“Mən kimisə çətin vəziyyətdə qoymaq istəmirəm” - Polkovnik

men-kimise-cetin-veziyyetde-qoymaq-istemirem
Oxunma sayı: 751

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə hörə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə şahid qismində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı E.M ifadə verərək deyib ki, zərərçəkmiş Vidadi Əzizovun saxlanılması əməliyyatında iştirak etməyib: “Sadəcə həmin günü rəis Aydın Manafova vermək üçün məndən çanta istədilər, şəxsi notbukumun çantasını vermişdim. Onun içinə sənəd qoyub istintaqa göndərirdik”.

Təqsirləndirilən Mirəziz Əsgərov deyib ki, pul idmançı çantasında olub və V.Əzizov özü aparıb: “Mən yoxlamadan gələndə Elxan müəllimlə rastlaşdıq. Ona Vidadi Əzizovun şikayət etdiyini dedim. Elxan müəllim dedi ki, o iş bitmədi? Bu zaman Elxan müəllim çanta söhbətini yada saldı. Dedi ki, bilən bilir bu nə məsələdir, daha səndən niyə şikayət edirlər. Elxan müəllimə dedim ki, bu məsələni idarə rəisi olmuş Aydın Manafovun yanında açsan, mən hər şeyi deyəcəyəm. Bu söhbətdən yarım saat sonra Aydın Manafovun otağında olduq. Bu məsələni orada da danışdıq. 20 aydır həbsdəyəm, faktlar ortaya qoyuram. Amma istintaq ehtimal üzərində işləyib". 

Polkovnik M.Əsgərov qeyd edib ki, yoxlama şöbəsi Vidadi Əzizovda olan pulun məbləğini araşdırıb:

"Dedim ki, 541 min manat olub. Nazirliyinin əsas məqsədi məbləği dəqiq öyrənmək olub. Bu məbləğ də Aydın Manafovun otağında olub. Burada heç kimi asmırlar. Sadəcə həqiqətin üzə çıxmasını istəyirəm. Hər birimizdə zabit şərəfi var. Bu dövlət dar gündə olanda öndə zabitlər gedəcək. Mənə ən ağır cəzanı verin, hər şeyə razıyam. Amma nahaqqı qəbul etməyə çətinlik çəkirəm. Elə şey var ki, burada demək olmur. Mən kimisə çətin vəziyyətdə qoymaq istəmirəm". 

Vidadi Əzizov qeyd edib ki, burada insan taleyi həll olunur, heç kimin günahsız yerə həbs edilməsini istəmir: “Bu işdə mən təkcə Mirəziz Əsgərovun adını bilmişəm, onun da adını yazmışam. O birilərin adını bilməmişəm. Burada haqq ədalətin ortaya çıxmasını istəyirəm”. 

M.Əsgərov  deyib ki, V.Əzizov ona mesaj yazıb: “O, mənə “Mirəziz sənlik burad heç bir şey yoxdur, çox şeyi üzərinə götürmə” mesajını yazıb”. 

Vidadi Əzizov həmin mesajı yazdığını təsdiqləyib. 

Mirəziz Əsgərov evinin sənədinin geri qaytarılması ilə bağlı vəsatət verib. Hakim bildirib ki, bu məsələ araşdırılacaq. 
E.Allahverdiyev elan edib ki, növbəti iclasda MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Ədalət Əsədullayev, sabiq idarə rəisi Aydın Manafov və Rəşad Əhmədov ifadə verəcəklər. Buna görə də həmin iclas qapalı keçiriləcək.

Murad Əhməd