“Mən o şəkillərimlə fəxr edirəm” - Elza

men-o-sekillerimle-fexr-edirem-elza
Oxunma sayı: 634

- Elza, dəmir geyimdə fotoların birmənalı qarşılanmadı. Hər kəs bu fotolara ironiya ilə yanaşdılar. İncimədin ki?
- Mənə o insanlar rişxəndlə yanaşırlar ki, onlar başqa vaxt mənə təriflər yağdırır. Üzümə gülüb arxamca “vedrə qoşurlar”.

- Söhbət kimlərdən gedir. Bəlkə konkretləşdirək?
- Kim olacaq, sənət dostlarım. Dəfələrlə belə hadisələrin şahidi olmuşam; sənət dostlarım sosial şəbəkələrdə fotolarımın altından xoşagəlməz, təhqir xarakterli şərhlər yazıblar. Özü də həmin adamların kim olduğunu dəqiq bilirəm. Hətta bir dəfə onun kimliyini öyrənib, özünə də bu barədə bildirdim. O adam ulduz sənətçilərdən biridir. Çoxdur belələri.

- Məqsədləri nədir ki?
- Paxıllıq, gözügötürməzlik. Elza günü-gündən qabağa gedir, maraqlı obrazları ilə hər kəsi heyran qoyur, o adamlar da yanıb-yaxılır. Özü də onlar yaxşı bilirlər ki, mən intuisiyalı bir xanımam, ürəkləri oxuyuram. Gözümün içinə dik baxa bilmirlər, çünki yaxşı başa düşürlər ki, ciklərini də bilirəm, piklərini də. Onlar Allahın yazıq bəndələridir. Cızıqlarından çıxıb, özlərini pis kökə salmaqla, abır-həyalarını çölə qoymaqla reklam olunurlar. Şükür Allaha, mən öz cızığımdayam, o cızıq çərçivəsində oxuyuram, göylərdə uçuram, qanadlanıram. Əndamımı bayıra qoyub reklam olunmuram ki?

- Bu fotolarla nə demək istəmisən ki? De, onlar da başa düşsün?
- Onlar heç vaxt belə sənət əsərlərini başa düşə bilməzlər. Amma sənə deyim ki, bu fotolar mənim “Dəmir qızılgül” adlı konsertimdə çəkilən şəkillərdir. Orda mənim üzümə, saçıma aliminium tozu səpiblər, dəmir paltarlar geyinmişəm. Bu, bir obrazdır. Demək istəmişəm ki, Azərbaycan qadını dəmir olsa da, ətir saçan gül kimidir. Elə mən özüm də bir çiçəyəm. Dəmir paltarı geyinən bir çiçək. Belə incə məqamları sənət dostlarım qana bilməz.

- Bu fotolardan sonra sənə telefon açıb, açıq şəkildə fikir bildirənlər oldumu?
- Bəs nə, o qədər fanatlarım zəng elədi ki. Hamı mənim o fotolarıma heyran qaldığını dedi. Dedilər ki, bu şəkilləri indi niyə ortaya çıxarmısan, gərək çoxdan çıxaraydın. Mən onlara başa saldım ki, bu fotoları mən yaymamışam, fanatlarım yayıb. Mən bu fotolardan sonra bir daha başa düşdüm ki, mənim nə qədər sevənlərim var. Hələ harasıdır, mən bu cür layihələrimlə hələ çox sənətçilərin “kürkünə birə salacağam”. Qoy görsünlər ki, Azərbaycanda necə yenilikçi sənətçilər var. Mən o şəkillərimlə fəxr edirəm.

- Elza, o fotoları çəkdirəndən sonra üz-gözündəki, saçındakı aliminium tozunu necə təmizlədilər, çətin oldu?
- Sənətim üçün bütün çətinliklərə hazıram. O toz boyanı üzümdən yuyub canlı yayıma getmişəm. Kəsəsi, o fotolar mənim üçün çox qiymətlidir.