“Mən hamamdan çıxanda anama təcili yardım çağırdıq” - Günay Əhməd

“Mən hamamdan çıxanda anama təcili yardım çağırdıq”
Oxunma sayı: 7672

Aktrisa Günay Əhmədin “Qafqazinfo”ya müsahibəsi:

- Biz sizi keçəl bilirdik, amma siz qısa və sarı saçlı gördüm. Sizin instaqramda paylaşdığınız, keçəl olduğunuz fotolar mətbuatda yayıldı, müzakirə olundu. Nə baş vermişdi?

- Deməli, yaxın dostum Elçin Elxanlı var. Hazırda Hollivuda gedib, yaradıcılığını orada davam etdirmək istəyir. O, sosial çarxlar çəkir. Mənə söylədi ki, xərçəng xəstəliyindən əziyyət çəkənlər üçün sosial videoçarx çəkmək istəyirəm. Həmin vaxtlar qara və uzun saçlarım var idi. Dedim ki, yəqin keçəl olacağam. Ona mülayim cavab vermədim, razılaşmadım. Hər yay oğlumun başını keçəl edirəm. Bir dəfə saçlarını kəsirdim, güzgüdə özümlə dialoqum oldu. Özüm özümə dedim ki, sən bunu edə bilməzsən?! Saçdır da, daha sonra uzanacaq. Heç kəslə məsləhətləşməmiş saçımı keçəl etdim. Bu əməlimə görə anam 3 gün məni danışdırmadı. Mən hamamdan çıxanda onun qışqırıq səsi hələ də qulağımda cingildəyir. Təcili yardım çağırmışdıq. İndi deyir ki, səndən artıq hər şey gözləyirəm. 

Bundan başqa, kimləsə məsləhətləşməməyimin səbəbini də deyim. Bilirdim ki, fikrim barədə ailə üzvlərimlə danışsam, fikrimdən daşındıracaqdılar. 

Daha sonra Niko Abbasov foto-layihəsinə köməklik etdi. Təssüf ki, hər kəs təmənnasız çalışdı, amma texniki avadanlıqlara 5 min manat pul lazım idi. Heç kəs yardım etmək istəmədi. Zaman getdi, saçlarım uzandı, layihə yarımçıq qaldı.

- Belə çıxır ki, boşuna keçəl olduz?

- Boşuna deməzdim. Adətən deyirlər ki, qadınlar depressiyaya düşəndə saçlarından imtina edirlər. Məndə depressiya deyildi, amma bir şey hiss etdim ki, saçlarımla vidalaşanda üstümdə olan ağırlıq getdi və həyatımda yeniliklər baş verdi. Peşman deyiləm, amma bir daha belə edərəmmi? Bu, sual altındadır. 

- Düşünürəm ki, maraqlı bir addım idi. Ümumiyyətlə sizi fərqli obrazlarda görürük. Deyəsən elə fərqlənmək istəyirsiz. Çünki həmkarlarınız standart obrazlarda özlərini daha rahat hiss edirlər. Bunun səbəbi nədir? Tənqid, ictimai qınaqdan qorxurlar?

- Məni daha qohum-əqrəbamın nə düşündüyü maraqlandırmır. Atam, anam, qardaşım və bacımın fikirləri maraqlandırır. “İkinci pərdə” filmində rolum çox cəsarətli idi. Anam kinoya çəkilməyimi istəmirdi. Təpkilər birinci mənə yox, ailəmə gəlir. Amma əzizlərimə təzyiq olanda dözə bilmirəm. 

