“Mən mənəvi cəzamı çəkirəm” – Nigar Yaqublu

men-menevi-cezami-cekirem-nigar-yaqublu
Oxunma sayı: 686

“Media forum” saytı xəbər verir ki, prosesdə vəkillər və Nigar özü çıxış edib.

Vəkil Elton Quliyev istintaqın yenidən aparılmasını tələb edib və Nigar Yaqublu haqda seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Digər vəkil Nemət Kərimli Nigar Yaqubluya bəraət verilməsini tələb edib.

Vəkil Adil İsmayılov isə çıxışında hakim İlham Kərimlini Nigar Yaqublunu azadlıqdan məhrum etməməyə çağırıb və şərti həbslə kifayətlənməyi təklif edib.

Nigar Yaqublu son sözündə deyib ki, məhkəmənin nə qərar verəcəyi onun üçün əsas deyil: “Mən mənəvi cəzamı çəkirəm. Ancaq çox təəssüf edirəm ki, Aydın əminin ölümündən istifadə edib bizi cəzalandırırlar”.
Nigar Yaqublu əlavə edib ki, o, həmişə azadlıq, demokratiya, müstəqil məhkəmə hakimiyyəti uğrunda mübarizə aparıb: “Biz buna görə meydanlardayıq. Həbsdə olduğum dörd ayda qanunsuzluqlara bir daha şahid oldum”.
O, həbsdə olduğu müddətdə sınmadığını vurğulayıb.
Məhkəmədə fasilə elan olunub.

Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.