərikəm ki, ardıcıl maarifləndirmə olmalıdır və bu ağlı başında olan hər bir insanın borcudur.

- Bu yaxın zamanlarda kişinin öz qardaşı qızını qaçıraraq evlənməsi ölkə gündəmində çox müzakirə olundu, tənqidi yanaşmalar oldu. Sizin bu məsələdə mövqeyiniz necədir? 

- Bunlar iyrənc məsələlərdir. Ümumiyyətlə elə şeyləri  oxumuram. Bu alçaqlıqdır, bundan alçaq şey mən görmürəm. İnsanın öz hisslərini idarə etməyi onun mədəniyyətinin ən dəqiq meyarıdır. Əslində qohum insanların bir-birinə duyduğu hiss tabudur. O mütləq bir-birini dəf edən atomlar kimi olmalıdır. Yəni, eyni adlı yüklər bir-birini dəf edir. Ən yaxın qohumlar, tutaq ki, hamısı müsbət atomlardır. Əgər sən əmiqızını, qardaş uşağını qarşında görürsənsə, sənin düşüncən ancaq namus anlayışına tabe olmalıdır. Baş verənlər isə qəti yolverilməzdir, tərbiyəsizlikdir. 

- Belə bir deyim var. Deyirlər ki, övladlar böyüdükcə valideyinlərin beli kiçilir. Övladlarınızdan yana razısınızmı, onlar nə işlə məşğuldurlar? 

- Professor, yazıçı Qəzənfər Paşayev “Altı il Dəclə Fərat sahillərində” kitabında bir ərəb məsəli çəkmişdi : “övladlar uşaq olanda valideyni yatmağa, böyüyəndə yaşamağa qoymur”. Allaha şükür ki, övladlarım yüksək intellektə malik insanlardır. Bu yaşa qədər övlad mənasında həm doyunca yatmışıq, həm də ürəyimizcə yaşamışıq. Balalarım üxtəlif yerlərdə çalışırlar, körpələrin çoxluğu səbəbindən ev xanımı olanı da var. Amma hər biri müəyyən mənada  yazı-pozu ilə bağlı gənclərdir. 

Günel Türksoy
Foto və video: Kamil Əmirli