İnanın ki, fərqlənməyi bilərəkdən etmirəm. Aktrisa filmdən filmə, serialdan seriala keçəndə obrazı ilə bərabər xarici görünüşü də dəyişməlidir. Burada tamaşaçını inandırmaq üçün xarici görkəmində də dəyişiklik etməkdən qorxmamalısan. Əslində mən sənət fədaisiyəm. Yeri gəlsə, qaşlarımı qırxaram. Anamla da bunu danışmışam, demişəm ki, xahiş edirəm, mənim aktrisa olmağımı qəbul et. Mən aktrisayam, insanların taleyini oynayıram, özümü ifa etmirəm. Hələ “Cehizsiz gəlinlər” serialında rol alan zaman bir bəy mənə mesaj atmışdı. Məni obrazım “Qəmər”lə ölçmüşdü. Deyirdi ki, siz əxlaqlı, namuslu, ailəni bu qədər düşünən birisiz. Oxuyub güldüm. İnsanlar hələ də obrazla aktrisanı səhv salırlar. Mən əxlaqsız rolu ifa edirəmsə, həyatda əxlaqsız oluram ki? 

- “İkinci Pərdə” filmindən danışaq. Rejissor Emil Quliyevlə söhbət zamanı söylədi ki, kinodakı Samirə obrazı üçün bir neçə aktrisaya müraciət olunub, lakin tək siz təkliflə razılaşmısız... Görürəm ki, ailəniz sizin hər addımınıza müəyyən qədər qarışır. Onları necə razı saldız? Ssenarini oxuyan zaman nə hisslər keçirdiz? 

- Həmin dövrdə “Cehizsiz gəlinlər”də rol alırdım. “Pərdə” filminə baxmışdım, təbii dialoqlar məni valeh etmişdi. Təəssüf ki, bizim kino sektorunda təbiilik çox azdır. 

Emildən mənə zəng gəldi, dedi ki, bir çox aktrisalar bu obrazdan imtina ediblər. Ümumiyyətlə, hər zaman layihələrdə açıq-saçıq səhnələrdən, geyimlərdən imtina etmişəm. 

Rejissor deyəndə mənə dərhal maraqlı gəldi. Dedim ki, ssenarini göndər.  Oxuyanda hiss etdim ki, artıq kinonun içərisindəyəm. Bir şey də deyim ki, “İkinci Pərdə”də bir səhnə var idi. Samirənin yoldaşı pəncərədən baxanda xanımının ona xəyanət etməsi səhnəsi göstərilməli idi. Emildən yeganə xahişim həmin anın filmdən çıxarılması idi. Tamaşaçılara da maraqlı gələrdi ki, Tima (Hikmət Rəhimov) pəncərədən nə gördü? Burada səbəb açıq-saçıq səhnələrdən qaçmaq deyildi. Orada döyülmək səhnəsi var idi. Hikmət bizi real döyürdü. Qorqud Cəfərə yazığım gəlirdi, çünki Hikmət onu həqiqətən də döyürdü. Narazı deyildik, tərəf müqabilimə problem yaratmağı sevmirəm. Üzərimdə gördüyünüz gecə paltarını “kley”lə bədənimə yapışdırmışdım. Çəkiliş zamanı üzərimdən nəyisə dartıb qopara bilərdi. Çünki adam real oynayır. Hər bir şeyi nəzərə almışdım. Həmin paltarı əynimdən əzabla qopartdım. Amma rahat idim. Əgər yıxılsaydım, paltarım cırılsaydı obrazdan çıxardım. Bundan sonra məndə kompleks yaranardı.

- Filmin premyerası baş tutdu, yəqin ki, yaxınlarınız da ekran işini izlədilər. Reaksiyalar necə oldu? Bayaq dediyiniz kimi, qorxmadınızmı sizi obrazınızla səhv salarlar, təhqir və sərt tənqidi fikirlər səsləndirərlər?

