“Mən necə intihar etdim?”

men-nece-intihar-etdim
Oxunma sayı: 2153




Qəzetlərdə intihar hadisələri barədə yazıların dərc ediilməsi qadağan olsa da, bu mənim öz intiharım haqaqında xəbər olduğu üçün onu yazmağa qorxmuram. Eyni zamanda, çox ciddi olan rəsmi idarələrin mənim kimi qeyri – ciddi bir adamın intihar etməsinə sevinəcəklərini də güman edirəm.

Bir vaxt ciddi əsəb xəstəliyinə tutulmuşdum. Müalicə heç cür fayda vermirdi. Ona görə tez – tez intihar etmək fikrinə düşürdüm. Nəhayət, bu planımı həyata keçirməyi ət etdim və... İlk intihar hadisəsi belə baş verdi!
Öz - özümə:

- Hey aşiq, - dedim. – Ölümlər içərisindən özünə layiq ölüm seç! Tapança, bıçaq, yoxsa başqa şey... Seç görək!..

Madam ki, öləcəyəm heç olmazsa, asan ölüm olsun, dedim. Gedib çox təsirli bir zəhər axtarıb aldım. Otağa girib qapını – bacanı bağladım. Uzun, romantik bir məktub yazdım , axırını da “Əlvida ey fani dünya! Əlvida ey zalım fələk! Əlvida, ey Sədrəzəm!.. “ sözləri ilə qurtardım. Bundan sonra qədəhi zəhərlə doldurub başıma çəkdim və uzandım . İndi damarlarımın büzüşəcəyini, əlimin – ayağımın qıc olacağını , damarlarımda qanımın quruyacağını gözlədim. Ancaq bunların heç biri olmadı . Qalxıb bir qədəh də içdim . Yenə heç şey olmadı. Üçüncü qədəhi içdim... O da məni öldürmədi... Sonra öyrəndim ki, bizim ölkədə yalnız südə su, yağa şor, pendirə başqa şeylər qarışdırmaq bir adət olduğu kimi zəhərlərin də zayı çıxıbmış. Buna görə də insan özünü istədiyi vaxtda, istədiyi kimi öldürə də bilmir.
Mənim ağlıma bir şey gəldimi , ondan əl çəkən deyiləm. Ona görə özümü öldürmək üçün başqa çarə fikirləşdim . Bu səfər beynimə bir güllə sıxmaq yolu ilə ölməyə qərar verdim. Tüfəngi alnıma dayayıb çaxmağı çəkdim. Oradan “puff “ səsi çıxdı. Çaxmağı bir daha çəkdim. Yenə “puff “ səsi eşidildi. Çaxmağı üçüncü dəfə basdım . Oradan ancaq “puff“ səsi çıxdı.

Sən demə, bu tüfəng Amerika yardımı hesabına ölkəmizə göndərilən xarab silahlardanmış . İntihar üçün güllənin xeyri olmadığını görəndə, mən qazın köməyindən istifadə etməyi qərara aldım. Eşitdiyimə görə qazdan zəhərlənmək çox şairanə olurmuş. Otağın bütün dəlmə - deşiyini bağlayıb qaz borusunu axıra qədər açdım və kresloya oturdum. Cəsədimi ciddi bir şəkildə tapsınlar deyə, ləyaqətlə bir vəziyyət aldım və Əzraili gözləməyə başladım.

Günorta gəlib çatdı, axşam oldu. Canım çıxmırdı ki, çıxmırdı. Bu vaxt bir yoldaşım içəri girdi.
- Girmə! – deyə bağırdım .
- Nə olmuşdur?
- Mən ölürəm.
- Sən ölmürsən, dəli olursan!

İntihar planım haqqında ona məlumat verdim. Yoldaşım qəhqəhə çəkdi.
- Lap gicsən, - dedi. – Bu borulardan qaz əvəzinə sadəcə hava gəldiyini hələ də bilmirsən?
Sonra məndən:

- Sən doğrudan da intihar etmək istəyirsən? – deyə soruşdu.
- Əlbəttə! – dedim.
- Sənə bir yaxşılıq etmək istəyirəm.

