“Mən indi qızımı atsam, onu məhv etmiş olaram”

men-indi-qizimi-atsam-onu-mehv-etmis-olaram
Oxunma sayı: 8675

Ötən gündən etibarən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının öz həyat yoldaşına və övladlarına qarşı fiziki şiddət tətbiq etməsi məsələsi ölkə gündəminin müzakirə mövzusudur. 

“Qafqazinfo” xəbər verir ki, F. Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur jurnalist Sevinc Osmanqızının verilişinə qonaq olub. O, bu məqamda övladının hər şeydən əsas olduğunu vurğulayıb: “Mən qızımla əlaqə yarada bilmirəm. Onun hansı gərginlikdə olduğunu bilirəm. Mən uzun illər onların anasından əlavə, ictimai fiqur və yazar kimi davranmışam. Bu gün isə Selcanın və Sənayın anası kimi davranmağa qərar verdim. Selcanı yola salanda dedim ki, səni incitməyəcəm və heç vaxt atmayacam. Çünki Selcan qorxulardan və zədələrdən ibarət bir uşaqdır. O mənə dedi ki, ana, ancaq sənin anan səni atdı. Mən indi bu dəqiqə onu atsam, onu məhv etmiş olaram. Yanlışları ilə, doğruları ilə qızımın yanında olacam ki, onun psixoloji durumunu tamamilə normal hala gətirim.

Mən zəif qadın olmamışam. Yaşadığım bütün problemlərin öhdəsindən özüm gələ bilmişəm. Məsələni heç vaxt ictimailəşdirmək istəməmişəm. Özümə və qızlarına güvənmişəm. Bu ölkədə əzilən, şiddətə məruz qalan, məndən də zəif olan insanlar var. Mən o insanlara təşəkkür edirəm ki, bu ölkədə əzilən insanların yanında səmimidirlər. Uzun illərdir ki, ölkənin problemlərini öz şəxsi problemlərimdən üstün tutmuşam. Övladımın bunu ictimailəşdirməsini istəmirdim. Düşünürdüm ki, bu məsələni güclü qadın kimi  həll edib öhdəsindən gələ bilərəm. 

Biz bu ölkədə öz arzularımıza, yaşadığımız haqsızlıqlara da diş sıxmalıyıq. Ölkədə səmimi şəkildə dəyişikliklər etmək istəyən insanlar bir araya gəlməlidirlər”.