Mən niyə Hüseynzadə olmadım?

men-niye-huseynzade-olmadim
Oxunma sayı: 3852

Nərmin Dadaşova


3-4 il öncə mütəmadi olaraq çap olunurdum. Nərmin Hüseynzadə imzası ilə. Sonra məlum səbəblərdən imzam-daha doğrusu soyadımla bərabər həyat tərzimi də dəyişdim. Hər şey o qədər fərqli idi ki, Hüseynzadə olaraq ərinməyib 4603 kilometr yolu burdan Fransaya gedib Feminist düşərgəsinə qatılmışdım. İddia edirdim ki, qadınlar və kişilər bərabərhüquqludur, hər ikisinin ictimaiyyətdə yeri və mövqeyi eyni dərəcədədir, hər ikisi ev işlərini eyni bərabərlikdə görməlidir, uşağa qulluq etmək təkcə qadının işi deyil və s.

Balaca qızımın sevimli yorğanı var, ondan başqa üstünə nəsə sərməyə icazə vermir. Mənsə israrla bu yorğanın nazik olduğunu düşünürdüm. Bir gün sakitləşmək üçün gecə boyunca 70 santimetrlik yorğanın bir ucunu üstümə sərib yatdım ki, uşağın üşüyüb üşümədiyini müəyyən edim. Nərmin Kamalın şeirindəki kimi, “Başın dəyən yerə başımı vurdum ki, nə qədər ağrıdığını bilim...” Bu hadisədən bir neçə gün sonra ilk dəfə yazıçı bir dostumuzun kitab təqdimatında iştirak etdim. Gördüyüm hamının ilk sualı “haralardasan?” oldu. “ Nə işlə məşğulsan?” dedilər, hətta iki daşın arasında Şərif Ağayar məni danladı da. Nə işlə məşğulsan sualına cavab verə bilmirdim. Çünki gördüyüm bir iş yox idi, uşaqlarla məşğul idim, ev işləri görürdüm və çox gec-gec bir-iki səhifə kitab oxuya bilirdim. Məmnun deyildimmi halımdan? Məmnun idim!

Sonra bu haqda uzun uzadı düşündüm. Mən niyə Nərmin Hüseynzadə ola bilmədim? Və cavab verdim: Ona görə Nərmin Hüseynzadə ola bilmədim ki, Dadaşova kimi özümü daha yaxşı ifadə edə bildim. Kəşf elədim ki, ola bilər mən yaxşı yazı yazıram, amma daha yaxşı paltar ütüləyə bilirəm, sürətlə kitab oxuya bilirəm, amma daha sürətlə çeşidli yeməklər bişirə bilirəm, şeir oxumaqdan zövq alıram, amma uşaqlarla oynamaqdan daha çox zövq alıram. Və məni Hüseynzadə olaraq davam etməyə qoymayan səbəblər elə bu “dahalar”dır. Bu illərdə bir şeyə əmin oldum, həyatını qadın, ya kişi kimi yaşamaq istəmək hər nə qədər hamının şəxsi qərarı olsa da, hər iki tərəfin vəzifələri özlərinə xasdır.

Həyat yoldaşımın işə geyinəcəyi köynəyi ütüləmədiyim üçün bütün Azərbaycan qadınların xas olan narahatlıqla açdım səhəri. Tələmtələsik ütü masasına tərəf qaçıb ehtiyatla köynəyi ütüləməyə başladım. İşimin qızğın yerində eyni səbəbdən səhəri tikan üstə açan rəfiqəm zəng vurdu. Telefonu çiynimlə qulağıma bərkidib köynəyi ütüləyə-ütüləyə söhbətləşməyə başladıq. Necə oldusa söhbət hərlənib-fırlanıb rəfiqəmin döyülərək sevgilisi tərəfindən öldülən homoseksual qonşusuna gəldi. Əksər həmvətənlərimiz kimi homofob olan rəfiqəm, rəhmətliyi ağ yuyub qara sərdi, danışa-danışa necə özündən çıxdısa “vay dədə, köynəyi yandırdım” deyib telefonu qapatdı. Açığı hər dəfə bu mövzudan söhbət düşəndə içimdə qəribə narahatçılıq hiss edirəm. Bir homoseksualın adının Hətəmpaşa olması, Azərbaycanda doğulması, transseksual olması üstəlik valideynlərinin bunu bilməməsi taleyin ironiyasıdırmı? Bəs bizi bu qədər narahat edən nədir? Biz xalq olaraq niyə homofobuq? Niyə hamının şorbasına bir çimdik duz da olsa atmasaq canımıza yer tapmırıq? Heç birimiz onu tanımırdıq. Nə düşündüyünü, niyə Hətəmpaşa yox, Ayla olmaq istədiyini də bilmirdik. Bildiyimiz, qadın olaraq yaşamağı seçmiş Hətəmpşanın bir kişi tərəfindən öldürüldüyü və bu hadisənin nə ilk, nə də sonudur. Ölüm səbəbi kimi müxtəlif bəhanələr gətirildi. Qısqanclıq, xəyanət, içki düşkünü olması və s. deyildi. Ancaq mənə görə əsl səbəb bu deyildi. Mənə görə əsl səbəb Hətəmpaşanın məhz qadın ola bilməməsi idi. Bir gerçək də var. Dünya artıq eynicinslilərin bərabərliynə “hə” deyir, onlara nikah bağlamağa icazə verən ölkələrin də sayı artmaqdadır. Bu hal bizimkilərə həyəcan təbili çaldırsa da, əminliklə deyirəm ki, bütün dünya qəbullansa da biz heç vaxt eynicinslərin bərabərliyini qəbul etməyəcəyik. Və bunun səbəbi heç bir zaman nə dini baxışımız, nə mentalitetimiz olacaq. Bunun səsəbi, Azərbaycan qadının, Azərbaycan qayınanasının qüdrəti olacaq.

Çünki bizim ölkədə ailə qurmaq üçün 3 əsas prinsip var: 1. Toy. 2. Düz bir ildən sonra dünyaya uşaq gətirmək (oğlan olması arzuolunandır) 3. Ərinin köynəyini ütüləməyi unutduğu üçün, evdəki bütün telefonlarda zəngli saat qurmaq. Bu prinsiplərə heç vaxt heç bir kişi, heç bir trans, heç bir Ayla, Ceyla, Şeyla ayaq uydura bilməyəcək!

Nə bilmək olar, bəlkə də Hətəmpaşa xəyanətin yox, məhz ütüsüz köynəyin qurbanı olub?