O mənə bıçaqçıların yanına gedib onlardan bir Bursa bıçağı almağı və yapon fədailəri kimi onu qarnıma soxub bağırsaqlarımı ovcuma tökməyimi tövsiyə etdi. Bu məsləhətinə görə yoldaşıma təşəkkür etdim və gedib ucu tığ bir Bursa bıçağı aldım. Düzü insanın şart deyə bıçaqla qarnını deşməsi də bir kişilik deyil. Üstəlik, cəsədini müayinə üçün “morq”a apardıqları zaman baxıb bağırsaqlarında qida naminə bir şey görməyəcəklər və həkimlərin yanında da nə qədər xəcalət çəkəcəksən. Amma, bununla belə, bıçağı qoynumda gizlədib sevinə - sevinə evə gəlirdim ki, iki polis məmuru məni qamarladı. Mən özümü onlara tanıtmağa çalışdım.
- Əfəndilər, xahiş edirəm, mənə qulaq asın. Mən dövlətə vergimi müntəzəm verirəm. Hökumət əleyhinə bir kəlmə söz danışmamışam. Mənim kimi namuslu bir adam...
Onlar sözümü ağzımda qoydular. Qoynumdakı bıçağı göstərib:
- Bu nədir? – deyə bağırdılar.
Sən demə, bunlar cinayətlərin qabağını almaqla məşğul olan adamlar imiş və mənim təhər – töhürümdən şübhələniblərmiş. Onların əlindən birtəhər xilas oldum. Öz–özümə:

- Eh Allahım, - dedim, - mövcud olan bu qanunların ucundan bu ölkədə yaşaya bilmədiyimiz bir yana, gördüyün kimi ölə də bilmirik! Buna dözmək olar?

Əzm və iradə sahibi mənim kimi olmalıdır. Bir dəfə ölməliyəm – demişəmsə, bunu həyata keçirəcəyəm. Gedib baqqaldan yoğun bir kəndir və bir qəlib sabun aldım. Kəndiri sabunladım, tavandakı halqaya bağladım. Sonra vergi idarəsinə girir kimi boynumu sabunlu ilməyə keçirib ayağımın altındakı stulu itələdim. Heç bir dəfə sallanmağa macal tapmamışdım ki, yerə sərildim. Sən demə ölkəmizdə bütün iplər çürük imiş və bizdə saf, möhkəm kəndir tapmaq heç mümkün deyilmiş.
Baqqala bunu dedim.

Mənə: - Sağlam mal olsa, bizə satarlarmı – dedi .
Artıq tamamilə başa düşdüm ki, intihar etmək heç cür mümkün olayacaq. Barı, heç olmasa yaşayım. Məlum məsələdir ki, yaşamaq problemi ən əvvəl qarından başlar. Mən də basdırma yumurtanı çox sevirəm. Restorana gedib əvvəl yumurta yedim, bir də konserv dolma, üstündən də makaron.
Sonra bir şirniyyatçı dükanına gedib beş pirojna yedim. Dükana bir qəzetsatan girdi.
- Oxumasan da al, torba qayırarsan.
Mən rəsmi dövlət qəzetlərini sevməsəm də, birini alıb evə gəldim. “Bir baxım görüm nə yazırlar“ deyə baş məqaləyə göz gəzdirirdim və həmin dəqiqə yuxu məni apardı.

Az sonra dəhşətli bir ağrıdan oyandım. Elə bil qarnıma bıçaq soxmuşdular. Dözə bilmədim. Bağırıb haray qaldırdım. Təcili yardım maşını gəldi və məni birtəhər xəstəxanaya apardılar. Bu zaman özümdən getmişəmmiş. Gözümü açanda başımın üstündə duran bir həkim mənə:

- Siz zəhərlənmisiniz, - dedi . – Həkimdən heç şeyi gizlətməzlər. Düzünü deyin görüm siz intihar etməmişdiniz ki?
- Doktor, elə xoşbəxtlik əlimizə düşməz, - dedim.
- Siz zəhərlənmisiniz. Deyin görüm nə yemisiniz?
- Basdırma yumurta.
Doktor üstümə çığırdı:

- Nə? Basdırma yumurta yemisiniz ? Siz dəli olmusunuz, nədir? Heç qəzet zad oxumursunuz? Orada basdırmadan zəhərlənənlər haqqında nə qədər xəbər olur. Amma bu basdırma zəhərinə oxşamır.Daha nə yemisiniz?
- Restorana getdim...
- Restorana? Yox,siz lap ağlınızı itirmisiniz. Yaxşı,orada nə yediniz...
- Konserv dolma...
- Bəs belə. Sonra?
- Makaron...pirojna.
- Bunlardan sonra əlbəttə ki, zəhərlənə bilərdiniz.Deyin görüm, daha nə yemisiniz?

- Vallahi, daha başqa şey yeməmişdim. Evə gəlib hakimiyyət başında olan partiyanın qəzetini oxuduğum zaman...
Həkim:

- Nə? - deyə bağırdı. - Dua et ki,qəzeti oxuyarkən ölməmisiniz. Yaxşı qurtarmısınız.

Xəstəxanada çıxdığım vaxt fikirləşdim: “Yaxşı, indi nə edəcəyik? Yaşamağa imkan vermirlər, ölməyə qoymurlar... Barı, rahat-rahat sürünə biləydik...”