- Əslində qorxu əvvəldən var idi. Emilə demişdim ki, başqa aktrisa tapsan, çək. Mən artıq təpkilərdən qorxurdum. Sadəcə olaraq riskə getdim. Düşündüm ki, nə vaxta kimi “yaxşı qız” obrazları canlandıracağam? Teatrda belə rolları ifa etmək asandır, qohum-əqrəba gəlib baxmır. Düzdür, mən onların fikri ilə yaşamıram. Amma valideynlərimdə əksinədir. Təqdimatda da xüsusi həyəcan məni bürüdü. Şükür ki, heç nə olmadı. Düşünürəm ki, insanlar tərəfindən az izləndi. Mənə elə gəlir ki, yutubda yayımlandıqdan sonra daha çox təpkilər olacaq. 

- İndidən deyirəm ki, özünüzü hər şeyə hazırlayın.

- Hazıram (gülür). 

- Ümumiyyətlə, qadın həyat yoldaşına niyə xəyanət etsin? 

- Ssenarini oxuyan zaman rejissora dedim ki, sizin sadaladıqlarınız səbəb deyil. Bir qadın ərinin dostu ilə ona xəyanət edirsə, burada mütləq intiqam var. Bu obrazı oynamaq çox çətin idi. Aktrisa həmin obraza haqq qazandıraraq oynamalı idi. Mən isə heç cür Samirəyə haqq qazandıra bilmirdim. Qınamıram heç kimi... Sən bir insanın xanımısansa, başqasını düşünə bilməzsən, onun başını aşağı etməməlisən. Ailədə problem varsa, ayrılıb nə istəyirlərsə, etsinlər. Amma ixtiyarları yoxdur ki, evli ola-ola xəyanət etsinlər. Həyat süprizlə doludur. “İkinci pərdə”də Samirənin xəyanət etməsinin səbəbi intiqamdır. Sevib ailə qurmuşdu, amma yaşananlar bu hala gətirdi. Tamaşaçıların gözündə mənfi qəhrəmandır. Amma onun daxilində mərhəmət var. Bir obrazda Samirə həyat yoldaşı ilə danışır. Deyir ki, “sən niyə sevdiyin Günayı özünə arvad etmədin, boşanmış və iki balalı olduğuna görə? Sənin minnətin olsun ki, onun uşaqları sənə ata deyəcək”.

Əslində həyatda da belə şeylər var. Boşanmısansa, ikinci evliliyə haqqın yoxdur. Elə bil ki, çirkli yolla həyata davam etməlisən. Bu qadının müsbət tərəfləri çoxdur, həyat onu belə etdi. Amma yenə də bu, xanımlara xəyanət etməyə haqq vermir. 

- Özünüz necə? İntiqam almağı sevirsiz?

- Qətiyyən yox! Qlobal intiqamdan yox, cüzi şeylərdən danışıram. Mənə mübarizə heç düşmür, həmin işdən xeyir əldə etmirəm. Həyatda nəyəsə görə mübarizə aparmağa dəyməz. Mən bunu yeni dərk etmişəm. Kim deyib ki, həyata xoşbəxt olmaq üçün gəlmişik?! Bu həyat mənim üçün bir sınaqdır. Mənim üçün bu dünyadan sonra başqa dünya var. Mən Allahı yanımda o qədər hiss edirəm ki,.. Ona qovuşacağım günü səbirsizliklə gözləyirəm. İntiqam hissinin nə olduğunu bilirəm, zamanında yaşamışam. Amma indi özümdən kənarlaşdırmışam. 

- Səhv etmirəmsə, siz eyni zamanda iki özəl teatrda çalışırsız. Nə əcəb dövlət teatrlarına üz tutmamısız? Özəl sizə azadlıq verir, səbəb budur?

