Mən də avans istəyirəm

men-de-avans-isteyirem
Oxunma sayı: 647

Azər Qismət

Bu günlərdə ata yurduma – Sabirabada yola düşdüm. İki saatlıq yol ərzində hazırladığım veriliş üçün dünyanın aqrar xəbərlərini izləməklə vaxt öldürməyə çalışdım. Rastıma çıxan ilk xəbər bu oldu ki, Zimbabvedə müşahidə olunan nağd pul çatışmazlığı ölkədə tütün istehsalçılarını çətin vəziyyətə salıb. Banklar hər gün maksimum 50 ABŞ dollarını nağdlaşdırmağa imkan verir. Bu səbəbdən kənd təsərrüfatının və ixracın əsas sahəsi tütünçülükdə ixtisaslaşan fermerlər aylardır pullarını ala bilmirlər. Onlar hazır məhsulu şirkətlərə təhvil versələr də, bank məhdudiyyətləri ödənişlərə mane olur. 

Sürücünün ara mahnılarından qulağım dinclik tapanda anladım ki, rayona çatmışam. Qohumlarımdan birinin evinə getdim, çoxdan görmürdüm, həm də hərdən incikliyi paytaxta gəlib çatırdı ki, rayona gələndə bizim qapını açmır. Ortaya çay gələndə uşağını çağırıb qulağına pıçıldadı ki, yaxındakı marketin satıcısından nisyə şokolad və peçenye alıb gətirsin. Etiraz etdim ki, tez gedəcəyəm, lazım deyil. Xeyri olmadı. Qohumum işlərimlə maraqlandı, yaşayışdan narazılıq etdi. Məlumat üçün deyim ki, qohum heç harda işləmir, gözünü anasının təqaüdünə dikib. Rayonun yaşıllaşdırma işlərində suvarçılığa çağırsalar da getməyib, özü demişkən bunu şəninə sığışdırmayıb: “Mən bəy nəsli olmuşam, camaat məni hoydu-hoyduya götürər”. İstədim deyəm ki, “ay bədbəxt, camaat işləyən adama yox, işləməyən adama pis baxır”. Doğrusu çay içə-içə gözüm həyətinə sataşdı, hardasa 1 hektar torpaq sahəsi vardı. Soruşdum ki, “nə əcəb bir şey əkmirsən?”, qayıtdı ki, “toxumun, şitilin pulunu hardan alım?! Heç kim də borc vermir”. Bu danışdıqca anladım ki, bəhanə gətirir, sadəcə “Allahdan buyruq, ağzıma quyruq” deyən adam tipidir. Hər halda bəhanəsini kəsmək üçün sonacan getməyə qərar verdim.

-Borc niyə istəyirsən ki? Hökumət avans verir də.

Bunun gülüşünə qonşuda dəryazla ot biçən kişi səksəndi, karlıqdan əziyyət çəkən digər ağsaqqal qonşunun qulağı açıldı. Bəlkə də kişinin qulağının açılmasında tibbi yeniliyə imza atmışdım. Hiss etdim ki, əsəbiləşirəm. 

-A kişi, sənin xəbərin var ki, Zimbabvedə adamlar tütün pullarını şirkətlərdən ala bilmirlər? Təsəvvür et, yığdığı məhsulun pulunu vermirlər, adamlar çar-naçar qalıb evə də getməyə utanırlar. O qədər seriala, “boyevik” filmlərə baxmaqdansa, hərdən xəbərləri də izlə. Gör ölkədə nə baş verir?! Bax, sənə deyirəm, bizdə əkinçilərə əvvəlcədən avans verirlər. 

Bu qohum ikinci dəfə güləndə durub getmək istədim. İki uşağının yazıq gözlərinə baxıb “lənət şeytana” deyib oturdum ki, heç olmasa övladları xatirinə əlinə beldən-dəryazdan aldırım. Gülüşünə qəzəblə baxdığımı görüb sakitləşib soruşdu:

-Kim verir o avansı? 

-“Ərzaq tədarükü və təchizatı idarəsi”.

Telefonunda google-ni tapıb axtarış verdi.

-Sən canın, hərflərlə de, yazım.

-Ər-zaq tə-da-rü-kü və təc-hi-za-tı ASC.

Özümün höccələməyimə gülməyim tutsa da, dilimi dişimə tutub dözdüm. Birdən bərkdən dilləndi:

-Bunlar Tovuzda avans veriblər ki? Bu, necə ola bilər axı? Elə durduğun yerdə avans verirlər?

-Hökumət pul ayırıb, onlar da istehsal ediləcək məhsulun 25 faizini əvvəlcədən verib avans müqaviləsi imzalayırlar. 

-Axı mən ömrümdə heç nə əkməmişəm.

Doğrudan da heç nə əkməmişdi, 1 hektar sahə ağzı günə durub baxırdı. Özü də məlul-məlul. Kəndin nisyə dəftərində adı ikinci yerdə gəlirdi. Birinci yerdə olan bundan tənbəl idi. 

-Əkməmisən, öyrədəcəklər. 

-Necə yəni?

-İdarənin yerlərdəki nümayəndələri həyətinə gəlib maarifləndirici iş aparacaqlar.

-Maarifləndirici iş nədir?

İşə düşmədik. Saata baxdım ki, digər qohumlara da dəyməliyəm. Amma çətin də olsa söhbəti sona çatdırmalı idim. 

-Bax sən nə əkmək istəyirsən?

-Xiyar-pomidor.

-Ay sağ ol. Atan oldu behiştlik. Sahənə gəlib necə əkmək lazım gəldiyini başa salacaqlar, zərərvericilərə qarşı hansı dərmanları vurmalısan və sair. Cəmiyyətin əməkdaşları sahəndə istənilən vaxt baxış keçirəcəklər. Baxacaqlar ki, tərəvəzə necə qulluq edirsən. Sonra məhsullardan nümunə götürəcəklər. Lazımi standarta uyğun gəlsə axırda alacaqlar. 

-Onda gərək yük maşını tapıb məhsulumu aparım. O gün Sirac (yük maşınının sürücüsünü nəzərdə tutur) iki inəyi Bakının bazarına 100 manata aparıb.

-Narahat olma, onu da cəmiyyətin əməkdaşları həll edəcəklər. 

Düzdür, qohumla söhbət zamanı bəlkə də ömrümdən 5 il əksilsə də, bircə onu bildim ki, çoxdan düşünməyən beyninə nəsə xeyirli bir məlumat ötürdüm. Qapıdan çıxanda gördüm ki, cəmiyyətin əlaqə nömrəsnə zəng edib deyir:

-Salamaleykum. Sabirabaddan zəng etmişəm. Mən də avans istəyirəm. Hə, 1 hektar sahəm var...

Neçə aydan sonra yenə rayona gedəcəyəm. Lövbərimi birinci bu qohumun evinə salacağam. Bostan sahəsindən təzə-tər xiyar-pomidor da dərib yeyəcəyəm. Buna əminəm. Çünki məlumatı verəndə gözlərinin güldüyünü görmüşdüm.