“Məncə, bu qərar düzgün deyildi” - Zaur Svanadze

mence-bu-qerar-duzgun-deyildi
Oxunma sayı: 1123

Bu gün Topaz Premyer Liqasının 6-cı turunda iki oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Zirə” öz meydanında “İnter”lə (1-1) bərabərə qalıb.  Qarşılaşmadan sonra hər iki baş məşqçi oyunla bağlı fikirlərini bölüşüblər.

İlk olaraq Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb.

- İlk hissədə yaxşı oynadıq. Mübarizə apardıq. Hər şey qırmızı vərəqəyə kimi yaxşı getdi. “Zirə” yaxşı komandadı. İkinci hissədə çox təzyiq etdilər. Zirədə bir xal qazanmaq yaxşı nəticədi. Uşaqlara təşəkkür edirəm. Bizi qarşıda çətin oyunlar gözləyir.

 - Hakim idarəçiliyindən razı qaldız? İlkin Qırtımov qırmızı vərəqə aldı. Buraxdığınız qolda da sanki top qapı xəttini keçmişdi...

- Qol epizodunda dəqiq bir şey deyə bilmərəm. Təkrarı izləməliyəm. Həmin epizoda yan xətt hakimi daha yaxın idi. O ki qaldı qırmızı vərəqəyə, İlkinin ilk sarı vərəqə aldığı epizodda ona vərəqə verilməyə bilərdi. Məncə, bu qərar düzgün deyildi.

 - “İnter”də maddi cəhətdən problem olduğu vəziyyətdə İlkinə cəza veriləcək?

- Xeyr, belə cəza verilməyəcək.

- Nizami Hacıyevin zədəsi nə yerdədi? Vəziyyətinin ağır olduğu görünürdü...

- Növbəti oyunda Qırtımov cəza səbəbindən oynamayacaq. Nizaminin də zədəsi ciddi görünür. Çox güman ki, o da oynaya bilməyəcək.

 - Nizaminin zədəsi xronikidi?

- Əzələsində yırtıq var deyəsən. Yaxşı ki, qarşıda fasilə var. Yəqin ki, bu müddətdə sağalar.

 

Ayxan Abbasov isə oyunun çətin keçdiyini bildirib.  

- Çətin oyun oldu. Bunu gözləyirdik. “İnter”lə oyunlarımız həmişə gərgin keçir. Bu matça yaxşı hazırlaşmışdıq. Rəqibin standart vəziyyətlərdə yaxşı oynadığını bilirdik. Buna xüsusi hazırlaşmışdıq. Lakin təəssüf ki, qolu məhz standart vəziyyətdən buraxdıq. Rəqib azlıqda qaldıqdan sonra üstünlüyü ələ aldıq. Qol da vurduq. Ancaq hesabı xeyrimizə dəyişə bilmədik. Rəqibin də bir neçə fürsəti oldu. “İnter” çempionatda ən yaxşı müdafiə olunan komandalardandı.

 - Videotəkrarda qol epizodunda topun qapı xəttini keçdiyi aydın görünürdü...

- Həmin epizodun təkrarına baxmamışam.

- Həftə ərzində bir neçə gün Belarusda olduz. Düşünmürsüz ki, bugünkü oyunda xal itkisində bunun da rolu oldu?

- Belə düşünmürəm. Bizim komandada güclü nizam-intizam var. Mənim olmamağımın ciddi təsiri yoxdu. Cəmi 2 məşqdə olmamışam. Sadəcə, birinci pillədə qərarlaşdıqdan sonra bəzi oyunçularda özünə əminlik yaranıb. İlk hissədə meydanda istədiyim oyunu, mübarizəni görmədim. Fikrimcə, buna səbəb də məhz bəzi oyunçularda rahatlıq yaranmasıdı. Lakin ikinci hissədə oyunçularımda istədiyim əzmkarlığı gördüm. Məğlub olsaydıq belə, bu oyundan razı qalacaqdım. Elə məhz ikinci hissədəki oyuna görə futbolçularıma təşəkkür etdim.

- Nicat Qurbanova bir qədər sərt reaksiya göstərdiz. Onu cəza gözləyir?

- Hər bir klubun intizam kodeksi var. Ona uyğun addım atırıq. Düzdü, rəqib onu zədələmişdi. Lakin heç bir futbolçuya ixtiyar verməmişik ki, hakimlə mübahisə etsin.