- Heç vaxt özümə rəva görməmişəm ki, kiminsə qapısını döyüb iş istəyim. Elə oldu ki, Vidadi Həsənov öz teatrına dəvət etdi, daha sonra Pərviz Məmmədrzayevin ocağında çalışmağa başladım. Sizə bir söz deyim ki, seçilmək üçün etmirəm, amma axınla bərabər getmək istəmirəm. Bu iki teatr mənə çox rahatdır. Əslində siz düz deyirsiz, serial və kino seçimlərimdə bizə azadlıq veriblər. Dövlət teatrlarında vaxt cəhətdən məcbursan ki, ayrılan vaxtda işdə olasan. Burada isə fərqlidir. Hər iki sənətkara təşəkkürlər. Hətta Pərviz müəllimin adını telefonuma “Atam” yazmışam. Öz doğma atamın nömrəsini belə bu adla kontakta salmamışam. Mənə çox dəstək olub və olur. 

- Yəqin ki, siz də anlayırsız ki, tək yaradıcılıqla iş bitmir. İndi gündəmdə olan aktrisalar işlərinə bir az şou qatırlar və müzakirə olunmaq istəyirlər. Sizin imicinizin dəyişməsi ilə media maraqlandı. Siz niyə şou arenasında adıçəkilən 5 nəfərdən biri olmayasız? Məsələn, Pərvin Abıyeva obrazı, qalmaqalları ilə gənclər arasında çox fərqlənir. 

- Sənətin o zirvəsində deyiləm ki, kimisə müzakirə edim. Pərvin gözəl xanımdır. Hər zaman konfliktlərdən qaçan olmuşam, qorxaq da deyiləm. Hansısa hadisənin mənə aidiyyatı yoxdursa, orada özümü görmərəm. Pərvin və digəri hansı yolla nə edir, etmir... Bunların mənə aidiyyatı yoxdur. Allah hər kəsə müxtəlif yollar verir. Mən zirvəyə getmək üçün hansı yolu seçəcəm? Bu, özümə məxsusdur. Mən siz deyən yolu seçmirəm. Bəlkə də tənqidlərdən qorxuram. Adicə keçəl şəkillərimi yayanda şərhlər yazıldı. Müsbətlə yanaşı mənfilər də yazıldı. Çoxu dedi ki, məşhurluq üçün bu yola əl atmışam. Müğənni deyiləm ki, populyar olum və toylara dəvət etsinlər ki, oxuyum. Və yaxud gedim tamadalıq edim. Bir az məntiqsizdir. Amma tənqidi qəbul edərəm, təhqiri isə əsla! Ən çox da “Bu” deyərək müraciət edirlər. “Bu” nə deməkdir?

- Hollivud ulduzları film sektorunda cinsi zorakılığa qarşı etiraz etdilər və onlara seks təklif edənlər ifşa olundu. Bizim kino aləmi dar bir çərçivədədir. Bizdə də belə hadisələrə rast gəlmək olur. Amma nədənsə, aktrisaların əksəriyyəti bu təkliflə razılaşır, digərləri isə bundan imtina edərək layihədən gedirlər. Siz bu cür rejissor, prodüserlərlə necə mübarizə aparırsız?

- Çox üzr istəyirəm, necə varsa, elə də deyəcəm. Özümü “qoyun” yerinə qoyuram. İnsanla danışanda onun dediyini yox, demək istədiyini eşidirəm. Elə bir hal başıma gəlib və çıxış yolunu tapmağa çalışmışam. Bir rejissorla çalışırdım, hiss edirdim ki, bunun mənlə bağlı fikirləri başqadır. Evə gəlib çox düşündüm. Layihədən uzaqlaşacağam, işimdən olacağam. Uğurlu layihədir, yaxşı rejissordur. Və belə bir şey etdim. 3-4 il bundan əvvəl səhnəöncəsi məşq edirdik, yenə onun baxışları, atmacaları davam edirdi. Mən də həmin rejissoru qucaqladım, dedim ki, çox sağ olun, hər dəfə çəkilişə gələndə hiss edirəm ki, burada atam, böyük qardaşım var. İnanın, həmin rejissor layihənin sonlarında mənə “qızım” deyə müraciət edirdi. Mən çıxış yolu kimi belə etdim. Münasibətdən nələrisə dərhal hiss edirəm. Belə şeylər mənə lazım deyil. Şükür Allaha ki, hamı hər kəsi gözəl tanıyır. Son iki ildə belə şeylərlə qarşılaşmıram. 

