Mənasız Sponsor vaxtı

menasiz-sponsor-vaxti
Oxunma sayı: 1063

Fərid Hüseyn

Televiziyalarımızın bəzilərində “sponsor vaxtı” mənə bazarları xatırladır. Aparıcılar reklam verən şirkətləri elə tərifləyirlər, elə tərifləyirlər, elə bil bütün dünyanı həmin malla ölkəmiz təmin edir. Məlum məsələdir ki, reklamlar Azərbaycan dilində gedirsə, deməli, ünvanlandığı xalq da bizik və deyim ki, devalvasiyadan sonra alacağımız malı biz yox, cibimiz seçir. Belə olan təqdirdə bir balaca aşağıdan danışmaq olar...

Verilişlərin duzsuz yerində bir də görürsən ki, aparıcılar əlinə nəyisə götürüb başlayırlar “nağıl danışmağa”. Axırı da belə qurtarır ki, siz də bundan istifadə edin, mən də bundan işlədirəm.

Kamal Sunalın “Yüz numaralı adam” filmini yəqin xatırlayırsınız. Qəhrəman çəkildiyi reklamlardakı malların heç birindən istifadə etmir, çünki çoxu keyfiyyətsizdir və axırda vicdan əzabına görə reklama çəkilməkdən imtina edir. O xalqın gözü qarşısında durmaqdansa, xalqın yanında durmağı üstün tutur.

Bir saatlıq verilişdə 3-4 dəfə “Sponsor vaxtı” elan edib tamaşaçıların zəhləsini tökməyə, daha sonra reklam vaxtı bir də həmin reklamı dəfə-dəfə göstərməyə nə ehtiyac var ki? Məgər başqa ölkələrdə reklam vermirlər, pul qazanmırlar?

Məsələnin bir tərəfi bəzi televiziyaların bütün cür reklam vermək şərtləri ilə razılığı, digər tərəfi isə aparıcıların “ürəklə” reklam edərək sponsoru öz aləmində qazanması, belə desək əndazəni aşaraq yarınmasıdır. Nədənsə bizdə yaltaqlanmağın dozasını bilmirlər, bir var qələmini yaltaqlıq mürəkkəbinə batırasan, bir də var, mürəkkəblə oynayan uşaq kimi bütün üst-başını, üz-gözünü bulaşdırasan. Nədənsə biz batıb-bulanmağa meylliyik...

Məsələnin, ikinci də tərəfi də var: Bunu onlardan tələb edən sponsorlar bəs özləri verilişlərə baxanda düşünmürlərmi ki, onların məhsullarını necə bayağı təqdim olunur? Axı bütün bunlar müəyyən qədər onların da imici deməkdir.

“Pul verən hər zaman haqlıdır” fikri al-ver mühitində keçərlidir, ancaq televiziya, veriliş axı başdan sona al-ver ünvanı deyil, bir az da mənəviyyat ünvanıdır. Pulu verən hakim olmamalıdırsa da, hər halda hər iki tərəf öz imicini lazımı qədər qorumalıdır.

Olmaya bu hansısa mənada, televiziyaya baxan kütlənin səviyyəsini aşağı hesab etdiklərindədir ki, belə “qol-qanad” açırlar. Bir də görürsən kürk reklamlarını yayda belə təqdim edirlər, daha sonra həmin malın dəbindən danışırlar. Alıcı neyləsin, gedib yaydan qışa kürk alsın, bir mövsüm saxlasın? Bəs onda bunun harası dəb oldu? Yəni adi məntiq belə yoxdur ki, təqdim edilən malın urvatını daha da artırsın.

Nə isə... görünür, əsas məsələ satmaqdır... nəyi... necə...