“Mən də qaçsaydım, indi Mamedin yerində oturmuşdum”

men-de-qacsaydim-indi-mamedin-yerinde-oturmusdum
Oxunma sayı: 3291

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə zərərçəkmişlər ifadə verib. 

Araz Məmmədov yanğın olan mərkəzdə müalicə olunub:  "Mən Mamedin otağında yanğın görməmişəm. Narkotikə görə 6 aylıq məcburi müalicəyə göndərilmişdim. 3 ay idi ordaydım. 9-cu otaqdaydım, Mamedin otağı üzbəüz 14-ci otaq idi. Səhər saat 5-ə qalmış oyanıb Gürcüstan vətəndaşı olan Poladla  söhbət edirdim. 6-ya işləmiş xəstələrdən biri otağa girib dedi yanğın var. Çölə çıxıb gördük 15-ci otaqdan tüstü çıxır, qapısı da bir az açıq idi. Həmin otaqda kimsə ayaq üstə dayanmışdı, amma kim olduğunu bilmədim. Mühafizəçi Amid şöbənin qapısını açdı, Dadaşov Fəridlə çölə çıxdıq. Arxamca da Mamed çıxdı, bizə dedi sağa keçin tüstü tutmasın. Biz dönəndə daha Mamed yoxa çıxdı, hara getdiyini bilmədik. Mamedlə eyni otaqda sabirabadlı oğlan qalırdı, o da "lomka"dan çıxmışdı. Mamed oranı yandırmaq istəsəydi, səsə oğlan oyanardı. 

Şöbənin iki qapısı var idi, biri həmişə bağlı olurdu, o qapı heç vaxt açılmırdı. Mamedin günahı odur ki, oradan qaçdı. Mən də qaçsaydım, indi Mamedin yerində mən oturmuşdum. 

Yanğın vaxtı tibb bacısı Şəlalə xanım da ordaydı, 8-ci otaqdakı xəstə ağrıyırdı deyə ona iynə vurmağa gəlmişdi. O da bizimlə birgə qaçıb çölə çıxdı". 

Proses sentyabrın 21-də davam etdiriləcək. 

Murad Əhməd