- Aydındır ki, ölkədə aktrisaların aldığı qonorar çox azdır. Bir xanım kimi övladları tək böyütmək çətin deyil? 

- Maddi tərəfdən çox çətindir. Uşağı məktəbə aparmaq üçün cibimdə qəpik axtardığım vaxtlar olub, amma piyada getmişik. Onda belə xoşbəxtlik görürəm. Dar düşüncəli olmaq lazım deyil. Ətrafımızda o qədər problemli, sağalmaz xəstəliyə düçar olan insanlar var ki,.. Onları görəndən sonra şükür edirəm. Pulum tükənən zaman Allah bir iş yetirir, darda qoymur. 

- Bir az övladlarınızdan danışaq.

- İki övladım var. Oğlumun 10, qızımın 7 yaşı var. Onlar məni heç vaxt çətinə salmırlar. Mağazaya girəndə ilk sualları o olur ki, ana, pulun var? Oğlum həddindən artıq düşüncəlidir. Ola bilsin ki, onlarla dost olmağa çalışıram. Pulum olmayanda deyirəm, anlayırlar. 

- Dünyada yox, bizim kino dünyasında çox zaman küsülü olan aktyorlar eyni layihədə rol almaqdan imtina edirlər. Siz də belə kapriz göstərənlərdənsiz?

- Mən kaprizli bir insan deyiləm. Özümə qarşı filmdə hörmətsizlik görsəm etirazımı edərəm, amma ümumi layihəni kölgəyə salacaq bir addım atmaram. Düşünürəm ki, bu, qeyri-peşəkarlıqdır. İndi aktyorlar arasında bir deyim var - “Mən onu yedim”. Bu, nə deməkdir? Bu eqo hamıda var. Çalışmalıyıq  eqomuzu boğazdan aşağı salaq. Eqo insana dəhşətli dərəcədə ziyan vurur. 

- Məni maraqlandıran bir şey var. Şou-biznes üzvlərində adətən belə şeylərlə rastlaşırıq. Onlar haqsızlıqla üzləşəndə, həmkarlarından kimsə onları qıcıqlandıranda açıq şəkildə mübarizəyə atılırlar, etirazlarını bildirirlər. Bəs siz niyə belə etmirsiz? Qorxursuz?

- Qətiyyən, qorxu deyilən bir şey yoxdur. Hər kəsin ruzisini Allah verir. Hərdən deyirlər ki, filankəs sənin yolunu bağladı, müəyyən addımlar atdı, sənin rolunu ona verdilər. Lap yaxşı, düşünürəm ki, əgər o iş alınsaydı, uğurlu olmayacaqdı. Bəzən böyük danışanlar məndə qıcıq yaradır. Ya həmin adamlardan uzaq olacam, ya da sosial şəbəkədə izləmədən çıxaracam. Haqsızlıqdan uzaq gəzəcəm, belə olan halda oturub ağlayacam. Çox vaxt intiqamımı gözlərimlə alıram. Mənə kimləsə mübarizə aparmaq düşmür. Hirsli halda mübahisəmiz düşsə, həmin şəxs tanışımdırsa, deyərəm ki, sonra müzakirə edərik. Yox, həmin şəxs yenə dərinliyə gedərsə...

- Döyəcəksiz?

- Yox, döymək təcrübəm uşaqlıqda olub. Ailəm bacımı və məni karateyə qoymuşdu. Oğlan kimi böyümüşəm. O vaxtlar bacıma bir oğlan sataşmışdı, onu burnundan qan gələnə kimi döymüşdüm. Heç vaxt övladlarımı, əzizlərimi əzilməyə qoymaram. Bu zaman çilədən çıxa bilərəm. Ruhən, daxilən çox güclüyəm. Belə incə olmağıma baxmayın. 

