“Mən indi gedim qarovulçu dayanım?”

men-indi-gedim-qarovulcu-dayanim
Oxunma sayı: 967

Fərid Hüseyn

İşini tərifləyən adamlara fikir vermişəm, adətən, belə deyirlər: "Əla işdi, əlini ağdan-qaraya vurmursan, ayda 500 manat alırsan". Yaxud "yaxşıdı, vallah, gedib oturub gəlirik, kartımız da cibimizdə". Və ya: "bizdə əladı, işə getdin-getmədin soruşan yoxdu".

Gərəksiz, lazımsız, boş olmaqdan, bir işin qulpundan yapışmamaqdan bu qədər şəstlə, həzlə, qürurla danışan adamları görəndə heyrət edirəm. Niyə, görəsən, insanlar zəhmət çəkməməklə, havayı dolanmaqla öyünürlər? Axı zəhmətkeş, işgüzar, başıqarışıq olmaq insanı mənəvi cəhətdən ucaldır, pis işlərə gözüaçıq olmaqdan saqındırır, dedi-qoduya həssaslıqdan qoruyur.

Qəribə bir dövrə gəlib çıxmışıq; artıq zəhmət çəkmək, nəyinsə uğrunda vuruşmaq, əlləşmək, can qoymaq bihudə iş sayılır, əksəriyyət canına cəfa vermək istəmir. Deyirlər, böyük pullar zəhmətsiz qazanılır, kim çox çalışırsa, deməli, reallıq hissini itirib. Olsun... Ancaq zəhmətdən alınan kam, feyz də var axı... 

İnternet əsrinin gətirdiyi bir bəla var ki, çoxları oturduğu yerdə qazanmaq istəyir, özü də çox qazanmaq. 

• Jurnalist hadisə yerinə getmək istəmir... 

• Bazarlar elektronlaşır.

• İşçi işini evdə internet üzərindən idarə etmək istəyir.

• Araşdırmaçılar arxivlərin yolunu tanımır.

• Müəllimlər evlərində dərs keçməyə can atırlar

• Hamı sanki hər şeyi ayağına, öz yanına gətirmək istəyir. 

Ad günlərinə, ən xoşbəxt günlərə belə hər şey sifariş olunur. İnsanlar səadətli anları üçün belə canlarını əziyyətə vermək istəmirlər. 

Sanki dünyada zəhmətə nifrət dövrü başlayıb. 

Zəhmətkeş adama geridəqalmış, dünyanın gedişatından bixəbər biri kimi baxırlar. 

Kapitalizm həm də pul deməkdir, amma alacağın pulun da müqabilində gərək iş qoyasan ortaya.

Kapitalizm zəhmətə nifrət yox, zəhmətə hörmət istəyir. 

Keçmiş Sovet ölkələrində kapitalizm və sosializm birgə “yeriyirdi” deyə bir sıra məsələlər ayaq-baş olub. Biz də bu sıradan uzaq deyilik.

Biz oxumadığımız halda qiymət almaq, özümüzü yetişdirməyə-yetişdirməyə dəyər görmək istəyirik.

Oxumaya-oxumaya universiteti bitirir, ixtisasımızı bilmədən işə girir, işimizi bilmədən vəzifələrdə möhkəmlənir, illərlə üzərində çalışmadan irəliləyirlər, nəticədə bu gerçəkliyə baxanlarda zəhmətə nifrət yaranır. 

Qəribədir ki, çoxları öz ixtisasını bilmədiyinə görə onlara elə gəlir ki, o hər iş görə bilər. Ona görə hər sahədə qeyri-ixtisas sahibləri “peşəkarlaşıb”.

Zəhmətə nifrət insanda lovğalıq yaradır: Məsələn, heç bir təhsili olmayan birini restoranda iş olduğunu, yaxud gözətçi işini tapdığını desən ilk reaksiyası bu olacaq: “Mən indi gedim qarovulçu dayanım?” Yaxud “mən onun-bunun qabağına qab daşıyım?”

Belələri dərk eləmir ki, sən orta məktəbi güclə bitirmisən, savadın, dil bilgin, bacarığın, hətta dərinə getsək üstün insani keyfiyyətlərin də yoxdur. Bəs nə işləmək istəyirsən? Niyə özünü ucalara layiq görürsən? 

Əfsus ki, çoxları ucada dayanmaq haqqında fikirləşir, ucalmaq barədə yox...