Mən qorxuram...

men-qorxuram
Oxunma sayı: 2247

Kənan Hacı

Neçə illərdir ki, biz “insanlar kitab oxumur” deyə dad döyürük, mütəmadi kitab yarmarkaları keçirilir, sosial şəbəkələrdə kitab təbliğ olunur, insanlarda kitaba maraq oyatmaq üçün fləşmob təşkil olunur, insanlara kitablar hədiyyə olunur. Di gəl, vəziyyət yaxşılığa doğru dəyişmir ki, dəyişmir. Kitaba biganəlik daha da əcaib formalarda təzahür edir, adamlarda kitaba qarşı qəribə bir ikrah hissi var ki, bu hiss az qala, virus kimi toplumun içərilərinə doğru sürətlə yayılmaqdadır.

Metroda kitab oxuyarkən dəfələrlə ətrafın istehzalı baxışlarını öz üzərimdə hiss etmişəm, eynimə almasam da bu cahil baxışlar məni vahimələndirib. Həm də içimdə dərin bir təəssüf hissi yaranıb, düşünmüşəm ki, bu adamlar, məsələn, “Anna Karenina”nı, “Karamazov qardaşları”nı oxumadan dünyadan köçüb gedəcəklər. Onların da əvəzinə oxumaq, oxumaq, oxumaq istəyirsən. Bizim insanımız, dünya ədəbiyyatı bir yana, Mirzə Cəlilin, Haqverdiyevin balaca bir hekayəsini belə oxumağa ərinir. Beyinlər quyu kimi qaranlıqdır, qaranlıq olan yerdə isə cəhalət kök atır. Cəhalət beynin bütün sağlam toxumalarını sıradan çıxarır, insan düşünə, həyatını dəyişə bilmir. Ən dəhşətlisi isə odur ki, cahil olduğunu anlaya bilmir.

Heç bir sübutla, faktla ona cahil olduğunu sübut edə bilmirsən. Cahil insan isə potensial cinayətkardır. Bunu dəfələrlə yazmışam, yenə təkrar yazıram, kitab oxumayan insan hər cür cinayəyi törətməyə qadirdir. Mətbuatda hər gün ailə münaqişələri zəminində qətllərlə bağlı informasiyalar oxuyuruq. Oğul atanı öldürür, kişi arvadını doğrayır, gənc oğlan sevgilisini vəhşicəsinə döyür və sonra qətlə yetirir. Bu adamlar son çarəni öldürməkdə görürlər. Sivil cəmiyyətdə bu kimi halların baş verməsi utancvericidir.

Dəfələrlə hansısa bir hadisəyə cahil münasibət görəndə həmin adama səhv düşündüyünü sadə dillə, konkret nümunələrlə izah etməyə çalışmışam. Səd əfsus! Nə qədər sadəlövh imişəm. Bu tipli adamları islah etmək üçün

onların beynini dəyişmək lazımdır. Beyin zəhərlənib və düşünmək qabiliyyətini itirib. Onların yetişdiyi mühit o qədər təhlükəlidir ki, bərkini tutsan, sənə təcavüz belə edə bilərlər. Belə yerdə maarifçi didaktika yerimir. Bizdə maarifçi şüur hələ də inkişaf etməyib. Bunun əksini düşünənlər ucqar kəndlərdəki vəziyyətlə tanış olsalar, nə qədər yanıldıqlarını görəcəklər. Əyalətlərdə yetkinlik yaşına çatmamış, doğru-dürüst təhsil almağa belə macalı olmamış qız uşaqlarını gözüyumulu ərə verən nə qədər valideynlər var.

Nəcəf bəy Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” pyesi var, böyük dramatuq bu əsəri yüz qırx il bundan əvvəl yazıb. Ata övladlarını oxutmaq istəyir, korazehin, fərsiz övladlar isə heç cür oxumaq istəmirlər. Ata isə mübarizə aparır, övladlarını söyür, yamanlayır, axır dözməyib onlardan birinə əl qaldırır.

Belə olanda oğul da ataya əl qaldırır. Bu gün ev tərbiyəsinin bundan da əcaib və faciəli şəkilləriylə üzləşirik. Səbəb oxumaq istəməməyimizdir. Təhsilsiz, mütaliəsiz cəmiyyətlə mübarizədə Nəcəf bəyin Fəxrəddini məğlub oldu. “Elmdə, sənətdə geri qalan millət bizim günümüzə düşər”. Bunu Fəxrəddin onu öldürmək istəyənlərə qarşı deyirdi. Öldürdülər onu...

Mən elmsiz, mütaliəsiz, kitaba nifrət edən insanlardan qorxuram.