- Elə bayaq dediz ki, sizə yolunuzun kəsildiyini deyiblər. Mən bunu anlamıram ki, həmin aktrisaların müəyyən addımlar ataraq baş rol “qapması” onlara nə uğur gətirir? Çoxu bunun üçün rejissordan pul belə tələb etmir, filmlərin reklamı da güclü deyil. Bir film üçün bu yola əl atmağa dəyərmi? 

- Məşhurluq üçündür. Qohum-qərəbanın, dost-tanışın yanında forslanmaq üçündür... Pilləkənləri yavaş-yavaş getməyi sevirəm. O zaman qazandığın uğurun dadını çıxara bilirsən. İlk baş rolum “Cehizsiz gəlinlər”də olub. Mənə ilk dəfə serialda Zülfiyyə obrazını vermək istədilər. Rumiyyə Ağayeva rolu gözəl ifa edib. 
Heç vaxt baş rolu oynamaq kimi bir iddiam olmayıb. Hər zaman istəmişəm ki, sıradan bir rolu oynayım. 

- Düşünürəm ki, siz ailəli olsaydız, ayrılmasaydız aktrisa olaraq fəaliyyətinizi davam etdirməyəcəkdiz. Yanılıram? 

- Təbii ki, ailəli olan zaman əngəllər olub. Böyük çıxmasın, indi yumruğu stola mən vururam, evi özüm idarə edirəm. İnsan zamanla buna alışır, indən belə inanmıram ki, kimsə peyda olar və masanın üstünə o yumruğu vura! Mənə göstəriş versin və s. Sizə bir söz deyim ki, bu sənət məni çox xoşbəxt edir. Bu xoşbəxtliyi heç kimə dəyişə bilmərəm. Bir işim, bir də övladlarım. Şablon səslənəcək, amma axşam onları qucaqlamağım, övladlarımın böyüyünü görmək böyük xoşbəxtlik verir. Bundan artığını istəmirəm. 

- Siz sualımı səhv başa düşdüz, mən ikinci bahardan söhbət açmadım. Sadəcə olaraq indi ailəli olsaydız, yenə də aktrisa olacaqız? 

- 2005-ci ildə aktrisa kimi fəaliyyət göstərirdim. O zamanlar film və serial sektoru inkişaf etməmişdi, ancaq mənə dəvətlər gəlirdi. Valideynlərim əvvəlcədən bu peşə ilə məşğul olmağıma qarşı çıxıblar. Bu sənəti çox sevirdim. Ailəli olanda belə sevgim azalmadı. Filmlərə baxırdım, hamamda güzgünün qabağında başqa cür oynayırdım. Bu sənət mənlə daim yaşayırdı. Taleh elə gətirdi ki, ayrıldıq. Və mənim aktrisa olmağıma anam razı olmurdu. Üç uşaq olmuşuq və heç vaxt atamıza birbaşa sözümüzü demirdik. Hər zaman anamız vasitəçi olub. Başa düşdüm ki, özüm atamla danışmalıyam. Çünki anam istəmədiyindən atama fərqli çatdırırdı. Özüm atamın qarşısını kəsdim, söhbət etmək istədiyimi bildirdim. Söylədim ki, filmə dəvət ediblər, oynamaq istəyirəm. Əgər istəmirdilərsə, niyə bu sahədə təhsil almağıma icazə verdilər? Oxumuşamsa, içimdə bu qədər sevgi varsa, işləməliyəm. Atamın bir tək sözü o oldu: “Başımı aşağı eləmə!” Onun bu cümləsi mənə ömür boyu kifayətdir. 

Nizami Kino Mərkəzində yerləşən "Nizami Restaurant and Lounge"a təşəkkürlər.

Elvin Elxan

Video-Fotolar: Nuran Məmmədov






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi