Mən də, sən də ölməyə bilərik

Mən də, sən də ölməyə bilərik
Oxunma sayı: 1842

Emin Səfərov

Ötən gün də Azərbaycanın menyusunda intihar var idi. Səhər də, günorta da, axşam da... Özünü yeyib-bitirənlərin payını sabah başqası götürəcək. Növbəti gün də başqası...

Bu gün mənim üçün başqası. Sabah doğmam olacaq, sənin üçün başqası... Nə çarə var, Allah? Ya yerdə qul, ya göydə qul, yoxdu seçim axı başqası...

Yerdən göyə baxmaqdansa, varmı yuxarıdan aşağını seyr etməkdən gözəl başqası?

Bir gün də növbə mənə gələcək, təəssüflənəcək başqası. Məyusluğunu iki nöqtə, bir də üzü sağa baxan mötərəzəli statusla bildirəcək. Cümlə çox asandı: “Mən cəhənnəmə...”

Mən “kim”, cəhənnəmə də “hara”... Aciz qalacaq “niyə?” qarşısında. Ən yaxşısı isimdi, varmı bu suallara cavab verən başqası?

Biri səni, biri də məni qınayacaq. “Qorxaq” deyəcək. “Yaşamağa kişiliyi çatmadı” söyləyəcək. Bəlkə də kimsə gorumuza söyəcək. Sevdiyimiz qız da üsyan edəcək: “Öləcək yox idimi başqası?”

Sağlığında “niyə ölüb yerə girmisən?” deyənlər, ölüb yerə girdikdən sonra cansız cəsədinə təriflər yağdıracaq. Yasına “obed” məqsədi ilə gələnlərə ehsan olacaq inəyin də çatılacaq qaşları.

Halbuki mən də, sən də ölməyə bilərik. Bizim sadəcə dərdləşməyə, anlayışa ehtiyacımız var. Telefon əlinizdən düşmür ki,.. Başınızı qaldırıb yaxın çevrənizə baxmırsız ki,.. “Qaqa, vallah, bu gün işim var, sabah görüşüb, bir çay içib, dərdləşərik” dediyiniz sabahlar həftələr, aylar oldu axı...

Heç nə olmaz. Status yazarsız ki, boş qaldı çay içdiyi “çaşka”sı. Sən də yaz. Yaz ki, “ütüsüz asıldı “urbaşkası”...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi